Azərbaycanda “Siyasi partiyalar haqqında” qanuna dəyişikliklər hazırlanıb və baxılması üçün beynəlxalq təşkilatlara verilib. Daha sonra dəyişikliklərlə bağlı təkliflər Milli Məclisə təqdim ediləcək.
Bu barədə danışan YAP icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, dəyişiklik iki məsələ ilə bağlıdır:
“Bu məsələlərdən biri siyasi partiyaların maliyyə hesabatları, digəri isə partiyaların fəaliyyəti ilə bağlıdır. Dövlətdən maliyyələşən və maliyyələşməyən siyasi partiyalar ildə bir dəfə Mərkəzi Seçki Komissiyasına hesabat təqdim etməlidirlər. Bu hesabatlar MSK-nın internet səhifəsində yerləşdirilir. Həm siyasi partiyaların üzvləri, həm də ictimaiyyət bu hesabatlardan siyasi partiyaların maliyyəsinin mənbəyi, eyni zamanda, maliyyənin xərclənməsi ilə bağlı məlumat əldə edirlər”.
Siyavuş Novruzov deyib ki, qanuna təklif edilən digər dəyişiklik siyasi partiyaların fəaliyyəti ilə bağlıdır:
“Bir sıra siyasi partiyaların adı var, demək olar ki, fəaliyyət göstərmirlər. Belə hallar da var ki, bu partiyalar bir sıra imkanlı adamların alqı-satqısına obyektinə çevrilir, yəni partiyanı siyasi təşkilat kimi istifadə etmirlər. Dünyanın hər yerində 2 il fəaliyyət göstərməyən partiyanın qeydiyyatı ləğv olunur. Biz də bununla bağlı qanuna dəyişiklik hazırlamışıq”.
Modern.az saytı bəzi müxalifət partiyalarının Siyavuş Novruzovun bu açıqlamasına və “Siyasi partiyalar haqqında” qanuna ediləcək dəyişikliklərlə bağlı reaksiyalarını öyrənib.
Azadlıq Partiyasının sədri Əhməd Oruc deyib ki, bu gün Azərbaycanda hakim partiya istisna olmaqla, müxalifət partiyalarının fəaliyyəti üçün şərait yoxdur:
“Dünya ölkələrində siyasi partiyalara dövlət adamı yetişdirən institut kimi baxırlar. Bu baxımdan xarici dövlətlərdə dövlət siyasi partiyaların fəaliyyətinin güclənməsində maraqlıdır və rəsmi şəkildə siyasi partiyalara maddi, mənəvi və siyasi dəstək verirlər.
Azərbaycanda isə bütün mümkün vasitələrlə müxalif olan siyasi partiyaların fəaliyyətini məhdudlaşdırmağa çalışırlar”.
Partiya sədri siyasi partiyaların taleyinin Siyavuş Novruzova həvalə edilməsindən təəssüfləndiyini bildirib:
“Əgər ölkədəki siyasi partiyaların taleyi Siyavuş Novruzovdan asılıdırsa, ona elə o təşkilatlar bağlansa yaxşı olar. Siyavuş Novruzovun siyasi partiyalarla bağlı bu cür açıqlamalarını tam ziddiyyət hesab edirəm”.
Əhməd Oruc Siyavuş Novruzovun “hesabat verən partiyaların bəzilərinin məlumatlarında isə maliyyənin sıfıra bərabər olduğu göstərilir. Amma həmin partiyaların qərargahlarında onlarla insan çalışır, avtomobilləri, cangüdənləri var. Bu baxımdan da qanuna əlavə təklif edilir ki, maliyyə hesabatı verməyən siyasi partiyalarla bağlı qanuni tədbirlər görülsün” fikirlərinə bu cür münasibət bildirib:
“Bizim maliyyəmiz var ki, hesabat verək? Fəaliyyəti olmayan siyasi partiyalardan maliyyə hesabatı sorarlar? Tutaq ki, mənim maşınım varsa, gətirib onu Siyavuş Novruzova verməliyəm?..
Bizim cangüdənlərlə gəzməyə ehtiyacımız yoxdur. Qanunla dövlətin siyasi partiyalara ayırdığı pulu vermirlər, amma hesabat tələb edirlər”.
Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı deyib ki, Azərbaycanda müxalif siyasi partiyalarının bu gündən sonra ləğv edilməsi heç bir əhəmiyyət daşımır:
“Güya bu günə qədər siyasi partiyalara hansı şərait yaradılıb ki? Bundan sonra da onların ləğv edilib-edilməməsinin heç bir mahiyyəti yoxdur. Tutaq ki, qanun qəbul edildi və siyasi partiyalar ləğv olundu. Nə dəyişəcək ki?..
Onsuz da siyasi partiyalar bağlanmış kimi bir şeydir. Hökumət müxalifətdəki siyasi partiyalara heç bir maddi və mənəvi dəstək verməyib”.
Partiya sədri bildirib ki, hakimiyyət özündən başqa heç bir siyasi qurum tanımır:
“Hakimiyyət özündən başqa heç bir siyasi qurumu tanımır. O baxımdan “Siyasi partiyalar haqqında” qanuna dəyişiklik edilib-edilməməsinin heç bir mənası qalmayıb”.
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn isə deyib ki, “Siyasi partiyalar haqqında” qanunda hansı dəyişikliklər öz əksini tapsa, ona da uyğun işlərini quracaqlar:
““Siyasi partiyalar haqqında” qanunda partiyaların yaradılması, fəaliyyəti, yaxud ləğvi barədə hansı prosedurlar dəyişəcəksə, ona da uyğun siyasi partiyalar fəaliyyət göstərək və ya ləğv olunacaqlar.
Qanun necə olacaqsa ona uyğun da işimizi quracağıq. Yəqin ki, qanuna dəyişiklik edildikdən sonra hansı partiyaların ləğv ediləcəyini görəcəyik”.
Ağa AKİFOĞLU