Modern.az

Tərtərdə içməli su təchizatı yaxşılaşdırılır

Tərtərdə içməli su təchizatı yaxşılaşdırılır

Aktual

28 Avqust 2018, 16:49

“Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan RespublikasınınPrezidentinin 09 aprel 2018-ci il tarixli Sərəncamına uyğun olaraq cəbhəyanı bölgədə yerləşən Tərtər rayonunun 4 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılır.

Modern.az xəbər verir ki, Tərtər rayonunda icra olunan layihə 5 minədək sakinin yaşadığı Mamırlı, Poladlı, Təzəkənd və Evoğlu kəndlərini əhatə edir. Cəbhə bölgəsinə yaxın ərazidə yerləşən bu kəndlərin sakinləri  uzun illər içməli su qıtlığından əziyyət çəkib. Sakinlər içməli suya olan tələbatlarını əsasən daşıma yolu ilə, eləcə də quyu sularından istifadə etməklə  ödəyirdilər. Bütün bunlar nəzərə alınaraq “Azərsu” ASC tərəfindən bu kəndlərin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihə hazırlanıb və cari ilin iyun ayından tikinti-quraşdırma işlərinə başlanılıb. 

Layihəyə əsasən, sakinləri içməli su ilə təmin etmək üçün hər kənddə 1 subartezian quyusu olmaqla 4 quyunun  qazılması nəzərdə tutulub. Eyni zamanda kəndlərdə 22 km uzunluğunda magistral su xətlərinin, əhalinin ümumi istifadəsi üçün 106 ədəd su bulağının tikintisi nəzərdə tutulub. Qısa müddət ərzində bu kəndlərdə 2 subartezian quyusu qazılıb, 18 km su xətti çəkilib, 90 ədəd bulaq quraşdırılıb.  Artıq Mamırlı və Poladlı kəndlərində layihənin icrası yekunlaşıb, digər kəndlərdə yeni infrastrukturun yaradılması işləri cari ilin sentyabr ayının sonunda tam başa çatdırılacaq.

Qeyd edək ki, Prezident İlham Əliyevin “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 9 aprel 2018-ci il tarixli Sərəncamına əsasən, respublikanın 13 rayonunun 30 yaşayış məntəqəsində içməli su layihələrinin icrası nəzərdə tutulur. Eyni zamanda dövlət investisiya layihələri çərçivəsində 8 rayonunun 16 yaşayış məntəqəsində  su layihələri icra edilir.

Ümumilikdə 2018-ci ildə 21 rayonun 46 yaşayış məntəqəsində 65 minədək sakinin içməli su təchizatı yaxşılaşdırılacaqdır. Artıq 10-a yaxın kənddə layihələrin icrası başa çatıb və 15 minədək kənd sakininin içməli su problemi həllini tapıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı