Modern.az

“Qoca qitə”nin xilaskarı və vazkeçilməz ölkə

“Qoca qitə”nin xilaskarı və vazkeçilməz ölkə

Актуально

3 Sentyabr 2022, 16:20

Cənab Prezidentimiz İlham Əliyevin İtaliya Respublikasına səfəri, keçirilən ikitərəfli danışıqlar, imzalanan sənədlər və Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci Beynəlxalq Çernobbio Forumunun plenar iclasında “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda etdiyi nitqi məzmununa, mahiyyətinə və əhəmiyyətinə görə ikitərəfli münasibətlər çərçivəsini aşaraq çoxtərəfli, qlobal, strateji məna kəsb edir. Dərin təhlilə getmədən fikrimcə, nitqdən çıxarılan bəzi başlıca nəticələr aşağıdakılardan ibarətdir:

 

- Bu gün Azərbaycan, Avropa və dünya üçün ən vacib olan enerji təhlükəsizliyinin təminatı məsələsinin təməlini Azərbaycan Respublikası ulu öndər Heydər Əliyevin rəhbərliyi altında hələ 1994-cü il 20 sentyabrda “Əsrin müqaviləsi”ni imzalamaqla qoyub. Sanki bu günkü təhdidləri öncədən görərək ən uğurlu tədbirləri əvvəlcədən alıb və üç mərhələdən keçərək enerji ehtiyatlarının nəqlini şaxələndirib, dayanıqlı və etibarlı edib;

 

- Avropanın şərqində gedən müharibə nəticəsində enerji təchizatı sarıdan ağır vəziyyətə düşən Avropa ölkələri Azərbaycana möhtacdır. Azərbaycan “qoca qitə”nin xilaskarına çevrilir. Prezidentimiz yürütdüyü siyasətlə göstərdi ki, dövlətin dünya siyasətində xüsusi rol oynamasından ötrü başlıca amil ərazisinin həcminin böyüklüyü və əhalinin sayının çox olması deyil, yürüdülən siyasətdir. Azərbaycan nəinki özünün üçün enerji təhlükəsizliyini təmin edib, eyni zamanda Avropanı donmaqdan xilas edən dövlətdir;

 

- Azərbaycanın dövlət başçısı təhsilimizin inkişafını qabaqcıl təhsil sistemləri ilə əməkdaşlıqda görür. İtaliya-Azərbaycan Universitetinin yaradılması, ADA Universitetinin İtaliyanın beş aparıcı universiteti - Luiss Universiteti, Turin Politexnik Universiteti, Milan Politexnik Universiteti, Bolonya Universiteti və Romanın Sapienza Universiteti ilə tərəfdaş olması ümumi xətti göstərir;

 

- Əgər Rusiya-Ukrayna müharibəsi başlayana qədər Türkiyə, Gürcüstan, İtaliya, Bolqarıstan və digərləri Azərbaycandan qaz alırdılarsa, müharibə başlayandan sonra Azərbaycan qaz ixracının həcminin artırılması və ya ixraca başlanılması haqqında 10-dan artıq ölkədən rəsmi müraciətlər alıb. Bu isə enerji məsələlərinə dair dərin dialoqu zəruri edir. Deməli, qarşıdakı aylarda Azərbaycan yeni dialoq məkanına çevriləcək, dünyanın gözləri Bakıya dikiləcəkdir;

 

- Enerji təhlükəsizliyi milli təhlükəsizliyin tərkib hissəsi olduğundan, onu bəyanatlarla təmin etmək çətin olduğundan dialoq prosesi ardınca siyasi, təhlükəsizlik və müdafiə tədbirlərini gətirəcəkdir. Beləliklə, Azərbaycana ehtiyac daha da artacaq, yaxşı tərəfdaşları olacaqdır;

 

- Rusiya-Ukrayna müharibəsininin nəticəsinin necə olmasından asılı olmayaraq dünya artıq əvvəlki kimi olmayacaqdır.Dövlət başçımızın nitqindən çıxarılan bir nəticə də ondan ibarətdir ki, Azərbaycan dövləti yarana biləcək bütün şəraitlərə hazırdır, dövlətimizin və millətimizin gözəl gələcəyi vardır.

 

Musa Qasımlı,

Milli Məclisin deputatı, professor

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı