Modern.az

İlahiyyatçı Tale Bağırova görə məscid bağlanır

İlahiyyatçı Tale Bağırova görə məscid bağlanır

Aktual

3 Aprel 2013, 17:17

Maştağa qəsəbəsindəki “Həzrəti Əbülfəz ağa” məscidi bağlanır. Nardaran dindarlarından Modern.az saytına verilən məlumata görə, son vaxtlar məscidin bağlanacağı ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Qafqaz Müsəlmanları İdarəsindən orada ibadət edən insanlara və məscidin dini icmasına təhdidlər olub.
“Son günlər isə Sabunçu rayon İcra Hakimiyyəti və rayon hüquq-mühafizə orqanlarından məscidin bağlanacağı ilə bağlı konkret xəbərdarlıq edilib və bu istiqamətdə hazırlıq tədbirləri görülür”-deyə nardaranlı dindarlar qeyd ediblər.

Xatırladaq ki, son zamanlar adıçəkilən məsciddə 3 gün əvvəl narkotik ittihamı ilə həbs olunan ilahiyyatçı hacı Tale Bağırovun çıxışları olub.

Qeyd edək ki, Maştağa qəsəbəsində yerləşən məsciddə fəaliyyət göstərən dini icma 2010-cu ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydə alınıb.

İlahiyyatçı Hacı Tale Bağırzadənin martın 31-də həbs olunması ölkənin bəzi bölgələrində etirazlar doğurub. Əvvəlcə aprelin 1-də Bakının Nardaran qəsəbəsinin sakinləri «İmam Hüseyn» meydanına toplaşaraq həbsdən qəzəbləndiklərini bildiriblər. Aprelin 2-də eyni narazılıq Lənkəranda da səslənib. Axşam namazından sonra «Hüseyniyyə» məscidinin önünə toplaşan dindarlar Hacı Talenin həbsini pisləyiblər.

İndi çoxlarını bir sual düşündürür: Tale Bağırzadə kimdir?  
 
"Azadlıq" radiosunun məlumatına görə, onun 29 yaşı var. Bakıda doğulub. Əslən İsmayıllının Lahıc kəndindəndir. Evlidir, 2 oğlu var. Həm dünyəvi, həm də dini təhsil alıb. Azərbaycan İqtisad Universitetini bitirib.  2005-2010-cu illərdə İranın Qum şəhərində dini təhsil alıb. 2010-cu ildən, 2011-ci ilin mayınadək İraqın Nəcəf şəhərində dini təhsilini davam etdirib.
 
Hacı Tale dini təhsilini bitirib Azərbaycana döndükdən az sonra  – Təhsil Nazirliyinin qarşısında «Hicab qadağasına yox!» aksiyasına qatıldığına görə həbs edilib. İlyarıma yaxın məhbəsdə qalan Tale Bağırzadə cəmi 4 ay olar ki, azadlığa çıxmışdı.
 
O bu 4 ayda Azərbaycanın ayrı-ayrı rayonlarına gedərək dini moizələr oxuyub. Əyalətlərdə sonuncu belə moizəni Ağsu şəhərində şəxsi həyətlərin birində söyləyib. Həmin gün Ağsu polisinin ona şəhər məscidində moizə oxumağa imkan vermədiyi də söylənilir.
 
Sosial şəbəkələrdə və bəzi KİV-lərdə onun həbsinə səbəb kimi məscidlərdən birindəki və Youtube-da yayılan moizəsi göstərilir. Hacı Tale həmin moizəsində vurğulayırdı ki, onu həbslə öz yolundan döndərmək olmaz.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı