Günorta saat 1-dir. Həmişəkindən fərqli olaraq bu dəfə Modern.az əməkdaşı olaraq “Azdrama”ya tamaşaya baxmaq üçün yox, hər zaman oynadığı rolları aclıqla izlədiyim Siyavuş Aslanın son mənzilə yola salınmasından reportaj hazırlamaq üçün gəlmişəm.
...Teatrın qarşısında tək-tük aktyorlar gözələyir. Elə içəridə də 10-15 jurnalistdən və o sayda da aktyordan başqa kimsə gözə dəymir. Tədricən qələbəlik olur bura. Əməkdar artist Kazım Abdullayev isə bir kənarda dayanıb kimləsə söhbətləşir. Siyavuş Aslan haqda xatirələrini soruşuram. Hiss olunur ki, doğrudan da təsirlənib. Bəzi həmkarlarından fərqli olaraq. Bu haqda bir qədər sonra. Ümumiyyətlə, bir məqamı qeyd edim ki, məhz bu mərasimdə teatr aləmində nə qədər qeyri-səmimim mühitin hökm sürdüyünü bir daha şahidi oldum. Sanki aktyorlar bir-birinin jurnalistlərə açıqlama verməsinə də qısqanclıqla yanaşırlar: “Bu gün doğrudan da çox gözəl insanı, aktyoru, atanı itirdik. Təəssüf edirəm ki, indiyə kimi onunla tərəf müqabili ola bilmədim. Bu, Azərbaycan üçün çox böyük itkidir. Son dəfə onu iki ay əvvəl bulvarda görmüşdüm. Onda səhhəti yaxşı idi, çıxıb gəzirdi. Axır vaxtlar isə heç kimi tanımırdı. Özü də pis olurdu, biz də pis olurduq deyə yanına gedə bilmirdik”.
Xalq artisti Zərnigar Atakişiyeva də kədərli görünür.
“Böyük sənətkar, sənət fədaisinin dəfn gününə yığışmışıq. Hər birimizin qəlbində böyük kədər və iztirab var. Qəlb hələ də Siyavuşun yoxluğunu qəbul eləmir. Böyük sənətkar, milyonlarla tamaşaçını ovunduran, ovsunlayan Siyavuş həyatını itirdi. Allah ona rəhmət eləsin”.
Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanov sənətkarla yetərincə işlər görüb:
“Onunla uzun illər eyni kollektivdə çalışmışam. İrili-xırdalı tamaşalarımda rol oynayıb. Onun böyük sənətkar olmasını hamı bilir. Özünün dediyi kimi 25 yaşından Azərbaycanda çox populyar şəxsiyyət olub. Amma yaşlı vaxtlarında anlayırdı ki, populyarlıq ona mane olur. Ən birincisi hər yaş dövrünün öz yaradıcılıq etapı olur. Siyavuş nə oynasa da, tamaşaçı ondan gülüş tələb edirdi. Özü isə dramatik rollar istəyirdi. Nəhayət, onun 70 illik yubileyində “Kaş araba aşmayaydı” tamaşasını səhnələşdirməyə qərar verdik. Bu tamaşada o bütün bu satiranın, komizmin içində öz dramatizmini oynadı. Ondan sonra anladı ki, dramatik yox, xarakterik aktyordur, güldürməklə yanaşı, düşündürməyi də bacarır. Artıq uzun müddətdir ki, xəstə idi. Təxminən 2-3 il əvvəl görmüşdüm onu. Xəstəxanada olanda da getdim, qəbul eləmədi. Ölkə rəhbərliyi sağ olsun ki, Siyavuş Aslana qarşı diqqət və qayğı göstərib. Ona “Şərəf” ordeninin təqdim olunması çox böyük hadisədir. Siyavuş 4-5 ildir səhnəyə çıxmasa da bütün dövrlərdə elədiklərinin qiymətini alıb”.
Bu arada teatrın direktoruİsrafil İsrafilov xalq artisti Nurəddin Mehdixanlıya bərk hirslənib.
O, aktyor Aslan Şirini yanına çağırır: “Aslan, get ona başa sal ki, arxasını camaata çevirib müsahibə verməsin. Gəlsin foyedə danışsın. Dəhşətdir e bu!..”
Deyəsən, Aslan Şirin direktorun tapşırığını yerinə yetirə bilmədi. Direktor daha bərk əsəbiləşir və bu dəfə başqa aktyor axtarır. – Bir düz-əməlli adam tapa bilmədim də. Sabir (əməkdar artist Sabir Məmmədov - İ.V.), get, ona de ki, orda müsahibə verməsin”. Axır ki, direktoru müsahibə verməyə razılaşdıra bilirəm. Deyəsən, həmkarlarım da bu məqamı gözləyirmişlər. Dərhal bizi mühasirəyə alırlar. “Mən Siyavuş Aslanı tələbəlik illərimdən tanıyıram. Siyavuş o sənət adamlarındandır ki, hər zaman bədii estetik formada olub, sənəti ilə təəccübləndirməyi bacarıb. Onun sevilməyinin səbəbi də budur. Siyavuş Aslanın zəif rolunu xatırlamaq çox çətindir. Çünki belələri yoxdur. İnsan kimi çox mehriban, müdrik, dünyagörmüş adam idi. Bu, çox böyük sənət itkisidir. O komediya janrının nəhəng sənətkarı idi. Belə sənətkarlar hər əsrdə yetişmir. Tamaşaçılarımız da hər zaman onu özləyəcəklər”. “Son zamanlar belə fikirlər var idi ki, səhhəti qaydasında olmasa da, onun üzərində tamaşa qurmaq olardı. Razısınızmı” sualıma direktorun cavabı belə olur: “Onu deyən adamların teatr sənətindən, bədii yaradıcılıqdan xəbərləri yoxdur. Çünki xəstəhal adamı səhnəyə çıxarmaq estetik deyil. Deyir keçi can hayında, qəssab piy axtarır. Biz səhnədə insanları sağlam görmək istəyirik. Hətta xəstə rolu oynayan da sağlam olmalıdır. İnsanın fiziki ağrıları varsa, onu tamaşaçılar görməli deyil. Aktyor hər zaman coşqun, ehtiraslı görməlidir. Bir dəfə hansısa telekanalda Siyavuş və Yaşarı xəstəhal göstərirdilər. Heç xoş deyildi. Hətta 2010-cu ildə “Kaş araba aşmayaydı” tamaşasını bərpa eləmək istəyəndə dedi ki, orda bəzi mizanlar var. Onları fiziki olaraq yerinə yetirə bilmərəm. Aktyor rolu fiziki olaraq yerinə yetirmirsə, deməli, o tamaşa yoxdur. Sonuncu dəfə onu görənlərdən biri mənəm. Əvvəl xüsusi müalicə xəstəxanasında bir həftə müalicə olundu. Siyavuş müəllim gözünü açanda başının üstündə mən idim. Sonrada Musa Nağıyev xəstəxanasında olanda da baş çəkdim. Amma bəzən mətbuat orqanlarında onun unudulmasıyla bağlı yazılar yazırdılar. Bütün bunlar yalandır. Hətta hər həftə iki üç nəfər ona baş çəkirdilər. Ona deyirdik ki, “sən səhnəyə qayıdacaqsan, xüsusi tamaşa qoyulacaq”.Əməkdar artist Fizuli Hüseynov isə ustad barədə qısa danışır:
“Allah rəhmət eləsin. Siyavuş Aslan Azərbaycan xalqının milli sərvəti idi. Biz bu gün onu itirdik. Ən gözəl xüsusiyyəti o idi ki, uşaq kimi ürəyi var idi. Kim ona ağız açsa, ilk anlarda deyərdi ki, “başım qarışıqdır”. Amma bir müddət sonra gəlib özü səni tapırdı və kömək edirdi. “Sevgililərin cəhənnəmdə vüsalı” tamaşasında onunla səhnə paylaşmışıq. Türkiyədə hər kəs ondan yazırdı. Bir taksi sürücüsü çayxanada ona yaxınlaşıb sürücülük vəsiqəsinin yol polisi tərəfindən alındığını desəydi, onun da problemini həll edərdi”.
Oğlu Çingiz Aslan:
“O, çox yaxşı ata, hərtərəfli şəxsiyyət idi. Həmişə ailə qayğısı çəkib. “Şərəf” ordeni alanda özündə deyildi. Allah hər kəsin ölənlərinə rəhmət eləsin. Dünyasını dəyişəndə mən yanında idim. Çox rahat gedib bu dünyadan. Son iki ildə onun yanında mən olmuşam. Hər zaman qidasına ciddi fikir vermişəm. Sadəcə bu bir qismət idi. Onun bir dərdi də var idi –Qarabağ. Doğrudan da vətənini sevən insan idi. Sənət yoldaşlarının gəlməməsi ilə bağlı yazılanlara da aydınlıq gətirmək istəyirəm. Düzdür, teatrdan tez-tez gəlməsələr də, gəlirdilər. İnanın ki, teatrın nəsə problemi olanda o qabağa düşürdü”.
Bu çıxış isə şəxsən mənə heç səmimi görünmədi. Oxuyun, bəlkə də mən səhv edirəm.
Xalq artisti Afaq Bəşirqızı:
”Siyavuşun ölüm xəbərini eşitdik. Sevincimiz kədərimizə qarışdı. Lakin sənətkar bir daha sübut etdi ki, o, ölmür. Onun şərəfli yaradıcılıq yolu, şərəfli həyatı, şərəfli də ömrü oldu. O mənə Bəşir Səfəroğlu yadigarı idi, atamla uzun müddət çiyin-çiyinə eyni səhnədə oynamışdı. Onunla bir səhnəni bölüşmək mənə nəsib olmadı. Ancaq “Yaşıl eynəkli adam” teletamaşasında tərəf müqabili olduq. Sənin itkin çox acı oldu. Yaşarın yarası köz bağlamamış, sən səni sevənlərə zərbə vurdun. Amma burda sənin heç bir günahın yoxdur. Bu tale yazısıdır. Mən sənə sakit, rahat bir dünya arzulayıram. Heç olmasa orda rahatlan. Allah sənə rəhmət eləsin. Hər şeyi sənə halal edirəm”.
Aktyor Anar Heybətov isə Siyavuş Aslanla bağlı çox maraqlı bir əhvalat danışır:
“1999-cu ildə bu teatra gəlmişəm. İlk dəfə Elçinin “Mənim ərim dəlidir” tamaşasında oynamışam. Onun digər sənət adamlarından fərqləndirən ən böyük cəhəti səhnədə gənc həmkarının elədiyi səhvi ört-basdır eləməsi idi. Amma tamaşadan sonra iradını bildirirdi. Eyni anda səni də, özünü də, tamaşanı da xilas edirdi. Özümü çox xoşbəxt hesab edirəm. Çünki tərəf müqabili olduğumuz dörd tamaşa oynamışıq. Onların üçündə ata-oğul oynamışıq.
Bir maraqlı hadisə danışım. “Kaş araba aşmayaydı” tamaşası ilə Trabzonda qastrolda idik. Tamaşadan sonra Türkiyənin bir çox incəsənət xadimləri onun əlini öpürdülər. Təsəvvür edin ki, bir andaca biz Siyavuş müəllimi itirdik. Adətən türk aktyorları çox tərifləyirlər. Amma öz gözümlə türk aktyorların Siyavuş Aslanın əlini öpdüklərini görmüşəm”.Rejissor Azərpaşa Nemətov:
“Onunla bir neçə tamaşa işləmişik. Biz Siyavuşu cismən itirdik. Çox müqtədir bir sənətkar idi”.
Xalq artisti, rejissor Mərahim Fərzəlibəyov:
“Çox xoşbəxt rejissoram ki, nəhəng aktyorla on tamaşada və bir neçə filmdə işləmişəm. Siyavuş Aslan kimi aktyor əsrdə bir dəfə yetişir. Bu Azərbaycan teatrı və kinosu üçün böyük itkidir. Nə yaxşı ki özündən sonra obrazlar qalereyası yaddaşımızda qaldı. Tamaşaçılarımız heç vaxt onu unutmayacaqlar. Belə aktyorlar heç vaxt ölmürlər.
Tanınmış aktyor Qurban Məsimov:
“Təəssüf ki, əksər böyük sənətkarlarla çəkilişlərdə olmuşam, Siyavuş Aslanla yox. İki televiziya tamaşasında oynamalıydı. Amma naməlum səbəblərdən çəkilişdən imtina etmişdi. “Bəylik dərsi” teletamaşasında və başqa birində çəkilməli idi. Biz onu görüb öyrənirdik”.
Aktrisa Dilarə Nəzərova:
“O Allahın verdiyi fitri istedad idi. Çox xoşbəxtəm ki, bir səhnədə oynamışıq Bu teatra gəlişim “Ah Paris, Paris” tamaşasıyla olub. Onun həyat yoldaşını oynamışam. Qardaşım ağır əməliyyat olunmalıydı. Ona deyən kimi qalxdı ayağa ki, “gəl gedək, danışaq”. O dövrün aktyorları çox mərdanə, sözləri bütöv idilər”.
Beləcə, sənət dostları sənətkar haqda xatirələrini bölüşürlər. Amma xatirələrini. Yəni bir daha o olmayacaq. Yaddaşlarda qalan isə...P.S. Xalq artisti Siyavuş Aslan bu gün II Fəxri Xiyabanda torpağa tapşırıldı.














İntiqam Valehoğlu
Foto: Elçin Murad