Modern.az

Qərbdə yaşayan şərqlilərin rastlaşdığı ziddiyyət...

Qərbdə yaşayan şərqlilərin rastlaşdığı ziddiyyət...

Актуально

2 Mart 2014, 19:23

Aydın Dadaşovun açıq dərsi



Yaraya məlhəm yurd yeri

Doğulduğu Hamburqda ali kinematoqrafiya təhsili almış türk əsilli, alman təfəkkürlü ssenariçi-rejissor Fateh Akının otuz yaşında çəkdiyi «Divara qarşı» filmi (2003) qərbdə yaşayan şərqlilərin rastlaşdığı mentalitetlə qloballığın ziddiyyəti informasiya fasiləsizliyini hadisələr kontekstində həll edir. İstanbulun «Boğaziçi» fonunda türk sənət musiqisinin ifasından roka birbaşa keçidlə Avropa həyatının dibinin göstərilməsi ilə avtomaşınını divara çırpmaqla boynunu sındıran qırx yaşında dünyadan bezmiş Cahit Tomrukun (Birəl Üner) boynunu sındırması ilkin hadisəni yaradır.

Həkimindən «Dünyanı dəyişə bilmirsənsə özünü dəyiş» tövsiyyəsini alan Cahitə, biləyinin damarını kəsərək intihara cəhd etmiş gənc qız Sibelin (Sibel Kəkilli) ərə getmək təklifi eyni taleli personajları qarşılaşdırır. Sərbəst həyata atılmağına, şəhvani tələblərinin ödənilməsinə mane olan şərq mentalitetini neytrallaşdırmaq üçün atasının buxovda saxladığı, qardaşı tərəfindən burnu qırılan Sibelin Cahitin gözü qarşısında damarını yenidən kəsərək al-qana boyanması audiovizuallığı artırmaqla yanaşı, vəziyyətin çıxılmazlığını da göstərir. Beləliklə, ailəsini, əqraba-larını qane etmək naminə yalnız türk olduğuna görə sevmədiyi Cahit Tomruka ərə getməyə hazır olan Sibel mənəvi durumunun çıxılmazlığını nümayiş etdirir. «Boğaziçi» fonundakı musiqinin təsirilə yeniləşən hadisədə Sibelə elçi getmək üçün əmi adı ilə birisini yola gətirməsi, elçilikdə özünü fabrika sahibi kimi təqdim etməsi, elə toydaca gəlinlə birgə uyuşdurucu qəbul edərək saldığı qalmaqaldan sonra Sibelin zifaf gecəsini tanımadığı barmenlə keçirməyə məcbur olması attraksiyonların montajını yaradır. Rəsmən evli olsalar da hərəsi öz həyatını yaşayan bəylə-gəli-nin draması fonunda xəyali nəqarəta çevrilən «Boğaziçi» fonundakı musiqinin paralel montajından sonra Sibelin qardaşı Yılmazla söhbətdə Cahitin elçilikdə deyildiyi kimi fabrik sahibi deyil, barda butulka toplamaqla dolandığını bildirməsi gerçəklik faktını önə çəkir.


Martin Skorsezenin «Taksi sürücüsü» filminin kriminal qəhrəmanı Trevesi xatırladan Cahitin üsyankarlığı onun həyatını daim gözlənilməzliklərlə təmin edir. Birinci arvadı Katrinın öldüyü məlum olan Cahitin öyrəşdiyi Marenlə (Katrin Stribeğk) yaşaması, Sibelin rəsmi ərini bar-da qoyub gecəni Niko ilə keçirməsi ailənin yoxluğunu bir daha təsdiqləsə də, qızın valideynlərinin nəvə arzusunda olmaları barədə informasiyadan sonra süfrədəki bibər dolmasının unitaza tökülməsi vəziyyətin çıxılmazlığını əşyaların ziddiyyəti hesabına audiovizuallaşdırır. Və nəhayət barda arvadına sataşan kəslə qalmaqal salan Cahitlə Sibelin ilk cinsi həyatı yaranan sevginin tanrı qarşısında təsdiqinə çevrilir. Gözəllik salonunda saç ustası kimi çalışan Sibelin xanım müştərisinin Cahitlə əlaqəsini öyrənərək işini yarımçıq qoyub küçəyə çıxdıqda rastlaşdığı Nikoyla ziddiyyətin əsasını qoyur. Barda Sibelin haqqında naqisliklər danışan Nikonu butulka ilə vurub öldürən Cahitin həbsxanaya düşməsi hadisələri yeniləşdirir. Diskin dəyişməsi ilə eşidilən ağır rokun motivi altında Sibelin bir daha kəsdiyi damarın iynə-sapla yenidən tikilməsi dərdin audiovizual ağrısını yaşadır. Cahitin törətdiyi qətl hadisəsi haqqında qəzetdəki informasiyanı öyrənən Sibelin ailəsində qızlarının fotoşəklinin yandırılması çox zaman problemin həlli ilə de-yil, uzaqlaşdırılması ilə özünü ovudan şərq təfəkkürü önə çəkilir. Qardaşı Yılmazın ailənin imti-na etdiyi Sibeli küçədə qovması həmin təfəkkürün vizual həllini yaratmaqla dinamizmi artırır.

Həbsxanaya yanına getdiyi Cahiti gözləyəcəyinə söz verən Sibelin vaxtı ilə onu İstanbula dəvət edən xalası qızı Səlmanın yanına getməsi film boyu nəqarətə çevrilən musiqinin məkan həllini dramaturji struktura qoşur. İstanbuldakı otellərin birinə işə düzələn Sibelin televizor ekranından seyr etdiyi ağırlıq qaldıran adaşına: «Haydi Sibel» söyləməklə sanki özünü də, hə-yat yükünü qaldırmağa səfərbər etməsi ilə bir az sonra uyuşdurucu axtarması kontrapunkt yara-dır. Həyatının gedişi barədə həbsxanadakı Cahitə məktublar yazan Sibelin uyuşdurucuya qurşanmaqla Səlmanın evindən gedərək küçələrə düşməsi, zorakılıqlara məruz qalması, bıçaqlanaraq az qala həyatını qurban verməsi qloballaşan dünyada şərin sərhədsiz olduğunu bəyan edir. Sanki həyatın bitdiyi son məqamda Sibelin peyda olan taksi sürücüsünə ərə getməsi davam edən attraksiyonu apogeyə çatdırır.

Almaniyada cəzasının bitdiyi həbsxanadan çıxaraq İstanbula yollanan Cahitin Səlmanın yanına gələrək bir zamanlar sevgisi ilə onu həyata qaytarmış Sibelə qovuşması hadisələrin düyününü zahirən açsa da, alt qatdakı münasibətlər sistemi dramaturji maneə rolunu oynayır. Artıq ailəuşaq sahibi olan Sibelin balaca qızının gələcəyi naminə yeni həyata başlamaqdan imtina etməsi, qovuşmağın mümkünsüzlüyünü dərk edən Cahitin xilas yolu kimi avtobusla dədələrinin doğulduğu Mersinə üz tutması: «Yurd yaranı sağaldar» deyiminin gerçəkləşəcəyi qığılcımını yaradır. Bütövlükdə isə məhz körpənin naminə köhnə personajların güzəşti filmin «Gələcək uğrunda qurban verilməlidir!» ideyasını səciyyələndirir. Və ekranlara çıxdıqdan bir il sonra Berlin festi-valının «Qızıl Ayı» baş mükafatına layiq görülən Fateh Akının «Divara qarşı» filmi qərbə üz tut-muş şərqlilərin, ekran diqqətindən kənarda qalmış mənəvi problemlərinin uğurlu ekran həllini təsdiqlədi.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı