
Sabah Azərbaycanda və qardaş Türkiyədə parlament seçkiləri keçiriləcək. Hər iki ölkədə keçirilən seçkilərin oxşar və fərqli cəhətləri var.
Modern.az-a bu barədə açıqlama verən politoloq Qabil Hüseynli deyib ki, xüsusilə Türkiyədəki seçkilər çox fövqəladə bir şəraitdə keçirilir: “Türkiyədə seçki daxili və xarici düşmənlərin qurduğu fitnə və təxribatlar şəraitində keçirilir.
Məncə, Türkiyə dövləti çətin bir sınaqdan keçir. Bunu nəzərə alaraq bu seçkilər dövlətin bütün strukturları, dərin dövlət, ordu, hökumət və prezident əlbir fəaliyyət göstərib ona nail olmalıdırlar ki, həqiqətən dövləti sevən qüvvələr parlamentə düşsün.
Romantik, yaxud kimlərinsə xoşuna gələn söz demədən, birmənalı Türkiyə dövlətçiliyinin xeyrinə işləyən addımların atılmasının tərəfdarıyam. Yəni indiki dövrdə koalisiya haqqında, yaxud hansısa regionun parlamentdə təmsilçiliyinə nail olmaq haqqında xülyalardan çox uzaq durmaq lazımdır”.
Politoloqun fikrincə, indiki dövrdə çətinlikləri aradan qaldıracaq gücə malik birpartiyalı sistemin qurulmasına nail olmaq lazımdır: “Ölkənin bütün imkanlarını birpartiyalı hökumətin qurulmasına səfərbər etmək lazımdır, ən başlıcası isə PKK-nın və ona bənzər digər separatçı qurumların siyasi uzantılarının parlamentə düşməsinə imkan vermək lazım deyil.
Məncə, belə də olacaq. Türkiyə 1 noyabrda hüzura, sabitliyə, dövlətçiliyə səs verəcək və qutudan tək partiyalı hökumət qurmağa imkan verən nəticələr çıxacaq. Türkiyənin xilas yolu yalnız bundandır.”
Qabil Hüseynli bununla yanaşı, hər iki ölkənin bu seçkilərdə ehtiyatlı davranmalı olduqlarını da vurğulayıb: “Oxşar cəhətlər odur ki, Türkiyəyə hücum edən, orada daxili sabitliyi pozmağa cəhd edən qüvvələr eyni ilə Azərbaycana da hücum edir. Bunların içərisində Qərb dövlətləri üstünlük təşkil edir.
Müəyyən anlarda, dövlətin düz yola çıxdığı zamanlarda demokratiya, insan haqları aktuallaşa bilər. Amma indiki zamanda dövlətin strateji maraqları, üzləşdiyi çətinliklərdən çıxması məsələsi ön planda olmalı, seçkilərin keçirilməsi məhz bu maraqlara xidmət etməlidir”.
Onun sözlərinə görə, Türkiyədə koalisiya hökumətinin qurulması indiki anda milli maraqlara xidmət edən amil deyil: “Eyni zamanda, dövlətin bütövlüyü və birliyini təmin edəcək hökumətə ehtiyac var. Eyni sözləri Azərbaycana da aid etmək olar. Prezident iqtisadi islahatlar elan edib. İdarəetmədə ciddi dəyişikliklərə başlayıb. Ortaya çox təhlükəli və dövlətçiliyi təhdid altına altına alan faktlar çıxıb.
Təəssüf ki bu faktlar haqqında düşünəndə adamın tükləri biz-biz olur. Məncə, Azərbaycanda cızığından çıxmış, gözləri ayağının altını görməyən müəyyən siyasi qüvvələr Prezidentin, xalqın gələcəyinə və xoşbəxtliyinə xidmət etməyən işlərlə məşğuldurlar.
Ölkə prezidenti ortaya siyasi iradə qoyub. Həmin ünsürlərdən Azərbaycan dövlətçiliyini təmizləmək xətti götürüb. Bu siyasətin reallaşması üçün yeni seçilən parlament, ölkənin bütün ictimaiyyəti prezidentin yaxın köməkçisi olmalıdır”.
Ağa Akifoğlu