Modern.az

Yevlaxlı jurnalistlər: “Yevlaxın vəziyyətini görmək üçün gərək ora gedəsən...”

Yevlaxlı jurnalistlər: “Yevlaxın vəziyyətini görmək üçün gərək ora gedəsən...”

Ölkə

19 Yanvar 2011, 12:19


Modern.az
saytının “Doğulduğu bölgələr jurnalistərin gözü ilə” adlı projesinin bu dəfəki ünvanı Yevlax rayonu oldu. Bu rayonda doğulub Bakıda işləyən və doğma rayonla əlaqəsini kəsməyən jurnalistlər Yevlaxın iqtisadi vəziyyəti, inkişaf və problemləri, əhalinin məşğuliyyəti barədə danışdılar.

“Əslən Yevlaxdan olan jurnalistlərə bir o qədər də diqqət yoxdur…”

İlk müsahibimiz “Olaylar” qəzetinin əməkdaşı Süleyman İsmayılbəyli oldu.  O bildirdi ki, Yevlaxın bütün sahələr üzrə sosial-iqtisadi vəziyyəti əksər rayonlardan xeyli dərəcədə fərlənir.

“Xüsusilə son 5 il müddətində rayonda yeni zavod və müəssisələrin işə salınması, sovet dövründən qalmış obyektlərin istifadəyə verilməsi həm əhalinin sosial-iqtisadi vəziyyətinin, həm də yeni iş yerlərinin açılmasına öz müsbət töhfəsini verir. Məsələn, “Lalə” tekstil fabriki, kərpic zavodu, traktor təmiri zavodu, eyni zamanda bir sıra xırda müəssisələr fəaliyyət göstərir. Daimi iş yerləri ilə yanaşı, Yevlaxda mövsümi xarakter daşıyan iş yerləri də açılır. Yeni parkaların salınması, küçələrin abadlaşdırılması zamanı insanların iş proseslərinə cəlb edilməsi də olur. Kəndlərdə isə əhali kənd təsərrüfatı sahələri ilə məşğul olur. Hətta ətraf rayonlardan-Qazaxdan, Mingəçevirdən- Yevlaxa işləmək üçün gələnlər var”.

Bununla həmkarımız rayonda işsizlik probleminin olmadığını demək istəyir. “Mövsümi işlər ola-ola gedib işləmək istəməyən gənclər var. Onların işsiz qalması rayonda işsizlik probleminin olduğunu deməyə əsas vermir. Onların işləmək istəmədiyi mövsümi işlərə kənardan qüvvə cəlb olunur”.

Hər bir rayonda problemlər olduğunu deyən S.İsmayılbəyli  bunun dövlət başçısı səviyyəsində də etiraf olunduğunu qeyd etdi.

“Məsələn, mərkəzdən uzaq olan küçələr bir qədər diqqətdən kənar qalıb. Həmin küçələrin infrastrukturu yaxşılaşdırılsa, yaxşı olar. Fakt bizim küçə şəhid adını daşıyır, amma hələ də bu yol asfaltlanmayıb. 10 il bundan əvvəl həm bizim, həm də digər küçələrə asfalt örtüyünün çəkilməsi barədə söz verilsə də, hələ yerinə yetirilməyib. Bir sözlə, mərkəzdən kənar küçələrdə inkişaf hiss olunmur”.

Süleyman İsmayılbəyli jurnalist olaraq bir məsələyə də diqqət yetirmək istədiyini bildirdi.

“Əslən Yevlaxdan olan jurnalistlərə bir o qədər də diqqət yoxdur. Yəni rayonun ictimasi-siyasi həyatı ilə bağlı olan tədbirlərə Yevlaxdan olan jurnalistlər dəvət edilmir”.

“Qaz xətləri rayonun kəndlərinə mərhələ-mərhələ çəkilir. Kəndlərin demək olar ki, 60-70 faizi mavi yanacaqla təmin olunub. Elektrik enerjisi də artıq fasiləsiz olaraq verilir” deyə həmkarımız əlavə etdi.

S.İsmayılbəyli rayonun təhsil və səhiyyə sistemindən də danışdı:

“Yevlaxda təhsilin səviyyəsi o qədər də yaxşı deyil. Bu müəllimlərin qeyri-peşə sahibi olmasından irəli gəlir. Yəni bəzi şəxslər digər ixtisasları bitirib məktəbdə müəllim işləyirlər ki, bu da şagirdlərə bilik verilməsində, onların istənilən bilik səviyyəsinə yiyələnməsində problemlər yaradır.

Rayonda səhiyyə sistemi yaxşıdır. İstər rayonda, istər kəndlərdə əhali səhiyyə xidmətləri ilə təmin olunurlar. Hətta kəndlərdə tibb məntəqələri də açılıb. Mərkəzi xəstəxana yüksək səviyyədə təmir olunub, lazımı avadanlıqlarla təmin edilib. Müayinələr də təbii ki, pulsuzdur”.

Həmkarımız daha sonar qeyd etdi: “Rayonun icra başçısının qəbul günləri var və istənilən vətəndaş gedib müraciət edib, icra başçısı ilə görüşə bilir. Bir faktı qeyd edim ki, mənim qonşum ailə başçısını itirmişdi və yaşayış səviyyəsi aşağı idi. O gedib icra başçısına müraciət etdi və ona yardım edildi. İcra Hakimiyyətinin başçısı Elmar müəllim demək olar ki, hər gün ictimaiyyət arasına gedir, şəhərdə aparılan işlərlə yaxından tanış olur”.

Rayondan seçilən deputatın seçiçilərlə maraqlanması barədə məlumatsız olan “Olaylar” qəzetinin əməkdaşı bir jurnalist kimi İlham Məmmədova çıxış imkanın məhdud olmadığını dedi: “İstənilən vaxtı onunla danışa bilirəm. Deputatın özünü bilmirəm, amma onun köməçisinin də qəbul günləri var və əhali onunla da görüşür”.

“Yevlax abadlaşdırılaraq yaşıllıq və gözəllik diyarına çevrilib…”

Yevlaxlı olduğu üçün fəxr edən «Yeni Azərbaycan» qəzetinin redaktoru Nadir Azəri qeyd edib ki, Yevlax son illər ərzində iqtisadi inkişaf baxımından Azərbaycanda ən sürətlə irəliləyən rayonlardan biridir.

“Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasət nəticəsində Yevlaxda bütün sahələrdə əsaslı inkişaf və dəyişikliklər baş verib, eyni zamanda, rayonun iqtisadi potensialı möhkəmlənib. Məhz bu inkişafın nəticəsidir ki, cənab prezident son illər bir neçə dəfə Yevlaxa səfər edərək, bir sıra müəəssisələrin açılışında şəxsən iştirak edib. Bu səfərlər zamanı şəhər ictimaiyyəti ilə görüşən dövlət başçısı Yevlaxın getdikcə daha da gözəlləşdiyini, daha da müasirləşdiyni deyib.

Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən dövlət proqramlarının, eləcə də prezidentin imzaladığı fərman və sərəncamlardan irəli gələn vəzifələrin Yevlax rayon İcra Hakimiyyəti tərəfindən uğurla yerinə yetirilməsi nəticəsində qısa zaman ərzində rayonun iqtisadiyyat, təhsil, idman, səhiyyə, mədəniyyət sahəsində çoxsaylı nailiyyətlər əldə edilib. Rayon mərkəzi abadlaşdırılaraq yaşıllıq və gözəllik diyarına çevrilib. Gənc nəslin sağlam böyüməsində idmana xüsusi yer ayrılıb”.

N.Azərinin sözlərinə görə , Yevlax coğrafi mövqeyinə görə Azərbaycanın mərkəzində mühüm kommunikasiyaların kəsişməsində yerləşən qədim yaşayış məskənlərindən biridir.

“Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikada həyata keçirilən regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının Yevlaxda uğurla reallaşdırılması nəticəsində çoxlu sayda sənaye müəssisələri tikilib istifadayə verilib. «Lalə-Tekstil» MMC, mebel fabriki, «DanV» Kərpic zavodu, Makaron sexi, Çörək sexi, Konserv sexi, Akkumlyator təmiri və istehsalı sexi saatda, Asvalt-Beton zavodu, Dəmir-Beton zavodu və s. deyilənlərə bir misaldır. Şəhərdə uzun müddət fəaliyyət göstərmiş və son 15 ildə fəaliyyətini dayandırmış “Yevlax-Təmir” ASC-nin işi də 2004-cü ildə bərpa edilib. «Yevlax-Qida» MMM-də pivə, limonad, şirələr istehsal olunur, mineral su qablaşdırılır.
Bütün bu müəssisələrin istifadəyə verilməsi eyni zamanda, Yevlaxda işsizlik probleminin həllinə də yardım edib”.

Həmkarımız Yevlaxın respublikanın iri kənd təsərrüfatı rayonlarından biri olduğunu qeyd etdi.

“Regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramı ölkənin hər yerində olduğu kimi Yevlaxda da aqrar sahənin intensiv inkişafına güclü təkan verib, yeni perspektivlər açıb. Rayonda kənd təsərrüfatı sahəsində 68 kəndli fermer təsərrüfatı, 5 kooperativ, 8 kiçik müəssisə  və başqa bu kimi sahələr kənd təsərrüfatına xidmət edir”.

N.Azərinin fikrincə, ölkənin hər yerində olduğu kimi Yevlaxda da mətbuata xüsusi diqqət və qayğı göstərilir.
“Məhz bunun nəticəsidir ki, yerli mətbuat orqanı olan «Kür» qəzeti həftədə 1 dəfə 7000 tirajla çap olunur və yerli mətbuat orqanı region mətbuatı arasında nüfuzlu yerə sahibdir”. 

“Mən Yevlaxda çox olmadığım üçün millət vəkilinin əhali ilə görüşlərində iştirak etməmişəm. Amma bildiyimə görə millət vəkilimiz də mütəmadi olaraq seçicilərlə görüşərək, onların problemlərinin həllinə yardım etməyə çalışır” deyə sonda Nadir Azəri əlavə etdi. 

““Ölü şəhər”i “diri şəhər”ə çevirdilər”

“Həftə içi” qəzetinin əməkdaşı Mirvari Kamilqızı Yevlaxda hər şeyin normal olduğunu və orda son illər böyük işlər görüldüyünü dedi.

“Əvvəllər Yevlax çox bərbad vəziyyətdə olduğundan ölü şəhər adlandırılırdı. Rayonda nə tikinti, nə də yenidənqurma işləri aparılırdı. Əhalinin 80-90 faizi rayonu tərk etmişdi. Ancaq son illər Regionların social iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Yevlaxda böyük işlər görülüb. Rayon mərkəzində Bayraq meydanı açılıb, yollar abadlaşdırılıb, bütün binaların fəsadları rənglənib, yeni iş yerləri açılıb.

M.Kamilqızı Yevlaxda 600-dən çox köçkünün yaşaması üçün 10 yeni bina tikildiyini də qeyd etdi. “Həmin binalar beynalxalq standartlara cavab verir, içi tam təmir olunub. Yevlaxda yaşayan, bir də rayona yaxın olan Exo qəsəbəsində məskunlaşan məcburi köçkünlər həmin binalarda evlə təmin olunublar. Yaşayış kompleksində məktəb və baxça da var”.

“Rayon qaz xətləri , elektrik enerjisi ilə təmin olunub, yeni ATS-lər tikilib və elektron nömrələrdən istifadə olunur. Qaz ola bilər ki, bəzi ərzilərdə zəifdir, amma ümumi götürəndə əvvəlki illərə nisbətən normaldır”-deyə həmkarımız bildirdi.

Mirvari Kamilqızı Yevlaxın təhsil sistemində bəyəniləsi bir şey olmadığını, təhsildə rüşvət hallarının artdığını bildirdi.

“Təhsildə rüşvət halları çoxdur. Ümumiyyətlə Yevlaxda son illər görülən işləri qiymətləndirirəm, o baxımdan Yevlax abad yerə çevrilib. Amma rayonda korrupsiya halları bəlkə respublikanın digər ərazilərindən daha çoxdur. Məsələn, bu yaxınlarda şəxsiyyət vəsiqəsi almaq üçün  Polis İdarəsinin “pasportstolu”na getdim və orada qanunsuz rüşvət hallarına rast gəldim. Yaxşı olar ki, bu rüşvət hallarının, qohumbazlığın qarşısı alınsın, insanlar işə sərbəst təyin olunsunlar. Orada müyyən qruplar var ki, ancaq onlar işləyirlər.  O adamların əhatəsində olmayan insanlar üçün Yevlaxda iş yoxdur. Orda işə düzəlmək həm rüşvət, həm də adam tələb edir”.

“Deputatın üzünü bircə dəfə İTV-də öz platformasını təqdim edəndə görmüşəm”

“Express” qəzetinin redaktoru Qalib İbrahimoğlu 2004-cü ildən bəri Yevlaxda sözün həqiqi mənasında inkişafın olduğunu bildirdi.

“İstər şəhərin gözəlləşməsində, istər bəzi iş yerlərinin açılmasında irəliləyişlər hiss olunur. Yevlaxdan hər istiqamətə yol olduğundan rayon dörd yolun mərkəzi də adlandırılır”.

Həmkarımızın sözlərinə görə, Yevlax kənd təsərrüfatı və sənaye sahəsində öndə olan rayonlardan biri olub. “Bununla yanaşı, rayonda problemlər də mövcuddur. Qaz, işıqla bağlı rayonda heç bir problem olamasa da bəzi kəndlərimizdə var. Amma bunu bütünlüklə Yevlaxın hər kəndinə aid etmək olmaz”.

Q.İbrahimoğlu rayonun təhsil, səhiyyə sisteminin vəziyyətini belə qiymətləndirdi:

“Yevlaxda təhsil və səhiyyə bütün regionlarda olan vəziyyətdədir. İstər xəstəxanaların açılması, istərsə də yeni məktəblərin tikilməsi o demək deyil ki, uşaqların təhsil alması üçün hər şərait yaradılıb, xəstələr pulsuz müayinə olunur. Ölkədə bu sahədə olan problemlər Yevlaxdan da yan ötməyib.
Ara-sıra eşidirəm ki, İcra Hakimiyyətində müəllimlərdən pul yığılır. Müəllimlərlə söhbətimdə özləri bunu inkar edirlər. İndi müəllimlərdə qorxaqlıq yaranıb. Onların qorxaqlığı, çəkinəcəkliyi uşaqlara da sirayət edib. Əgər səndən pul istənilirsə, direktor maaşından 30 faiz kəsirsə və sən bunu mediaya açıqlamaqdan çəkinirsənsə, təbii ki, sənin yetişdirdiyin şagird, gələcəyin vətəndaşı sənin kimi qorxaq olacaq.
Dövlət həkiminə normal maaş versə və sabah həkim xəstəsindən pul alanda, əhalinin şikayət etməyə yeri olar və beləliklə nə səhiyyəmizdə və nə də təhsilimizdə də problem olar.
Bayramlarda qohumlarımı ziyarət etmək üçün rayona gedəndə yollarda problem o qədər də sezilmir. Düzdür kənd yolları ilə şəhər yollarının fərqi var, amma buna baxmayaraq kəndlərdə yolların asfaltlanması prosesi gedir”.

Qalib İbarahimoğlu rayonun icra başçısı və rayondan seçilən millət vəkilinin işi barədə bunları söylədi:
“Eşitdiyimə görə, həfətnin birinci günləri İcra Hakimiyyətində  qəbul günləri olur. İcra başçısı bütün idarə və müəssisələrin rəhbərlirini yığıb, ictimaiyyətin şikayətlərini dinləyib, ordaca tapşırıqlar verir.
Rayondan seçilən deputatın isə adını eşitmişəm, üzünü isə bircə dəfə İctimai Televiziyada öz platformasını təqdim edəndə görmüşəm. Düzü mən İlham Məmmədova səs vermədiyimdən bilmirəm o seçiçlərin problemləri ilə maraqlanır və ya maraqlanmır. Şəxsən mən özüm bir dəfə ona zəng vurmuşam, amma zəngimə cavab verməyib”.

“Yevlaxın əsas problemi qaraçılarla bağlıdır”

“Space” televiziyasının əməkdaşı Günel Yusifqızı deyir ki, 10 il öncə Yevlaxın təmirə, bəpaya ehtiyacı daha böyük idi:
“Amma hal-hazırda Yevlaxda vəziyyət qənaətbəxşdir, demək olar ki, paytaxtla bir səviyyədədir.
Valideyinlərim rayonun mərkəzində  yaşadıqları üçün orada qaz, işıq, su ilə bağlı problemlər olmur. Kəndlər barədə isə məlumatım yoxdur”.

Yevlaxda təhsilin səviyyəsinin yaxşı olduğunu qeyd edən G.Yusifqızı əsas problemin sadəcə qaraçıları təhsilə cəlb etmək olduğunu dedi: “Ümumiyyətlə, Yevlax deyəndə həmişə qaraçılar yada düşür, amma bu o demək deyil ki, Yevlaxda təkcə qaraçılar yaşayır. Qaraçıların Yevlaxa heç aidiyyatı yoxdur, onlar ancaq rayonun girəcəyində yaşayır və rayon ərazisində çox görsənmirlər.  Rayon camaatının da onlarla qohumluq əlaqələri yoxdur. Yevlax əhalisi başqa, qaraçılar tamam başqa şəraitdə yaşayırlar”.

G.Yusifqızı deyib ki, Yevlaxda səhiyyə sahəsində hər şey normaldır, bu sahədə hələlik heç bir problemlə qarşılaşmayıb.  “Son vaxtlarYevlaxda yeni xəstəxanalar açılıb”-deyə həmkarımız bildirdi.

Müsahibimizn sözlərinə görə, rayonun icra başçısı işləyənə qiymət verir.
“Amma Yevlaxdan seçiləm millət vəkilinin seçicilərin problemləri ilə nə qədər maraqlandığı barədə dəqiq heç nə deyə bilmərəm. Çünki mən bir dəfə ona müraciət etmişəm və hələ onla bağlı bir nəticə əldə olunmayıb. Ona görə deyə bilmərəm ki, deputatın fəaliyyəti yaxşıdır və ya pisdir. Çünki o nəticəni hələ gözləmək lazımdır”.

“Deputat icra başçısının bir nömrəli adamıdır”

Adının açıqlanmasından çox ehtiyatlanan qəzetlərdən birinin yevlaxlı müxbiri yuxarıdakı həmkarlarından tamam fərqli danışdı:

“Yevlaxda ən acınacaqlı vəziyyət bəlkədə müəllimlərindir. 30-40 ilin stajlı müəllimi dərs ilinin başlanğıcında təzədən dərs alması üçün məktəb rəhbərliyinə 100 manata yaxın rüşvət verməlidir. Məktəblərin direktorları müəllimləri qorxu altında saxlayırlar. Müəllim rüşvət verməyibsə, ona dərs saatları verilmir. Bundan əlavə, təhsil işçilərinin maaşlarından hər ay tutulur. Bəzən elə ay olur ki, maaş tamamilə onun əlindən alınır. Müəllimlərlə yanaşı, səhiyyə işçiləri də asılı vəziyyətdədirlər. Bir sözlə rayonda korrupsiya baş alıb gedir”.

Həmkarımız deyib ki, son ildə müəllim repressiyası rayonda 10-a yaxın təhsil işçisinin ölümünə səbəb olub.
“Məktəbə işə düzəlmək üçün gərək rəhbərliyə 3-4 min manat rüşvət ödəyəsən. Yevlaxda təhsilin keyfiyyəti bərbad vəziyyətdədir” deyən jurnalist uşaqların biliyə yiyələnməsi üçün  repetitor yanına getdiklərini qeyd edir. “100 faiz əminliklə deyə bilərəm ki, rayonda təhsil sıfır səviyyəsindədir”.

Media işçisi “Yevlaxda İcra Hakimiyyətinin binasına camaat arasında “Ağ ev” deyirlər və o binaya maşınla yaxınlaşmağa heç kimin icazəsi yoxdur” söylədi:

“Böyük ərazi hasara alınıb və yalnız insanlar o yoldan istifadə edə bilər. İcra başçısı Elmar Vəliyevin hakimiyyətinə qədər həmin yoldan maşınlar da keçirdi. Əhalinin 80 faizi icra başçısından narazı olsa da, onların danışmaq üçün tribunaları yoxdur, çünki heç kim onları eşitmir. İnsanlar qəbul günlərində icra başçısı ilə görüşə bilmirlər. Ordan təhqir olunub qovulurlar”.

“Gərək yevlaxlı olasan ki, ordakı bərbad vəziyyəti özün görəsən” deyən həmkarımız rayonda insanların hamısısının qorxu içində olduğunu bildirdi.

“Bax mən də qorxuram. Valideynlərim cüzi maaş müqabilində bir yerlərdə işləyirlər. Adımı açıqlasam həmən onları işdən qovacaqlar.
İcra başçısı məscidə ayaqqabı ilə girir. Müəllimlərlə yanaşı, din adamlarına qarşıda repressiyadır. Harda torpaq sahəsindən xoşu gəlirsə, onu sahibkarın heç bir etirazına baxılmadan alır. Bütün vəzifədə oturan adamlar icra başçısının qohumlarıdır.
Yeni ildən pensiya alan admalar təzədən qeydiyyata düşürlər. Bir adam təzədən qeydiyyata düşmək üçün 1-2 manat, şəxsiyət vəsiqəsinin alınması üçün 10 manatdan - 30 manata qədər rüşvət, mənzil komunal təsərüfat idarəsindən yaşayış haqqında arayışı almaq üçün 3 manat pul verməlidir. Hara gedirsən ancaq rüşvətlə qarşılaşırsan”.

Jurnalist rayondan seçilən deputat İlham Məmmədovu icra başçısının bir nömrəli adamı adlandıraraq onun fəaliyyətsiz olduğunu vurğuladı:
“Milli Məclisə seçkilər ərəfəsində hər hansı insan İlham Məmmədovun deputat seçilməsinə narazılıq edirsə, qara siyahıya düşürdü. Yevlaxda xüsusi qara siyahı var ki, ora düşən insanlara nə iş verilir, nə də yaşamaq üçün şərait yaradılır. Buna görə belə insanların çoxu rayondan çıxmaq məcburiyyətində qalırlar.
Yevlaxda insana hörmət, demokratiya yoxdur, ancaq rüşvət, korrupsiya var”.

Aytən Əliyeva

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı