Modern.az

Azərbaycan məmurlarının “padşahsevən”liyi...

Azərbaycan məmurlarının “padşahsevən”liyi...

کشور

23 May 2012, 12:47

Müxalifət və dünyanın bəzi təşkilatları bu fikirdədir ki, Azərbaycanda avtoritar rejim hökm sürür. Belə bir imic həm də xalqımıza illərlə uzanan Qarabağ boyda yaramızı sağaltmağa mane olur. Görəsən, geniş ictimai fikrə sirayət edən avtoritarizm haradan qaynaqlanır?

Məncə, uzağa getmək lazım deyil. Əvvəla, aydınlaşdıraq görək məmurlarımızın böyük əksəriyyəti niyə bu qədər “padşah sevən” olub? Bunun əsas səbəbi odur ki, gözü kölgəlidirlər. Korrupsiya bu gün neft pullarının anasını ağladır, milləti yesir günə qoyur. Hakimiyyətdə qarın otaranların məşhur bir sözü var. Deyirlər: “Biz Heydər Əliyevin çörəyini yeyirik”. Mərhum prezident Heydər Əliyev on ilə yaxındır dünyasını dəyişib. Bunlar hələ də onun verdiyi fətiri cırırlar. Özü də getdikcə daha yekə fətirlər cırılır. Həm də unutmaq lazım deyil ki, vəzifə kürsüləri bu tərəfdə məmurun çörək ağacıdırsa, o biri tərəfdə millətin başına çırpılan dəyənəkdir. Gödəniyyət prinsipi ilə yaşayanlar prezident qarşısında köləyə, xalq qarşısında əjdahaya dönürlər. O xalq ki heç kimə əl açmır, çörəyi alnının təri ilə qazanır.

Hər kəs istəsə araşdırma apara bilər. Ölkədə mövcud olan iri biznes sahələrinin, böyük marketlərin, nəhəng tikinti maqnatlarının, dəbdəbəli səadət saraylarının, qısası, böyük pullar gətirən obyektlərin əksəriyyətinin sahibi dövlət orqanlarında yüksək vəzifə tutanlardır. Onlar eyni vaxtda həm məmur, həm sahibkar, həm də “krışa” vəzifələrini yerinə yetirirlər. Bunun davamlı olması üçün sifətin daim yaltaq görkəm alması kifayətdir.

Bizim ən böyük faciələrimizdən biri də budur ki, yaltaqlıq, məddahlıq artıq əxlaq normasına çevrilib. Məmurlar var ki, prezidentin adını çəkəndə mərtəbə-mərtəbə epitetlərdən istifadə edir, tərifi xorla söyləyirlər. İnsanlar artıq uzun illər təkrarlanan bu xordan bezib. Qarğa-quzğun leş dağıtdıqdan sonra ağız-ağıza verib belə qarıltı salır. Bunların dağıtdığı leş isə adi heyvan ölüsü deyil, dövlətin və xalqın cibidir. Təəssüf ki, bunun fərqinə varan yoxdur.

Digər tərəfdən vaxtaşırı müstəqil və müxalifyönlü mətbuatın səhifələrində dövlətin və xalqın cibinə daraşanlar haqqında tükürpərdən məlumatlar yayılır, konkret adlar çəkilir və cinayət faktları göstərilir. Və məlum olur ki, bu cib sökənlərin böyük əksəriyyəti həmin məddah məmurlardır. Di gəl, onlardan haqq-hesab soruşulmur. Bəlkə mətbuat şər-böhtan yazır? Əgər belədirsə, onda böhtançılar niyə cəzalandırılmır? Təəssüf ki, nə təkzib var, nə cəza. Həqiqəti araşdırıb üzə çıxarmaqdan isə söhbət gedə bilməz. Deməli, sərf eləmir.

Hakimiyyətin yuxarı eşalonunda bir cəzasızlıq sindromu yaşanır. Yüksək ranqlı vəzifəlilər lap adam öldürsələr belə, məsuliyyət daşımırlar. Çanaq həmişə müavinlərin müavinlərinin başında çatlayır. Cəza yalnız arxasız, köməksiz zümrə üçündür. Yuxarılar tamahının girovluğundadır və hakimiyyət qarşısında ancaq gözükölgəli olduqları üçün, aşağılar isə heç nədən şərlənib ailələrini başsız qoya biləcəcəkləri üçün qorxu içindədir. Hər halda kənardan belə görünür.

Baxtilə bütün sovet xalqı Stalinin şəxsiyyətinə pərəstiş edirdi. İnsanlar Stalinin şəxsiyyətinə əlli faiz qorxudan pərəstiş edirdisə, əlli faiz də sevgidən pərəstiş edirdi. Yəni xalqın, dövlətin cibinə girib çıxandan sonra gəlib məddahlıq etmirdilər. İndiki məddahlıq isə yüzdə yüz saxtadır. Hər kəs bundan yalnız tutduğu vəzifə kürsüsünü və yığdığı sərvəti qorumaq üçün istifadə edir.

Bu günlərdə Heydər Əliyevin doğum gününə həsr olunan toplantılardan birində çılğınlıqla çıxış edən vəzifəli bir xanım sözünü belə tamamladı: “Heydər Əliyev dünyaya qalib gəldi, dünyadan da qalib kimi getdi”.
Bir sözlə, daim özgə çörəyi yeməyə adət etmiş insanlar prezidentin və xanımının gözünə girmək üçün bəhsəbəsə düşüb dəridən-qabıqdan çıxırlar.

Bütün günü telekanlların efirindən düşməyən əttökən musiqilər və musiqi mətnləri də bir tərəfdən ölkəni mənəvi aşınmaya doğru sürükləyir. Vaxtilə Heydər Əliyevi mədh edən şair-bəstəkar məmurlar ağıız-ağıza verib indi də prezident İlham Əliyevi və onun xanımını “vəsf” edirlər. Poetik hisdən, duyğudan uzaq bu zövqsüz, ikrahdoğurucu cızmaqaralar ilk növbədə prezidentin imicinə zərbə vurur...

Yaltaqlıq, məddahlıq bu gün artıq çiçəklənmə dövrünə qədəm qoyub, yəni son dərəcə təhlükəli həddə çatıb. Nəfsinin quluna çevrilənlər Azərbaycanın dünyada biabır olmasının qətiyyən fərqinə varmırlar. Təki maraqları təmin olunsun.
Stalin dövründə oğruların oğurladıqları burunlarından gətirilirdi. İndi isə oğrulara heç çırtma vuran da yoxdur. Bəlkə Stalin dövrünə qayıdaq? Korrupsionerlərin soyqırımı başlasın?

Bunun üçün avtoritar rejim qurmağa ehtiyac yoxdur. Qanunları hərəkətə gətirmək kifayədir. Cinayət Məcəlləsinin maddələri özü ayırd edəcək kimi sağ buraxmaq, kimi məhşər ayağına çəkmək lazımdır. Bir də qanunların sırasına belə bir maddə əlavə olunmalıdır: prezidenti tərifləyən məmur cinayət məsuliyyəti daşıyır. Yalnız bundan sonra heç kim başqasının çörəyinə göz dikməyəcək, hər kəs öz çörəyini yeyəcək...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı