Modern.az

“Tapşırıq verirəm ki, rüşvətxorluğa qarşı mübarizə daha ciddi aparılmalıdır” - PREZİDENT

“Tapşırıq verirəm ki, rüşvətxorluğa qarşı mübarizə daha ciddi aparılmalıdır”  - PREZİDENT

Ölkə

16 Yanvar 2013, 08:24

İlham Əliyev: "Şəffaflıq maksimum dərəcədə təmin edilməlidir"


Müstəqil Azərbaycan dövlətinin tarixində 2013-cü ilin büdcəsi ən böyük büdcədir, hesab edirəm ki, biz bütün vəzifələri uğurla icra edəcəyik. Dövlət büdcəmizin xərcləri təxminən 20 milyard manat səviyyəsindədir.

Modern.az-ın məlumatına görə, bu sözləri yanvarın 15-də keçirilən Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezidenti İlham Əliyev deyib.

Enerji sektorundakı vəziyyətdən danışan dövlət başçısı deyib ki, Azərbaycan artıq bərpa olunan enerji növlərinin yaradılması ilə ciddi məşğuldur. Keçən il bu sahədə ciddi addımlar atılıb və Günəş panelləri istehsal edən zavod işə başlayıb.
Kiçik çaylarda 1, 2, 3, 5 meqavat gücündə stansiyaların tikintisi davam edir.

“Hesab edirəm ki, bu ilin sonuna qədər ölkəmizin ümumi qazlaşdırma səviyyəsi 90 faizə çata bilər. Hər halda biz buna çalışırıq. Bölgələrdə gedən işlər deməyə əsas verir ki, biz bu hədəfə çatacağıq”.

İlham Əliyev deyib ki, Azərbaycanda, Bakıda və digər bölgələrə içməli su problemi çox kəskin dayanıb.

“Bölgələrdə, ümumiyyətlə, kanalizasiya xətləri yox idi. Bakının da kanalizasiya sistemi köhnəlmişdir. Bu sahədə böyük quruculuq işləri aparılır və biz yenə də maksimum səviyyədə hədəf seçmişik ki, bu sahədə infrastruktur tamamilə yenilənsin. İndi həm Bakıda, həm bütün bölgələrdə içməli su və kanalizasiya layihələri icra edilir. Ümid edirəm ki, içməli su ilə bağlı layihələr, hər halda onların böyük əksəriyyəti bu ilin sonuna qədər başa çatacaqdır. Bununla paralel olaraq, kanalizasiya xətlərinin çəkilişi də davam etdirilir. Bu da tarixi bir nailiyyət olacaqdır”.

Prezident deyib ki, hazırda Azərbaycanda iki nəhəng layihə - Taxtakörpü su anbarı-Samur-Abşeron kanalı və Şəmkirçay su dəryaçası layihələri icra edilir. Bu layihələrin icrası nəticəsində on minlərlə hektar torpaq dövriyyəyə buraxılacaq və minlərlə fermer bundan bəhrələnəcək. Taxtakörpü su anbarı bu il istifadəyə verilməlidir. Şəmkirçay su anbarı isə yəqin ki, gələn il istifadəyə veriləcək.

“Bu il, eyni zamanda, maaşların və pensiyaların artırılması nəzərdə tutulur. Bu da mütəmadi qaydada həyata keçirilən məsələdir. Artıq burada qeyd olundu ki, Azərbaycanda orta maaş və orta pensiya artır. Əgər biz MDB məkanında müqayisə aparsaq, bu, yüksək səviyyədədir. Orta əməkhaqqı 500 dollardan çoxdur. Orta pensiya 200 dollara yaxındır. Əvəzləşmə əmsalı da inkişaf etmiş ölkələrin səviyyəsindədir. Pensiya maaşın 40 faizini təşkil edir. Ancaq əlbəttə ki, bu, bizi qane etmir. Baxmayaraq ki, son illərdə əməkhaqları və pensiyalar bir neçə dəfə artmışdır, biz çalışmalıyıq ki, daha da böyük artıma nail olaq”.

Prezident deyib ki, dövlət sektorunda işləyənlərin maaşları qaldırılmalıdır və qaldırılacaq. 2013-cü ilin büdcəsində bu, nəzərdə tutulub.

Ölkə başçısı qeyd edib ki, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha da ciddi aparılmalıdır.

“Burada biz müxtəlif alətlərdən istifadə edirik. Əlbəttə ki, cəza tədbirləri, inzibati tədbirlər mühüm yer tutur və bu sahədə bizim amansız mübarizəmiz davam etdiriləcəkdir. Bu məsələ ilə məşğul olan bütün dövlət qurumlarına bir daha tapşırıq verirəm ki, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha da ciddi aparılmalıdır, biz bu bəlanı aradan götürməliyik. Bununla bərabər, institusional tədbirlər də, sistem xarakterli tədbirlər də görülməlidir və görülür...
... Şəffaflıq maksimum dərəcədə təmin edilməlidir. Yenə də deyirəm, cəza tədbirləri, inzibati tədbirlər, institusional sistem xarakterli tədbirlər əminəm ki, gələcəkdə də korrupsiyaya qarşı mübarizədə bizə kömək edəcəkdir. Keçən ilin sonunda biz bu sahədə, yəni bütün bu vacib sahələri ehtiva edən yeni qurumun yaradılmasına nail ola bilmişik. “ASAN xidmət” artıq öz fəaliyyətinə başlayır və bu xidmətdə məhz dediyim amillər cəmləşir - həm innovasiya, insanlara xidmət, korrupsiyaya qarşı mübarizə, şəffaflıq, yenilik, müasirlik. Məhz ölkəmiz bu istiqamətdə inkişaf etməlidir. Buna nail olmaq üçün, əlbəttə, biz kadr potensialının hazırlanmasına bundan sonra da çox ciddi fikir verməliyik”.

Maliyyə məsələlərinə toxunarkən İlham Əliyev qeyd edib ki, Azərbaycanda nağdsız ödəmələr çox aşağı səviyyədədir.
“Bu, böyük problemdir. Bu, bir tərəfdən bu sistemdə şəffaflığın tam təmin edilməsi üçün bizə imkan vermir, eyni zamanda, xoşagəlməz halların mövcudluğunu da şərtləndirir. Hesab edirəm ki, bu il daha da ciddi tədbirlər görülməlidir. Mən təkliflər gözləyirəm ki, nağdsız hesablaşmaların, ödəmələrin sayı artsın”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı