Modern.az

Erkin Qədirli: “REAL-da heç bir vəzifəyə iddialı deyiləm” - AÇIQLAMA

Erkin Qədirli:  “REAL-da heç bir vəzifəyə iddialı deyiləm” - AÇIQLAMA

Образование

15 Sentyabr 2014, 13:34


“REAL hərəkatının lideri İlqar Məmmədovun həbsdə olması təşkilatın partiyaya çevrilməsi məsələsini xeyli ləngitdi. İlqar Məmmədovun azadlıqda olması təbii ki, partiya quruculuğu prosesini asanlaşdırardı”.

Bunu Modern.az saytına REAL-ın İdarə Heyətinin üzvü Erkin Qədirli deyib. Onun sözlərinə görə,  İlqar Məmmədovun həbsdə olması prinsip etibarı ilə  hazırda partiya quruculuğu prosesini əngəlləmir.  

Erkin Qədirli bildirib ki, İlqar Məmmədov qurultaya qədər azadlığa çıxmasa, REAL bazası əsasında yaranacaq partiyanın qeydiyyatı məsələsində ciddi problemlər yaranacaq:

“Buna baxmayaraq, biz İlqar Məmmədovun sədrliyini nəzərdə tutaraq qurultaya hazırlıq işləri görürük”.  

Bir neçə ay öncə REAL-ın Məclis başqanlığından azad olunan Erkin Qədirli yenidən təşkilatda hər hansı post tutma ehtimalı barədə sualı da cavablandırıb.

O deyib ki, bundan sonra REAL hərəkatında vəzifə tutmaq niyyətində deyil: “Vəzifədən çıxarılmağımla  yanaşı, mənə REAL-ın adından danışmaq qadağası da qoyulmuşdu. Artıq bu müddət bitib və mən REAL-ın adından danışa bilərəm. REAL Məclisinə başqanlıq seçkisi keçirilməyəcək. Qurultaya qədər bu yer boş qalacaq. Çünki indi əsas işimiz partiya quruculuğudur. 2015-ci ilin may ayında qurultay olanda partiyanın rəhbər orqanları seçiləcək. Mənim  o zaman hansı vəzifəyə özümü iddialı sayacağımı indidən demək çox çətindir. Buna qədər REAL hərəkatının Məclis başqanlığına özümü iddialı saymağım partiya quruculuğu üçün gərəksiz bir addım olardı”.  

Qeyd edək ki, Erkin Qədirli may ayının ortalarında REAL İdarə Heyətinin qərarı ilə Məclis başqanlığından azad edilib. Buna səbəb kimi Erkin Qədirlinin verdiyi müsahibələrdə və sosial şəbəkələrdə yaydığı ifadələrdə, həmçinin, həmin ifadələrə gətirdiyi izahlarda buraxdığı ciddi yanlışlıqlar və şifahi xəbərdarlıqlara məhəl qoymaması göstərilmişdi.   Bununla yanaşı,  ona 3 ay müddətinə REAL adından danışmaq qadağası da qoyulmuşdu.

Aqşin Kərimov

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı