
“Əfv prezidentin səlahiyyətində olan məsələdir. Sərəncam imzalana qədər kimin əfvə düşəcəyini isə heç kim bilmir”.
Bunu Modern.az-a açıqlamasında Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunun öldürülməsində təqsirli bilinərək ömürlük həbs edilən Vüqar Əliyevin vəkili Adəm Məmmədov deyib.
“Vüqarın əfv ərizəsi təqdim olunub. Qobustan qapalı həbsxanasından da onun nümunəvi məhbus olması barədə arayış verilib. Biz tərəfdən bütün işlər görülüb, prezidentin qərarını gözləyirik.
Düşünürəm ki, Vüqar həbsxanada olduğu 12 il müddətində bütün ailə üzvlərinin həbs olunması ilə ömürlük cəzasını çəkib. Qardaşının hamilə həyat yoldaşını da həbs ediblər. Ailəsinin başına gətirilənlər barədə dəfələrlə danışmışıq, hamı bu barədə məlumatlıdır.
Nəzərinizə çatdırım ki, Gəncə istintaq təcridxanasının 5-ci korpusunda bir ailə cəza çəkib. Həbs edilməyən bircə qoca nənə və baba olub. Onlar da məhkumlara yemək gətirirmiş. Aslan Aslanovun adamları dəfələrlə nənə və babanı ailə üzvlərinə yemək aparmamaları üçün təhdid ediblər. Hətta bəzi öyrədilmiş adamlar gecə vaxtı onları qorxutmaq üçün pəncərələri daşa tuturmuşlar. İndi xəstə nənə nəvəsinin azadlığa çıxacağı günü səbirsizliklə gözləyir”.
Vəkil Vüqar Əliyevin azadlığıa çıxacağına inanır: “İnanıram ki, prezident İlham Əliyev bütün bunları nəzərə alıb Vüqarı əfv edərək onun azadlığa çıxmasını təmin edəcək. Ailə üzvlərilə yanaşı, ayrı-ayrı bölgələrdən olan insanlar da yaşanan ailə faciəsinin sona çatmasını səbirsizliklə gözləyirlər”.
Vüqar Əliyev 2003-cü ildə Aslan Aslanovun oğlu Ruslan Aslanovun öldürülməsində təqsirli bilinərək ömürlük həbs cəzasıalıb. O, Qobustan qapalı həbsxanasına saxlanılır. Hadisədə onunla birlikdə həbs edilərək 12 il həbs cəzası alan Lamiyə Quliyeva Baş Prokurorluğun verdiyi protestlə ötən ay azadlığa buraxılıb.
Gülşən RAUFQIZI