Modern.az

Azərbaycan dilinin milli təməllərinin izdivac və idxal prosesində qorunması

Azərbaycan dilinin milli təməllərinin izdivac və idxal prosesində qorunması

Aktual

2 Oktyabr 2019, 10:54

Buludxan Xəlilov,

filologiya üzrə elmlər doktoru, professor


Millətlər, xalqlar tarixin bütün dövrlərində bir-biri ilə iqtisadi, siyasi, mədəni əlaqədə olmuşdur. Bu əlaqələr bəzən müştərək-ortaq mədəniyyətin forma­laş­masına gətirib çıxarmışdır. Müştərək İslam mə­də­niy­yəti, müştərək Xristian mədəniyyəti, Avropa mə­də­niyyəti, Asiya mədəniyyəti və s. belə mədəniy­yət­lərdəndir. Millətlər bir-birindən söz alıb verərkən də müştərək dil mədəniyyətinin inkişafına xidmət et­miş­lər. Ancaq millətlər bir-birindən söz alıb verərkən milli dillərinin imkanlarını əsas götürmüşlər. Mə­sə­lən, bütün Avropada, Asiyada, Yaxın və Orta Şərqdə və digər yerlərdə yaşayan millətlər qədim yunan-latın sözlərini alarkən onların hər birini öz milli dillərinin ahənginə, səs sisteminə uyğunlaşdırmış, milli dil­lə­ri­nin bir ünsürü halına gətirmiş, başqa sözlə, “mil­li­ləş­dir­mişlər”. Ona görə də dilin fəlsəfi və sirli tərəfinə diqqət yetirən tədqiqatçılar ingilis dilinin əsasında belə bir halı xüsusi olaraq qeyd etmişlər: “İngilis dili ingiliscə və ingilisləşmiş kəlmələrdən qurulmuş bir dildir”. Bu, dünyanın bütün dilləri üçün düzgün olan bir fikirdir. Təbii ki, Azərbaycan dili üçün də məqbuldur. Məsələnin fəlsəfi tərəfinə diqqət ye­tirənlər belə bir halın fransız, alman, ispan, ərəb, fars, türk dillərində də olduğunu söyləyir və ilk çağ­la­rın qədim dilləri üçün də doğru olduğunu deyirlər. Əgər belə olmazsa, onda “dil Don­ki­xot­luğ”u yaranar. Donkixotluq qəbul edilmədiyi kimi, “dil Donkixotluğu”, “mədəniyyət Donkixotluğ”u da qəbul olunan deyildir. Əgər millətlər və onların dili bunu qəbul etsə, onda millətlər də, onların dilləri də kiçilməyə məhkum olar. Nəticədə millətlər və dillər reallıqlarla yox, xəyallarla yaşamağa məcbur qalar. Millətləri xəyallarla idarə etmək mümkün deyil. Eyni zamanda dilləri xəyallarla idarə etmək məntiqsiz və qeyri-realdır. Odur ki, millətləri və dilləri xəyallarla, bir qisim fəlsəfələrlə idarə etmək istəyənlər real­lıq­ların əlində həmişə aciz qalıblar. Reallıqlar təbii şə­kil­də məcbur edir ki, millətlər onların dilləri bir-bi­rin­dən söz alsın. Bu mənada Nihad Sami Banarlının fikri yerinə düşür: “Müştərək bir mədəniyyətin mi­ras­larına sahib və müştərək bir mədəniyyətin ehti­yac­larına dolu bütün millətlər bir-birilərindən həm də yığın-yığın kəlmə almağa məcburdurlar. Dilin ba­ca­rı­ğı bu kəlmələri hər millətin öz dilində əridərək səs və qra­mmatik baxımdan dərhal və ya ən qısa bir zaman­da milli bir kəlmə halına sala bilməsidir”. Nihad Sami Banarlı yunanlardan, ərəblərdən alınmış kəlmələrin türkləşdiyini qeyd edir və bunu türk mil­lə­tinin zəfəri hesab edir.  Onun fikrincə, bi­zan­slardan alınmış İstanbul türk vətəni olduğu kimi, belə kəlmələr də türkləşmiş kəlmələrdir.


Hər bir millət və onun dili illər, əsrlər boyu müx­təlif dillərdən sözlər alır və bu, aşağılayıcı, eyib olan bir iş deyil, əslində bir şərəfdir. Ona görə də belə kəlmələri milliləşdirmək, yaşatmaq millətlərin ru­hu­nu, enerji qaynağını daha da yüksəldir. Hətta böyük coğrafiyalarda imperiyalar quran dövlətlər vergi, xə­rac almaqla yanaşı, sözlər də almış və bu işi zəfər, şərəf sahibi kimi görmüşlər. Hal-hazırda dünyanın ən nüfuzlu və beynəlxalq dillərində başqa dillərdən çox­lu sözlər vardır. Bu da onu göstərir ki, dilin özü baş­qa­larını alçaldan millətçiliyin və şovinizmin əley­hi­nə­dir. Ancaq bununla belə hər bir millətin dilini mil­liləş­dirən, milli edən təməllər, ünsürlər vardır. Bun­lar­dan birincisi hər bir dilin səs quruluşu, fonetik qu­ru­luşudur. Səs quruluşu, fonetik quruluş əsasında bir dilin başqa bir dildən aldığı sözlər milliləşir, söz alan dilin səs quruluşuna, fonetik quruluşuna uyğunlaşır. Məsələn, Azərbaycan dilinin lüğət tərkibinə ərəb, fars və digər dillərdən daxil olmuş sözlər bu cür dili­mi­zin səs quruluşuna, fonetik quruluşuna uyğun­laş­mış və milliləşmişdir. Belə bir hal hər bir dildə var. Məsələn, türk dilinə yunan, italyan, ərəb, fars və di­gər dillərdən keçmiş ən azı 15.000 söz vardır. Həmin sözlər türk dilində yaşayır, başqa sözlə, işlənir.


Millətin dilini milliləşdirən, milli edən təməl­lər­dən biri də dilin öz qrammatik quruluşunun olma­sı­dır. Burada morfoloji və qrammatik quruluş nəzərdə tu­tulur. Təbii ki, dilin özünəməxsus morfoloji və sin­ta­ktik quruluşu geniş imkan yaradır ki, dil memar ro­lu­nu oynaya bilsin. Yəni dilin lüğət tərkibinə daxil olan sözlər morfoloji və sintaktik quruluşun ixti­ya­rı­na keçərək milliləşsin. Belə olduğundan alınma söz­lər daxil olduğu dili öz milli təməlindən uzaqlaşdıra bilmir. Bir sözlə, dilin fonetik quruluşu (səs quru­lu­şu), morfoloji və sintaktik quruluşu imkan vermir ki, alınma sözlər dili öz milli təməlindən çıxara bilsin, ya­xud da milli təməli sarsıtsın. Ona görə də dilin fo­ne­tik, morfoloji və sintaktik quruluşunu pozmaq is­tə­yində olanlara (bilərəkdən və ya bilməyərəkdən) əks reaksiya başlayır. Bu o deməkdir ki, alınma sözlərlə dilin təməlini sarsıtmaq, yıxmaq, yaxud da öz məh­fərin­dən çıxarmaq mümkün deyildir.


Dilin milli təməlinin möhkəm olduğunu, sarsıl­maz olduğunu, müqavimətli olduğunu anlatmaq üçün dillə bağlı bir çox elmi həqiqətləri aşkar şəkildə söy­lə­mək lazımdır. Mahmud Kaşğaridən üzü bəri türk dil­­ləri barədə xeyli elmi həqiqətlər söylənilmişdir. Dil­çi-türkoloqların araşdırmaları elmi həqiqətlərin ge­­niş yayılmasında mühüm rol oynamışdır. Mü­qa­yi­sə üçün qeyd edək ki, türk dilləri ilə bağlı elmi hə­qi­qət­­ləri söyləyənlərdən biri Şəmsəddin Sami olmuş­dur. O, osmanlıcanı və osmanlı dilini türk dili adlan­dır­mağın tərəfində olmuş, “Lisan və ədəbiyyatımız” məqaləsində yazmışdır: “Dünyada qulağa ən çox xoş gələn dil italyanca və rumcadır deyənlər var. Lakin təcrübə edənlər təslim və etiraf edərlər ki, dünyada qulağa ən xoş gələn və anlamayanları belə məftun və heyran edən bir dil varsa, o da İstanbulda və dövlətin böyük şəhərlərində danışılan türkcədir.


Mübaliğə etməyərək və sırf milli qeyrətlə bağlı söy­ləməyərək; yabançıların da təsdiqiylə deyə bilər­siz ki, milli dilimiz olan türkcə dünyanın ən gözəl dili deyilsə, ən gözəl dillərdən biri olduğu şübhəsizdir”.  Şəmsəddin Saminin bu fikri türk dillərinin hər birinə, o cümlədən Azərbaycan dilinə də aiddir. Türk dillərinin hər biri, o cümlədən Azərbaycan dili öz azadlığı uğrunda mübarizə apararaq bu günə gəlib çatmışdır. Hətta Şəmsəddin Sami türk dilinin istiqlal mübarizəsini anlatmağa çalışmışdır ki, həmin an­lat­ma­ğa çalışdıqlarını türk dillərinin hər birinə, o cüm­lədən Azərbaycan dilinə aid etmək olar. Şəmsəddin Sami ya­zır: “Osmanlı dili üç dildən, yəni ərəbcə, fars­­ca və türk­cədən yaranmışdır demək adət olmuş­dur. İlahi adətə və təbiətə bağlı olan bu fikir əksər dil və ədə­biyyat kitab­larında söylənib durur. Nə qədər yanlış, nə böyük xəta! Üç dildən yaranmış bir dil, dünyada görülməmiş şey!..


Xeyr! Heç də belə deyildir. Hər dil bir dildir. Qövmlər və millətlər arasında olduğu kimi dillər arasında da yaxınlıq və münasibət olub hər bir neçə dil bir zümrə təşkil edər. Bizim söylədiyimiz dil Turan dillər zümrəsinə mənsub Türk dilidir.

Buna birinci dərəcədə ərəbdən, ikinci dərəcədə farsdan bəzi kəlmə və ifadələr girmişdir. Lakin bu kəlmələr nə qədər çox olsa, dilin əsasını dəyişdirə bilməmişdir. Məsələn, ispan və portuqal dillərində o qədər çox ərəbcə kəlmələr vardır ki, bunların toplamı böyük bir cild təşkil etmişdir. Lakin həmin dillər ərəb ilə filan dildən yaranmışdır deyilməyibdir. Onlar latın zümrəsinə mənsub müstəqil dillər adlanır.


O cümlədən ingiliscədə yarı-yarıya fransızca kəl­mə olduğu halda, ingilis dili german zümrəsinə mən­­sub bir dil olub fransız dilindən fərqli dildir. Hər dilin başqa dillərdən almış kəlmələrinə baxılmaz, əsas olan kəl­mə­lə­rin dil bilgisi qaydalarına görə çək­məklərinə, söy­lə­niş­lərinə baxılır”.  Ni­had Sami Banarlının Səmsəddin Samidən sitat kimi gətirdiyi bu fikirləri bir həqiqət kimi başqa dillərdə də təsdiq etmək müm­kün­dür. Məsələn, ingilis və fran­­­sız dillərində ən azı 90.000 kəlmə yazıda və mə­na­­sında müştərək olsa da, səs­lən­mə­ləri fərqlidir. Bu müş­­tərək kəlmələri (90.000 kəl­mə­ni) fransızlar fran­sız dilinin, ingilislər ingilis dilinin səs quruluşu (fo­ne­tik quruluşu) ilə səsləndirirlər. Bununla belə, həm ingilislər, həm də fransızlar bu kəlmələri (90.000 kəl­məni) latın dilindən aldıqlarına baxmayaraq, öz milli kəlmələri kimi qəbul edirlər və belə də bilirlər.   Hər bir dilin lüğət tərkibindəki sözlərin mən­şə­yi barədə dəqiq statistika aparmaq mümkündür. Heç şübhəsiz ki, nəticə onu təsdiq edəcəkdir ki, alın­ma söz­lər dillərin fonetik, morfoloji və sintaktik qu­ru­­luşunu, dilin əsasını dəyişə bilmir.


Hər bir dilin özünəməxsus fonetik, morfoloji və qram­­matik quruluşu vardır. Dilərin bu cür özünə­məx­sus quruluşu onların özünəməxsus arxitek­turasıdır. Özü­­­nə­­­məxsus quruluşu, arxitekturası olan dili heç bir alın­ma söz və sözlər dəyişdirə bilməz. Alınma sözlər, dilin lüğət tərkibinə daxil olan sözlər dili dəyişəcək, dili öz kökündən uzaqlaşdıracaq, dilin milli təməlini po­za­caq deyənlər yanılırlar. Heç vaxt dilin özünə­məx­sus qu­ru­luşu, arxitekturası dilin milli təməlinin pozul­ma­sına imkan verməyəcəkdir. Ona görə ki, dilin özünə­məxsus qu­­ruluşu, arxitekturası parçalanmayan, bölünməyən kris­­­­tallardır. Ancaq dilin lüğət tərkibinə zərurətlə bağlı da­xil olan sözlər tez-gec dilin özünə­məx­sus quruluşuna, arxi­­­tekturasına uyğunlaşmalıdır və uyğunlaşacaqdır. Onu da qeyd edək ki, hər bir dilin özü alınma sözlərə öz qapısını açır və bu prosesi təbii bir tələbata çevirir. Belə bir hal beynəlxalq statusu olan dillərdə də, bey­nəl­xalq statusu olmayan dillərdə də, dövlət dillərində də, dövlət dili olmayan dillərdə də özünü göstərir. Aparıl­mış statistik hesablamalar təs­diq edir ki, beynəlxalq dil­lər­dən biri olan ingilis di­lində sözlərin 75%-i latın, 25%-i  isə german mənşəli sözlərdir. Latın mənşəli söz­lər ingilis ədəbi dilində, german mənşəli sözlər isə canlı danışıq dilində işlənir.. Vaxtilə ingilis dilində german mənşəli söz­ləri daha geniş yaymaq, latın mə­n­şəli sözləri isə dildən çı­xar­maq üçün “Təmiz İngiliscə dər­nəyi” adlı dərnək ya­radılmışdır. Ancaq bu dərnək in­gilis dilinin lüğət tər­kibindəki 120.000-dən çox söz­lərin 75% latın əsilli olan­larını dildən çıxartmalıydımı? Əgər bunları çı­xar­ma­yacaqdısa, onda onların yerinə han­­­­sı sözləri gətir­mə­liydi? Amma ingilislər 120.000-dən çox sözlərin hər birini ingilis dilinin fonetik quru­lu­şu­­na uyğun tə­ləf­füz etdiyi üçün, həmin bu sözləri in­gilis sözləri kimi qəbul etmiş, dilin lüğət tərkibində olan otu­ruş­­muş söz­lər kimi mənimsəmişlər. Bu mənada Azər­­­­baycan dili­nin lüğət tərkibində olan oturuşmuş söz­­lərin lüğət tər­ki­bindən çıxarılması barədə yollar ax­tar­­­mağa, bu barə­də düşünməyə heç bir ehtiyac yoxdur. Dün­­­­­ya­nın hər bir dilində oturuşmuş sözlərə lüğət tər­kibində vətən­daş­lıq hüququ qazanmış sözlər kimi bax­maq la­zım­dır. Məhz bu məntiqlə yanaşdıqda gör­ür­ük ki, bə­zən dilin tətbiqi məsələləri ilə dilin lüğət tər­ki­bi­nə daxil olmuş oturuşmuş sözlərin taleyini bir-biri ilə qarış­­­­­dıran­lar da vardır. Belə ki, dilin lüğət tər­kib­ində alın­­­ma olan otu­ruş­muş sözlərə “meydan ver­məyək” de­yən­­lər məsə­lə­yə birtərəfli yanaşırlar. On­lar dilin tət­bi­qi im­kanlarını, həm də düzgün tətbiqi im­kan­la­­rı­nı nə­zə­­rə almır, yalnız və yalnız təbii şəkildə lüğət tər­­­kibinə da­xil olan söz­lə­rə sədd çəkməklə dilin ta­­leyini həll et­mək istəyirlər. Hal­buki əsas məsələ dilin lü­ğət tər­­kibin­də­ki sözləri düz­­­gün tətbiq etmək, işlə­t­mək, məhz dilin qayda-qa­nun­­larına əməl edərək işlət­mək vacib və əhə­miy­­yət­li­dir. Odur ki, mədəni tələblərə uy­­ğun danışmaq, nitq mədəniyyətinin tələb­lə­ri­nə uyğun danış­­­­maq mə­də­ni olmağın ən ümdə gös­tə­ri­ci­lərindən biridir. Bu mə­də­ni gös­təricilərə əməl etmək bir yanda qalır, bəzən lüğət tər­­ki­binə daxil olan sözlərə qarşı sədd çək­­­mək kam­pa­ni­­yası başlayır. Bu­nun­la da dilin lüğət tər­­­­kibinin aça­rını bağ­­lamaqla dilin mədəni im­kan­ların­dan özlərini uzaq­laş­­dırırlar. Ancaq di­lin lüğət tərkibinin aça­rını aç­ma­ğı bacaranlar dil mə­də­niyyəti baxımından baş­qa­la­rın­dan fərq­­lənir, nitq mə­də­niyyəti baxımından yüksək səviyyə­lə­­rini nümayiş et­dirə bilirlər. Belələri həm də söz sahibi ola bilirlər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı