Modern.az

“YÜKSƏLİŞ”  - YENİ BAŞLANĞIC  

“YÜKSƏLİŞ”  - YENİ BAŞLANĞIC  

Aktual

26 Dekabr 2019, 15:48

Azərbaycanda həyata keçirilən kadr islahatları yalnız ölkənin ictimai-siyasi həyatında deyil, həm də cəmiyyətin özündə bir canlanma yaradıb. Genişmiqyaslı və əhalinin demək olar ki, bütün təbəqələrini əhatə edən sosial-iqtisadi islahatların ictimai-psixoloji təsirinin yaratdığı ab-hava ardıcıl kadr islahatları ilə daha pozitiv və optimist ictimai düşüncənin formalaşmasını şərtləndirən əsas amil kimi çıxış edir.

 

Aparılan kompleks islahatların istiqamətləri, əhatə dairəsi və ilkin nəticələrinin təhlili göstərir ki, Azərbaycan öz tarixinin yeni bir mərhələsinə qədəm qoyur. Bu mərhələni ictimai həyatın bütün sferalarını əhatə edən islahatlar dövrü kimi səciyyələndirənlər yəqin yanılmırlar. Çox güman ki, tarixçilər də müəyyən bir zaman kəsimindən sonra 2018-2019-cu illəri məhz islahat illəri kimi qiymətləndirəcəklər. Proseslərə daha geniş aspektdən, dünyada və regionda cərəyan edən mürəkkəb proseslər kontekstində baxsaq, əslində, mahiyyət etibarilə bu iki ili Prezident İlham Əliyevin siyasi iradəsi ilə və cəmiyyətdən gələn sosial sifariş əsasında həyata keçirilən “dinc inqilab” illəri kimi də qiymətləndirmək mümkündür. Ən azı ona görə ki, indiki Azərbaycanın siyasi elitası və dövlət-vətəndaş münasibətlərinin xarakteri iki il öncəkindən kəskin şəkildə fərqlənir. Ölkədə tamamilə fərqli, modern təfəkkür daşıyıcısı olan siyasi elita formalaşır. Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2019-cu il tarixli Sərəncamına əsasən təsis edilmiş “Yüksəliş” müsabiqəsi bu prosesin davamlı və sistemli olacağının daha bir göstəricisidir.

 

“Yüksəliş” müsabiqəsinin əsas hədəfi heç şübhəsiz ki, yeni idarəetmə sisteminə keçidin mühüm və effektiv təminat mexanizminə çevrilməkdir. Bu qədər miqyaslı və dərin sosial-siyasi məzmun kəsb edən dəyişiklikləri həyata keçirmək üçün islahatların mahiyyətini, məzmununu və gələcək məqsədlərini daha yaxşı dərk edən, dünyada baş verən prosesləri analiz etmək qabiliyyətinə, son dərəcə müasir təfəkkür tərzinə malik və bir o qədər də peşəkar kadr bazasının yaradılması mühüm əhəmiyyət kəsb edir. İlk növbədə ona görə ki, yeni idarəçilik modelinə keçid yeni təfəkkür, yeni baxış və yanaşmalarsız mümkün deyildir. “Yüksəliş” müsabiqəsi bu yenilikçiliyin və Prezident İlham Əliyevin həyata keçirdiyi islahatların ruhuna uyğun kadrlar bazasını yaradacaq. Daha dəqiq desək, bu kadrlar haqqında vahid məlumat bankını. Müsabiqənin məqsədi də elə intellektual səviyyəsi və idarəetmə bacarıqları yüksək olan perspektivli rəhbərlərin müəyyən edilməsi, onların inkişaf etdirilməsi, dəstəklənməsi və bununla da ölkədə kadr ehtiyatı bankının yaradılmasından ibarətdir.

 

Müsabiqənin cəmiyyət üçün ən faydalı cəhətlərindən biri intellektual və idarəçilik potensialı uyğun olan hər bir vətəndaşa həyata keçirilən islahatların bir hissəsi olmaq imkanı yaratmasındadır. Bütün mərhələləri uğurla keçən namizədlər ehtiyat kadr bazasına daxil ediləcək və dövlət idarəçilik sistemində təmsil olunmaqla bu islahatların icraçılarından birinə çevriləcəklər. Bu həm də o deməkdir ki, namizədlər sosial statusundan asılı olmayaraq, həm islahatlardan yararlanmaq, həm də onların reallaşmasında iştirak etmək imkanı əldə edəcək. “Yüksəliş” müsabiqəsinin ən mütərəqqi cəhətlərindən biri də elə budur - cəmiyyətin sosial sifarişi əsasında həyata keçirilən islahatlarda bütün təbəqələrdən olan hazırlıqlı kadrların iştirakına fürsət yaratması.

 

“Yüksəliş” müsabiqəsi Azərbaycanda yeni dövlət idarəçiliyi sisteminin kadr resurslarını təmin edəcək müasir, ədalətli və çevik bir mexanizm təklif edir. İndiki mürəkkəb dünyanın, yeni trend və tendensiyaların çağırışlarına uyğun kadrların müəyyən edilməsi bu müsabiqənin əsas hədəfidir. Lakin məsələ heç də yalnız yeni çağırışların formalaşdırdığı şərtlərdə deyil. Məsələ həm də ondadır ki, Azərbaycan cəmiyyətində siyasi elitanın formalaşdırılması prinsipləri barədə uzun illər ərzində yaranmış steorotipləri sındırmaq tarixi zərurətə çevrilib. Yeni dövrün siyasi elitasının formalaşması mexanizmi iqtisadi, sosial, siyasi sahədə aparılan islahatların, dövlət idarəçilik sistemində həyata keçirilən struktur və kadr dəyişikliklərinin ruhuna uyğun olmalıdır. Prezident İlham Əliyevin “Yüksəliş” müsabiqəsi haqqında sərəncamı da əslində tarixi proseslərin diktəsi ilə yaranmış daha bir steorotipi sındırmağa hesablanıb. Azərbaycanda dövlət başçısının siyasi iradəsi ilə daha bir “dinc inqilab” baş verir. Bu həm də ölkədə yeni bir tarixi dönəmin başlandığına işarədir.

 

Mail AĞAXANOV

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı