Modern.az

Umud Rəhimoğlu BAMF-ın 20 illik yubileyini keçirəcək

Umud Rəhimoğlu BAMF-ın 20 illik yubileyini keçirəcək

Aktual

30 Noyabr 2012, 12:14

Bununla bağlı BMT rəsmisi Azərbaycana gəlir

Dekabrın 4-də Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) yaranmasının 20 illiyi ilə bağlı böyük tədbir keçiriləcək. Bu barədə BAMF-ın sədri Umud Rəhimoğlu məlumat verib. Onun sözlərinə görə, bir müddət əvvəl BAMF-ın idarə heyətinin üzləri toplaşaraq bu barədə qərar veriblər. U.Rəhimoğlunun rəhbərliyi, fondun idarə heyətinin üzvləri akademik Hətəm Quliyev, təşkilatın beynəlxalq məsləhətçisi Lütfül Kabir, şair-publisist Vaqif Bəhmənli, Siyab Məmmədli, departament rəhbərləri Nik Nvolisa və Rey Kərimoğlundan ibarət yaradılmış təşkilat komitəsi yubiley tədbirləri ilə bağlı əsas hazırlıq işlərini yekunlaşdırıblar.

“Bu il BAMF-ın yaranmasının və fəaliyyətə başlamasının 20 illik yubileyidir. Bu illər ərzində Azərbaycan həqiqətlərinin mötəbər tribunalardan, o cümlədən BMT-nin yüksək tribunasından müntəzəm olaraq diqqətə çatdırılması BAMF-ın prioritet məqsədlərindən biri olub. Hazırda təşkilat dekabrın 4-də özünün media, Azərbaycandakı humanitar və vətəndaş cəmiyyətinin inkişafı sahəsində aktiv, uğurlu fəaliyyətinin 20 illik yubileyini qeyd etməyə hazırlaşır. BMT adından yubiley təbriki çatdırmaq üçün BMT-nin İqtisadi-Sosial Şurasının-ECOSOC-un QHT bölməsinin rəhbəri Andrey Abramov da Azərbaycana gələcək. Tədbirdə bir çox xarici ölkədən gələcək qonaqlarla yanaşı beynəlxalq təşkilatların, BMT-nin Azərbaycandakı digər agentliklərinin rəhbərləri, ölkəmizdə fəaliyyət göstərən xarici ölkə səfirliklərinin nümayəndələri, o cümlədən Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri, media mənsubları, millət vəkilləri də iştirak edəcək”,-deyə BAMF sədr bildirib. U.Rəhimoğlunun sözlərinə görə, media və vətəndaş cəmiyyətinin inkişafı, böhranın idarə olunması, sülhməramlı aksiyalar və konfliktologiya, qaçqınlar və məcburi köçkünlərin problemləri və icmanın inkişafı istiqamatlərində fəaliyyət göstərən BAMF 2007-ci ildən Azərbaycan Respublikasında fəaliyyətləri Beynəlxalq Humanitar yardım üzrə Respublika Komissiyası tərəfindən əlaqələndirilən təşkilatların siyahısına daxil edilib.

Xatırladaq ki, BAMF 1992-ci ildə bir qrup jurnalist tərəfindən yaradılıb. BAMF BMT qurumları, ABŞ Dövlət Departamenti, Avropa Komissiyası, Dünya Bankı, Beynəlxalq Mətbuat İnstitutu, Beynəlxalq Jurnalistlər Federasiyası, bir sıra ölkələrin Azərbaycandakı səfirlikləri, nazirliklər, agentliklər, habelə regiondakı yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir. BMT-nin İqtisadi- Sosial Şurasının (ECOSOC) QHT bölməsinin xüsusi məşvərətçi statuslu üzvü olan BAMF Qaçqınlar və Sığınacaq Axtaranlar üzrə Avropa Şurasının (ECRE), ABŞ Dövlət Departamenti İctimai-Özəl Tərəfdaşlıq Proqramının, Beynəlxalq Sülh Bürosunun (BSB), Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) üzvüdür.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı