Modern.az

Brüsseldə Azərbaycanın irəli sürdüyü təkliflər qəbul edilib

Brüsseldə Azərbaycanın irəli sürdüyü təkliflər qəbul edilib

Güncel

7 Aprel 2022, 20:29

Aprelin 6-da Brüsseldə Avropa İttifaqı Şurasının prezidentinin təşəbbüsü ilə baş tutan növbəti üçtərəfli görüş ötən ilin dekabrında Azərbaycan Prezidenti İlham Əliyevlə Şarl Mişelin müəyyənləşdirdiyi sülh gündəliyinin həyata keçirilməsi istiqamətində atılan növbəti addımdır və mahiyyət etibarilə prosesin yeni, əməli mərhələyə keçdiyini nümayiş etdirir.


Bu sözləri Modern.az saytına açıqlamasında millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.


Millət vəkili qeyd edib ki, Avropa Şurası prezidentinin görüşün nəticələri ilə bağlı bəyanatı və mətbuat konfransında səsləndirdiyi fikirlər Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təkliflərin istisnasız olaraq qəbul edildiyini təsdiqləyir:

 

“Aİ Şurası Prezidentinin bəyanatında diqqət çəkən önəmli məqamlardan biri, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı, eləcə də 44 günlük müharibənin nəticələrinin istisnasız olaraq qəbul edilməsidir. Sənəddə “münaqişə”, “Dağlıq Qarabağ” kimi ifadələrin yer almaması da bunu sübuta yetirir. Başqa bir əhəmiyyətli məqam isə ATƏT-in Minsk Qrupu ilə bağlı, bir qayda olaraq, Ermənistan tərəfindən irəli sürülən iddiaların sülh müqaviləsi müzakirələrinin gündəliyindən çıxarılması və bunun davamlı hal almasıdır. Ötən ilin dekabr ayında keçirilən üçtərəfli görüşdən sonra verilən bəyanatda da sözügedən məsələlərin yer almaması, dövlətlərin ərazi bütövlüyünü şübhə altına ala biləcək bütün məqamların Ermənistan-Azərbaycan münasibətlərinin perspektiv gündəliyindən çıxarılması anlamına gəlir”. 


Azər Kərimli aprelin 6-da keçirilən görüşün nəticələrinin, prinsip etibarilə daha praktik, daha dolğun olduğuna diqqət çəkib:

 

“Bu sırada sülh müqaviləsi üzrə hər iki ölkənin xarici siyasət idarələrinə müvafiq təlimatların verilməsini, sərhəd məsələləri üzrə birgə komissiyanın yaradılmasını, delimitasiya prosesinin başladılmasını, nəqliyyat-kommunikasiya xətlərinin bərpasını, dəmir və avtomobil yollarının çəkilməsini və digər bu kimi məqamları nəzərdə tutan razılaşmaları qeyd etmək olar. Bütün bunlar müzakirələrin gündəliyinin Azərbaycan tərəfinin mütləq üstünülüyü ilə müəyyənləşdirildiyini nümayiş etdirir. Qeyd olunan məqsədlərlə ikitərəfli münasibətlərinin formalaşması və inkişafını nəzərdə tutan məşvərət mexanizmlərinin yaradılması da Avropa İttifaqının bu prosesdə öz neytrallığını qorumaq niyyəti güddüyünü, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin mövcud reallıqlar, həmçinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində təmin edilməsində maraqlı olduğunu təsdiqləyir. Azərbaycanla Ermənistan arasında birbaşa danışıqları nəzərdə tutan mexanizmlərin yaradılması ilə bağlı razılaşmalar isə, şübhəsiz ki, prosesə süni və məqsədyönlü əngəllərin yaradılmasının qarşısını alacaq zəruri elementlərdir”.


Millət vəkili, bütövlükdə Prezident İlham Əliyevin Brüsselə səfəri çərçivəsində əldə olunan razılaşmaların sülh prosesində müsbət tendensiyaların ön plana keçirilməsinə töhfə verəcəyinə əmin olduğunu bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı