“Nankor dünya! Xocalını bizə çox gördü!..”
Modern.az-ın müsahibi Nazim Hüseynov Xocalı hava limanında, mühafizə xidmətində çalışıb.
– Əslən Əsgəran rayonunun Xanabad kəndindənəm. 1985-ci ildən Xocalıda yaşamağa başlamışıq. Xocalının ən ağır günlərində orada olmuşam. Qətliam vaxtı 22 yaşında idim. Xocalıdakı 21 nəfərlik heyətdən sağ qalmış tək-tük adamlardan biri də mənəm.
– Faciədən öncə bölgədə nələr baş verirdi?
– 1991-ci ilin oktyabr ayında artıq Xocalıya gedən yollarda gediş-gəliş kəsilmişdi. Yalnız hava vasitəsilə əlaqə saxlanılırdı. Dekabrın 22-dən 23-ə keçən gecə ermənilər Meşəli kəndində qırğın törətdi.. Ora könüllü gedənlərdən biri də mən olmuşam. Səhərə qədər müqavimət göstərsək də, yetərli olmadı. Çünki kifayət qədər silah-sursatımız yox idi. Komandirimiz, Xocalı aeroportunun komendantı Əlif Hacıyev Ağdama kömək barədə müraciət etsə də, faydası olmadı. 8 nəfər müdafiə batalyonun döyüşçüsü, habelə mən, Mahir Usubov və Yadigar Sadıqov döyüşə getdik. Biz Meşəliyə çatanda ora od tutub yanırdı. Mühasirəyə düşdük. Bir güllə qaş nahiyəmdən, biri də qulağımdan dəydi. Amma döyüşdən sağ çıxdım. Kömək gələndən sonra kəndi azad etdik. Mənisə təcili yardımla Şuşaya apardılar. Şuşada ikən eşitdim ki, ermənilər Meşəlini işğal edib.
– Xocalı faciəsi baş verən günü necə xatırlayırsınız?
– Fevralın 25-də axşam radələrində Xocalı aeroportunun mühafizəsində, yəni iş başında idim. Milli Qəhrəman Əlif Hacıyev də bizimlə idi. Xocalının Xankəndi istiqamətində qorunması bizim üzərimizə düşürdü. Təxminən saat 14 radələri idi. Hər tərəfdən məlumatlar almağa başladıq. Artıq zirehli texnikanın səsini eşidirdik. Anladıq ki, Xocalı mühasirədə, ermənilərin əhatəsindədir. Axşam düşəndə həlqə daralmağa, texnikaların projektorları yaxınlaşmağa başladı. Bu, keçmiş sovet ordusunun 366-cı alayının zirehli maşınları idi. Yeri gəlmişkən, 120 zirehli texnikanın olduğu həmin alayda 41 nəfərlik gizir-zabit heyəti ermənilərdən ibarət idi.
Təxminən axşam saat 9-da top atəşi, eyni vaxtda tanklardan, BTR və BMP-lərdən atəşlər açıldı. Bir andaca Xocalını alov bürüdü. Saat 10-da artıq döyüşlər Xocalının içində gedirdi. Sağ qalıb Kiçik Qarqar çayına üz tutan insanlar nəhayət, səhəri Əsgəran rayonun Naxçıvanik kəndində, “Qaraqaya” deyilən bir yerdə pusquya düşürüldü. Ermənilər qoca, cavan, uşaq, hamilə qadın demədən hamısına divan tutdular. Körpələrin başı kəsildi, hamilə qadınların qarnını yarıb, bətnindəki uşağı çıxarıldı. Bütün bunlar gözlərim qarşısında baş verib. Həmin gün insanlıqdan əsər-əlamət qalmamışdı.
– Cəsədləri oradan necə çıxartdınız?
– Həmin hadisədən 2 gün sonra şəhidlərin toplandığı yerə gəldik. Meyitlər sanki əşya imiş kimi üst-üstə yığılmışdı. Həmin ərazidən 62 cəsəd topladıq. Sonra Əsgərandan 21 meyit götürdük. Dəhşətdən əvvəlcə ağladım. Amma sonra göz yaşlarım qurumuşdu sanki. Bunları danışmaq asan deyil... Bir qonşumuz vardı, heç vaxt erməniyə güldən artıq bir söz deməmişdi. Onun qollarını arxadan təkərə bağlayıb, diri-diri yandırmışdılar... Bunu hamı bilir, amma bir daha xatırladım. Soyqırımda 613 nəfər qətlə yetirildi, onlardan 83 nəfər uşaq, 100 nəfəri qoca. 1275 nəfər əsir götürüldü, 150 nəfərin bu günə qədər də taleyi bəlli deyil. 57 nəfər isə xüsusi amansızlıqla məhv edildi. 8 ailə tamamilə məhv oldu.
– Öz ailənizin taleyi necə oldu?
–7 ailə Xocalı mühasirəsindən sağ çıxdı. Onlardan biri də bizim ailə idi. Atam, anam, 2 qardaşım. Bu da qismət. Atam həmin gün 2 güllə yarası almışdı. Şükürlər olsun ki, indi də sağdır. Anam isə xəstəlikdən vəfat etdi.
Yadımdadır ki, Xocalını tərk edəndə Qarqar çayını keçib meşəyə çatdıq. Atamı aramızda görməyib geri qayıtdım. Hər yer alov içində idi. Məni vahimə basdı. Birtəhər evimizə girdim, atam yox idi. Evdən çıxıb su quyusunun yanına çatanda birdən ağlıma gəldi ki, bəlkə kişi heyvanlara yem vermək üçün tövləyə girib? Tövlənin qapısını açdım, lampanın işığında atamı gördüm. Atama birlikdə şəhəri tərk etdik. Güc-bəlayla yol getdik. Yol getdikcə tez-tez yıxılır, çiynimin üstündən geri baxdıqca ayaqlarım tutulurdu. Qarqar çayını keçəndə ayaqları donmasın deyə atamı belimə aldım. Nəhayət, dağın üstünə çıxanda gördüm ki, Xocalının külü qalıb.
– Necə oldu Bakıya gəldiniz?
– Hadisədən 10 gün sonra Bakıya gəldik. Valideynlərimin bura gəlməsindən xəbərsiz idim. Çünki 2 gün sonra meyitlərin gətirilməsi üçün yoldaşlarımla bərabər getmişdim. Milli qəhrəmanlar Aqil Quliyev, Əlif Hacıyevin nəşini də ordan götürüb Ağdama gəldik. Mənə bildirdilər ki, ailəmiz artıq Bakıdadır. Sonra mən də Bakıya gəldim, Texniki Universitetin yataqxanasında məskunlaşdıq.
İndi ailəliyəm, 2 oğlum var. Onlar burada dünyaya gəlib. Texniki Universitetin yataqxanasında komendant işləyirəm. İlk günlər çox çətin idi. İsti yuvamızı tərk edib gəlmişdik. Xocalıda bizə 50 nəfər qonaq gəlsəydi, onları rahatlamağa hər cür şəraitimiz vardı. Amma burda bir pambıq döşək, bir pambıq adyalımız vardı. Taleyimizlə barışdıq. 22 keçib artıq. Az müddət deyil. Amma içimdə vətən həsrəti var. Danışanda qəlbim parçalanır. Mən öz torpağımda yaşayıb ölmək istəyirəm. Bəlkə də bizim sağ qalmağımız da olanlara şahidlik etmək və qisas üçündür. Buna inanıram, qisas günü mütləq olacaq.
– Xocalı sakinlərindən kimlərlə əlaqə saxlayırsınız?
– Əfsus ki, Xocalıdan çıxanlar 62 rayona səpələnib. Onlarla ancaq xeyirdə-şərdə görüşürük. İnanın ki, hətta hüzr yerində görüşəndə də bunu özümüzə bayram sanırıq. Yası unudub dərdləşməyə başlayırıq. O günlər bizim üçün nə qədər ağır olsa da, xoş xatirələrimiz də var.
Nankor dünya! Xocalını bizə çox gördü!..
Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Ortaq Dəyərlər" İctimai Birliyinin həyata keçirdiyi "Xocalı soyqırımı Türk dünyasının ortaq faciəsi" kimi" layihəsi çərçivəsində dərc olunur.
Gülşən Qasımova