Modern.az

BDU-nun Jurnalistika fakültəsində yeni qayda: tələbələr həyəcanlanıb

BDU-nun Jurnalistika fakültəsində yeni qayda: tələbələr həyəcanlanıb

Ölkə

26 Aprel 2010, 19:24

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələrinə onları həyəcanlandıran xəbər verilib: növbəti semestr imtahanlarında test üsulu tətbiq olunacaq. Bu xəbər fakülətənin tələbələri tərəfindən o qədər yaxşı qarşılanmayıb. Bu təbii haldır, çünki hər bir yeni qayda həmişə cəmiyyətdə müqavimətlə rastlaşır. Qeyd edək ki, indiyədək jurnalistika fakültəsində tələbələr semestr imtahanlarını yazılı formada verirdilər. Maraqlıdı, niyə məhz test üsuluna keçilir? Sualımıza aydınlıq gətirmək üçün Bakı Dövlət Universitetinin tədris işləri üzrə prorektoru Vüsət Əfəndiyevlə əlaqə saxladıq. Vüsət Əfəndiyev bildirdi ki, imtahanlarda test, yazılı və ya dialoq üsulunun seçimi hər bir ali məktəbin özündən asılıdır.  V.Əfəndiyev indiyədək tətbiq olunan şifahi və yazılı imtahan formasının zəif cəhətilərindən danışaraq test sisteminə keçidin daha məqsədəuyğun olduğunu vurğulayıb: “Əvvəlki sistem tələbələrə müəyyən çətinliklər yaradırdı. Bəzi tələbələrin xətti oxunmurdu, bir tərəfdən müəllimlər tələbələrə qarşı diqqətsizlik edirdi, ya da tələbə müəllimi qiymət verərkən qeyri-obeyktivlikdə günahlandırırdı. Hər halda, bu tip problemlərin qarşısını almaq üçün test sistemi daha məqəsədəuyğundur". Məsələyə jurnalistika fakültəsində oxuyan tələbələrdən də münasibət öyrəndik.

Cəmilə Əhmədova (III kurs tələbəsi ): "Mən jurnalistika fakültəsində təhsil aldığım bu 3 il ərzində imtahanlarla bağlı çox tez-tez yeniliklər olub, demək olar ki, hər semestrdə. I kursun ilk semestrində imtahan vərəqələri tələbələrin öz yanında yoxlanılırdı. Növbəti il nəticələr gizli, tələbələrin iştirakı olmadan yoxlanıldə. III kursun ilk yarımilində isə daha bir yenilik oldu, imtahan cavablarımızın əksəriyyəti qeyri-ixtisas fənlərindən dərs keçən müəllimlər tərəfindən yoxlanıldı. Təbii ki, burada da problemlər oldu. Qarşıdakı semestrdə isə imtahanların daha fərqli bir sistemlə test üsulu ilə keçiriləcəyi deyilir. Testə münasibətim o qədər də yaxşı deyil. Jurnalistin fəaliyyəti demək olar ki, onun qələminin gücündən asılıdır. Əvvəlki sistemdə sualları cavablandırarkən öz fikilərimizdən yararlanırdıq. Zənnimcə, test bizi passivləşdirəcək. Test sistemi humanitar yönümlü fakültələrədə tələbələrin əzbərçiliyinə gətirib çıxaracaq".

İlham Salehoğlu (II kurs tələbəsi ): "Düzdür, biz ali məktəbə qəbul imtahanını test üsulu ilə vermişik. Və bunu nəzərə alıb bizim tələbələrə baxsaq, görərik ki, onların bir çoxu özlərini ifadə etməkdə, düşündüklərini qarşısındakına çatdırmaqda çətinlik çəkirlər. Bunun səbəbini belə izah etmək olar ki, test tələbələrin fikir və düşüncələrin məhdudlaşdırır. Bu sistem özü ilə birlikdə əzbərçilik gətirir. Jurnalistka yaradıcı peşə olduğu üçün bu sistem bizə sərf etməyəcək. Qələm sahibləri olaraq, fikirlərimizi bir işarəylə deyil, söz və cümlələrlə yazmalıyıq. Lakin bununla yanaşı testin üstün cəhətləri də var. Bu sistem bizdən konkretlik tələb edəcək. Belə olduqda, üzərimizə düşən məsuliyyət artacaq. Digər yöndən, test özü ilə birgə şəffaflıq və obyektivlik gətirəcək. Yəni, tələbələr öz haqlarıı tamamilə ala biləcəklər".

Gülnarə Şabanova (III kurs tələbəsi ): "Mənim fikrimcə, əvvəlki üsul daha münasib idi. O üsulda ən azından öz fikrimizi bildirə bilirdik. Həm də bizdə axı, dəqiq fənlər deyil, humanitar fənlər tədris olunur. Bu fənlərdə isə fikrimcə, test üsulunun tətbiq edilməsinə ehtiyac yoxdur. Jurnalistikanın tələbələri üçün test üsulu ilə universiteti qurtarmaq mənə bir az məntiqsiz kimi görünür".

Hacıbəy Heydərov (II kurs tələbəsi ): "Test əslində bizə yad anlayış deyil. Universitetə daxil olanadək, demək olar ki, hər həftə test imtahanı verirdik. Düşünürəm ki, jurnalistika fakültəsində test üsuluna keçmək normaldır. Tələbələr imtahanda çox həyacanlı olurlar. Olur ki, hansısa sualın cavabı yaddan çıxır. Testin üstünlüyü ondadır ki, tələbə variantlara baxıb düzgün cavabı yada sala bilirlər. Dürrə Həsənova

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı