Elimizin-obamızın ən əziz bayramlarından olan Novruza sayılı günlər qalır. Çal-çağırlı, bol nemətli günlərin daha şən, təmtaraqlı keçməsində "mavi ekran" ın, sərhəd bilməyən radio efirinin də xüsusi payı var. Modern.az-ın məlumatına görə, İctimai Televiziya və Radio Yayımları Şirkəti də maraqlı el şənlikləri ilə öz tamaşaçılarının görüşünə gələcək.
İTV rəsmisindən aldığımız məlumata görə qurumun yaradıcı kollektivi Novruza həsr edilmiş xüsusi proqramlar hazırlayıb. Onu da qeyd edək ki, İTV bayram günlərində də son ayların ənənəsinə uyğun olaraq maarifləndirici proqramlara da üstünlük verəcək. "Yeni gün" proqramında və digər verilişlərdə Novruzun xeyir-bərəkətin, toy-büsatın, təzələnmənin, firavanlığın rəmzi olduğunu təsdiqləyən ekspert rəylərinə, alim və mütəxəssis çıxışlarına, tamaşaçı fikirlərinə geniş yer veriləcək. Ölkə tamaşaçı və dinləyiciləri, qonaqlarımız bayram verlişlərinin və proqramlarının efir sırası ilə qismən də olsa tanış etmək istərdik. Martın 18-də saat 18:10-da efirə çıxacaq "İlaxır çərşənbə" adlı geniş konsert proqramı Xaçmaz rayonunda lentə alınmışdır. Proqramda ölkənin adlı-sanlı sənət adamlarının, tanınmış müğənnilərin iştirakı nəzərdə tutulur. Həmin axşam tamaşaçılara "İlaxır çərşənbə" adlı sənədli televiziya filmi də təqdim olunacaq. Azərbaycan kinosunun incilərindən olan "Qorxma mən səninləyəm" bədii filmi isə martın 21-də axşam saatlarında İctimai Televiziyanın efirində ilk dəfə gösrətiləcək. Novruz bayramı günlərində Azərbaycan kinosunun incilərindən olan "O olmasın, bu olsun" , "Arşın mal alan", "Dəli kür", "Bəyin oğurlanması", "Ələddinin sehirli çırağı" bədii filmlərinin təqdimi də tamaşaçıların ürəyindən olacaq. "Əsrlərin sədası" verlişində Özbəkistanda keçirilən Novruz bayramının görüntüləri təqdim olunacaq.İctimai Radionun yaradıcı kollektivi də Novruz bayramına xüsusi töfhələr hazırlayır. Martın 19-dan başlayaraq "Yaz bayramı, saz bayramı", "Gülüş ömrü uzadır", "Bayram görüşləri", "Bölgələrdə Novruz", "Bahar fəsli və Novruzun tarixi kökləri" və digər rublikalarla təqdim olunan verlişlər, bayram ovqatlı mahnılar radio əməkdaşlarının dinləyicilərə əsl Novruz payı olacaq. Bayram buraxılışlarında aşıqlar Altay Məmmədov və Məharət Şəfiyev, müğənnilər Günay İbrahimli, Elçin Cəfərov, Nadir Qafarzadə, Elnarə Abdullayev, Zabit Nəbizadə, Gülüstan Əliyeva və başqaları dinləyicilərin bayram sevincinə qatılacaqlar. Görkəmli Azərbaycan şairi Məmmədhüseyn Şəhriyarın doğum gününə həsr olunmuş ədəbi kompozisiya martın 20-də 21:45-də efirdə olacaq.
Modern.az