17 noyabr 2018, Şənbə
Ana Səhifə - - Şərqin ilk qadın təyyarəçisi – Azərbaycanlı Leyla Məmmədbəyova
Şərqin ilk qadın təyyarəçisi – Azərbaycanlı Leyla Məmmədbəyova
10.12.2014, 10:08

Onların hərəsi bir sənətdə ilkə imza atdılar. Birincilik, əlbəttə ki, şöhrəti də gətirdi. Adlarını tarixə yazdı. Onları tanıdılar, görməyə can atdılar... Ancaq çox sınaqlardan keçdilər. Çünki birinci addımı atmaq, ilk cığır salıb, yol açmaq üçün cəsarət gərəkdir. Bu cəsur qadınlar da özlərində BIRINCI olmaq cəsarətini tapdılar.

Bu gündən Modern.az saytında başladığımız yeni silsilə yazıların qəhrəmanları onlar olacaq. Beləliklə, “BİRİNCİLƏR”imizdən biri...

...Doqquz yaşındaydı. Bakıdan köç başlamışdı. 1918-ci ildə erməni daşnakları və rus bolşevikləri türk millətinə qarşı qırğınlar törədirdilər. Sağ qalanlar baş götürüb evlərindən qaçırdılar. Onlar da gizlincə doğma şəhəri tərk edirdilər. Yolları Həştərxanaydı.

 Erməni daşnaklarının türklərin qanına boyadıqları küçələrdən keçdikcə balaca Leyla atasına qısılırdı. 1909-cu ilin 9 sentyabrında dünyaya göz açdığı Bakıdan ilk dəfəydi ayrılırdı. Həm də belə kədərlə... Kiçik ömründəki bu ayrılığın acısını heç zaman unuda bilməyəcəkdi. Qarşıda onu həyatın yeni böyük imtahanları gözləyirdi...

Ömrünün bundan sonrasında Həştərxanlı günlərinin xatirələri sıralanırdı. 1919-cu il idi. Hələ də Həştərxandaydılar. Bakıda olduğu kimi burada da dinclik tapmamışdılar. Dövrün ziddiyyətli axarında atası - bakılı Ələsgər Zeynalov da inqilabçı olmuşdu. Həştərxana gedəndə artıq siyasi mübarizədə fəal olanların çoxunu tanıyırdı. Nəriman Nərimanovla da dost idi. Həştərxanda eyni evdə yaşayırdılar. Nəriman Nərimanov birinci mərtəbədə, Ələsgər isə ailəsi ilə bərabər ikinci mərtəbədə. Bir gün sevimli qızı Leyla əlini sinəsinə aparıb şikayətləndi: “Ata, ağrıyır...”. Ələsgər: “Get Nəriman əmi sənə baxsın”, - dedi. Uşaq ixtisasca həkim olan Nəriman Nərimanovun yanına qaçdı. O, qızdan soruşdu: “Ağrı hardadır?”. Leyla əlini köksündə gəzdirə-gəzdirə: “Burdadır, burdadır...”, - dedi. Nəriman Nərimanov gülümsədi: “Yaxşı, nə vaxt bir yerində ağrı olarsa, onda gələrsən”.

İnqilab dalğası Həştərxanı da ağuşuna almışdı. Şəhərdə barikadalar qurulmuşdu. On yaşlı Leyla inqilabçıların köməkçisinə çevrilmışdi. Bütün günü ora, bura qaçırdı. Uşaq olduğundan jandarmların diqqəti cəlb etmirdi. Ona görə də inqilabçılar məktublarını, sənədlərini ona verib, lazımı ünvanlara göndərirdilər.

 

Çar hakimiyyəti nəzarəti gücləndirmişdi. Jandarmlar tez-tez şübhələndikləri evlərdə yoxlamalar aparırdılar. Bir gün yenə onların qapısı qəflətən döyüldü. Gələn jandarmlar idi. Jandarmların gələcəyindən duyuq düşən inqilabçılar qadağan olunmuş kitabları, sənədləri dövrə vurub əyləşmiş qadınların paltarlarının uzun ətəklərinin altında gizlətdilər. Jandarmlar, adətən, qadınlara yaxın gəlmirdilər. Yenə otağa girdilər, qadınları görüb, çıxıb getdilər. Qadınlar inqilabçı ərlərini həbs olunmaqdan belə xilas etdilər...

Əmisi oğlu da bolşevik idi. O, 1920-ci ildə XIX ordu ilə Bakıya gəldi. Leylagil də həmin il geri döndülər.

On iki-on üç yaşları olanda anası vəfat etdi. Elə əvvəldən dörd qardaşın - atasının və üç əmisinin sevimlisiydi. Həm ailənin tək uşağı idi, həm də bu dünyadan gənc yaşında, nakam köçmüş bibisinin adı verilmişdi ona. Anasının vəfatından sonra atası və əmiləri Leylaya daha çox qayğı göstərdilər. Ona anasızlığını hiss etdirməməyə çalışdılar. Ələsgər Zeynalov illər sonra yenidən evləndi. 1935-ci ildə bir oğlu da oldu.

Leyla isə 1922-ci ildə, on dörd yaşı tamam olmamış əslən Kürdəxanıdan olan on doqquz yaşlı Bəhram Məmmədbəyovla ailə qurdu. Kəbin kağızlarında Leylanın bakılı Ələsgərin qızı olduğu yazıldı. Oğlu Xanlar deyir: “Mən də ana babamın haralı olması barədə bu qədər bilirəm. Atamın isə kürdəxanılı Firud bəyin oğlu olduğu qeyd olunub. Onun ulu babası Abdulla XIX əsrin əvəllərində dostu ilə Kürdəxanıdan Rusiyaya yollanıb. 1812-ci ildə baş verən müharibədə iştirak edib, qəhrəmanlıq göstəriblər. Çar Aleksandr babama bəylik titulu verib. Babam bunun təsdiqi olan sənədlə birlikdə vətəninə dönüb. Doxsan üç yaşlı bibim danışırdı ki, o sənədə qızıllar vurulmuşdu. Müharibə vaxtı kimdə belə sənəd var idi, qızıllarını çıxarıb satır, puluna çörək alırdı. Babama verilən sənəd də belə “yoxa çıxıb”... Ata nəslim haqqında bir də bunları bilirəm: Abdulla bəyin oğlu Məmməd bəydir. Onun oğlu Rüstəm bəyin oğlu isə mənim babam Firud bəydir. Əvvəllər Azərbaycanda soyad olmayıb. Sovet hakimiyyəti illərində atam Bəhram bəyə soyad kimi babasının adını götürməyi məsləhət görüblər. O isə babası Məmməd bəyin adını götürüb. Bəy sözü yaxşı qarşılanmasa da atam soyadından çıxartmayıb. Beləliklə, soyadımız Məmmədbəyov olub. Anamın qızlıq soyadı isə Zeynalovadır. Ailə qurduqdan sonra Məmmədbəyova soyadına keçib”.

 

...Onun bəxti gətirmişdi. Həyat yoldaşı evliliklərinin ilk vaxtlarından Leyla Məmmədbəyovanı oxumağa, işləməyə, ictimai həyatda fəal olmağa həvəsləndirirdi. Bəhram Məmmmədbəyov özü də həm fəhlə işləyir, həm də təhsil alırdı. Həyat yoldaşının icazəsi ilə Əbilov adına kluba gedən Leyla Məmmədbəyova da orada təhsil almağa başladı.

Sonralar Bəhram Məmmədbəyov müxtəlif vəzifələrdə çalışdı, böyük hörmət qazandı. 1927-ci ildə kommunist partiyasının sıralarına daxil oldu. Xanlar Məmmədbəyov deyir: “1928-ci ildə iclas keçirilib. Əvvəlcədən bütün kommunistlərə tapşırıblar ki, həyat yoldaşlarınızı da gətirin. Atam da anamı aparıb. O vaxtlar çadrasını atan qadınların siyahısını aparırdılar. İclas zalında çağırış ediblər. Anam çadrasını başında açıb, amma atmayıb, qoltuğuna vurub evə gətirib”. Onda Leyla Məmmədbəyovanın on doqquz yaşı var idi.

Bakı təyyarəçilər məktəbinə qəbul keçirildiyindən xəbər tutdu. Həyat yoldaşı Dəvəçidə işləyirdi. Oradan yazırdı ki, get işlə. Leyla Məmmədbəyova qərarını verdi...

Təyyarəçilər məktəbinə 22 nəfər qəbul olundu. Onların arasında yeganə qadın Leyla Məmmədbəyova idi. Hərbi forma da verildi. Geyinib həyat yoldaşının yanına getdi. Xanlar Məmmədbəyov danışır: “Atam qapını açanda qarşısında kişi hərbi geyimində birini görüb. Əvvəlcə tanımayıb. Sonra gülə-gülə: "Afərin sənə, uç!" deyib”.

İlk uçuşu 1931-ci ildə oldu. Həmin gün Bakı aeroklubunun kursantları uçuş meydanında sıraya düzüldülər. Bir neçə dəqiqədən sonra Leyla Məmmədbəyova "U-1" təyyarəsində təcrübəli təlimatçı ilə birlikdə havaya qalxdı. İlk uçuşu uğurla başa vurdu. Təbriklər, təriflər eşitdi. 

Çox gənc yaşında ana oldu. İlk uşağı dünyaya gələndə Leyla Məmmədbəyovanın on altı yaşı var idi. 1932-ci ildə hazırlıq üçün Moskvaya göndəriləndə Azərbaycanın o zamankı rəhbəri Mir Cəfər Bağırova: “Uşağım balacadır”, - dedi. Bağırov dayə veriləcəyini söylədi. Belə də oldu.

Leyla Məmmədbəyova Moskvaya oxumağa getdi. Təhsil, təlim və uçuş günləri yenidən başladı. "U-2" təyyarəsini idarə etməyi öyrəndi, tanınmış təyyarəçilərlə tanış oldu.

Moskvada Tuşino aerodromunda təcrübə keçdiyi günlərdə: “Əsasnaməyə görə, təyyarəçi hörük gəzdirə bilməz”, - dedilər. Ona xüsusi gözəllik verən saçlarıyla vidalaşmalıydı. Məsləhətləşmək üçün evə gəldi. Xəbəri eşidəndə həyat yoldaşının da qanı qaraldı. Amma hörüklərini kəsəndən sonra ona diqqətlə baxıb: "Pis deyil!", - dedi.

Xanlar Məmməbəyov deyir: “Anam danışırdı ki, atanız mənimlə bircə dəfə mübahisə etdi. 1933-cü ildə aerodroma paraşütlər gətirdilər. O vaxtlar bu əsl yenilik idi. Anam sevinirmiş. Ancaq atama paraşütdən tullanacağını söyləyəndə, o, qışqıraraq: "Bəsdir, uşaqları fikirləş!" - deyib. Əslində, anam hər dəfə təyyarədə uçanda atam narahatlıq keçirirmiş. Daha əsəblərini cilovlaya bilməyib. Hirsli-hirsli deyib: "Sənə dedim, get oxu, işlə. Demədim ki, get göyə çıx. Gül kimi saçların vardı, kəsib atdın, bir söz demədim. İndi də paraşütdən tullanmaq istəyirsən. Paraşüt açılmadı, göydən düşdün yerə. Uşaqlara kim baxacaq?".

Leyla Məmmədbəyova susurdu. Həyat yoldaşını yaxşı başa düşürdü. Ancaq qərarından dönməyəcəkdi.


1933-cü ilin 17 martında SSRİ Osoaviaxim Mərkəzi uçuş-texniki məktəbində məşq zamanı Moskvanın Tuşino aerodromunda U-2 təyyarəsindən “PT-1” paraşütlə tullandı. Ona qədər Sovet İttifaqında 84 paraşütçü olmuşdu. Onların da yalnız biri qadın idi. Təlimçi-pilot Leyla Məmmədbəyova Nina Kamnevadan sonra Sovet İttifaqında ikinci qadın paraşütçü oldu.

...Bakıya arzularla dönsə də, tezliklə qanı qaraldı: “Moskvadan qayıtdıqdan sonra ona deyiblər ki, sənə təyyarə verməyəcəyik, get kitabxanada müdir ol” - Xanlar Məmmədbəyov danışır: “Anam etiraz edib. Mir Cəfər Bağırova bildirib ki, mən iki uşağı burda qoydum, soyuqda getdim Moskvada oxudum, indi deyirlər kitabxana  müdiri olacaqsan...”. O, anama deyib, yaxşı get. Bununla da məsələ həll olunub. Dərhal anama təyyarə verilib. İşə başlayıb”.

Leyla Məmmədbəyova Bakıda hələ də qadınların çadranı atmasına, işləməsinə qadağalar qoyulduğu vaxtlarda bu işləri görürdü. 1933-cü ilin yanvarında Əli Bayramov adına qadın klubunun ən fəal üzvlərindən biri, tikiş sexinin işçisi Səriyyə Xəlilova atası və qardaşı tərəfindən qətlə yetirildi. O zaman bu faciə çoxlarını sarsıtdı. 1934-cü ildə rejissor Mikayıl Mikayılov iki gənc qadının - Leyla Məmmədbəyovanın və Səriyyə Xəlilovanın həyatından bəhs edən film çəkdi. “İsmət” adlı filmdə rejissor ümumilləşdirmə apararaq Azərbaycan qadınlarının taleyini əks etdirdi.

1934-cü ildə Cənubi Qafqaz respublikaları arasında keçirilən paraşütçülərin yarışında Leyla Məmmədbəyova birinci yeri tutdu. 1935-ci ildə, Sovet Azərbaycanının 15 iliyində respublika nümayəndə heyətinin tərkibində Moskvaya getdi. SSRİ MİK-in sədri M.Kalinin ona "Şərəf nişanı" ordenini təqdim edəndə: "Sizin peşəniz vacibdir, daha tez və yüksəkliyə uçmağınızı arzu edirəm", - dedi.

1937-ci ildə Sovet hakimiyyətinin repressiya siyasəti Məmmədbəyovlar ailəsinə də həyacanlı günlər yaşatdı. Xanlar Məmmədbəyovun söylədiklərindən: “Atam Tiflisdə oxuyub. Sonralar müxtəlif yerlərdə bank müdiri vəzifəsində çalışıb. 1937-ci ildə atamın partiya biletini alıblar. O zaman beləymiş: partiya biletini almaq həmin adamın faciəli sonu demək imiş. Atam dərhal Bağırovun qəbuluna gedib. Anam deyirdi ki, o, səhər evdən çıxdı. Çox keçmədi ki, rayon partiya komitəsindən gəldilər. Soruşdular, ərin hanı? Dedim, Bağırovun qəbuluna getdi. Anam danışırdı ki, atanızın partiya bileti alınandan sonra nə qohumlar, nə tanışlar qorxudan bizə yaxınlaşmırdılar, mən küçə ilə gedəndə onlar səkinin o biri tərəfinə keçirdilər. Amma anam onları qınamırdı. Çətin vaxtlar imiş”.

Ələsgər Zeynalov fəhlə işləyirdi. Böyük vəzifəsi yox idi. Amma siyasi mübarizədə yoldaşlıq etdiyi şəxslər hakimiyyətdəydilər. Onlar Ələsgər Zeynalova hörmət bəsləyirdilər. Mir Cəfər Bağırovla da köhnənin tanışlarıydılar. Leyla Məmmədbəyova da onu yaxşı xatırlayırdı: “Eynəkli kişi idi”, - deyirdi. “Mən uşaq olanda onu tez-tez görürdüm. Çox qəribə adamıydı. Vahiməli baxışları var idi. Mən ondan qorxurdum”.

 ...Mir Cəfər Bağırov Ələsgər Zeynalovun kürəkənini gecə saat 3-də qəbul etdi. Gəlişinin səbəbini soruşdu. Bəhram Məmmədbəyov dedi: “Məni partiyadan çıxarıblar. Məni düşmən sayırlar”. Bağırov xəbər aldı: “Kim?”. “Rayonun birinci katibi”. Bağırov dedi: “Get evə”. Bəhram Məmmədbəyov evinə döndü. Səhər partiya biletini geri qaytardılar. Qaynatasına Mir Cəfər Bağırovun hörməti sayəsində Bəhram Məmmədbəyov o təhlükəli illərdən sağ-salamat qurtuldu.

...1941-ci ildə Böyük Vətən müharibəsi başlayanda artıq aviasiya mayoru olan Leyla Məmmədbəyova dörd uşaq anasıydı. Kiçik qızı elə həmin il dünyaya gəlmişdi. Uşaqları balaca olduğundan Leyla Məmmədbəyovanın müharibədə iştirakından imtina edildi. Bakı aeroklubu da bağlandı. Leyla Məmmədbəyova Mir Cəfər Bağırovun qəbuluna getdi. Ona işsiz qaldığını dedi. Planer-paraşüt klubunun açılmasına nail oldu. Bakı aeroklubunda müəllim işləməyə başladı. Müharibə illərində yüzlərlə desant və dörd min paraşütçü hazırlayıb cəbhəyə yolladı. Tələbələrinin ikisi - Adil Quliyev və Nikolay Şeverdyayev Sovet İttifaqı Qəhrəmanı oldu. Azərbaycanda ilk hərbi təyyarəçi qadın - Züleyxa Seyidməmmədova Leyla Məmmədbəyovadan ilham alaraq bu sənətə gəldi.

Leyla Məmmədbəyova kimi həyat yoldaşı da müharibədə iştirak edə bilmədi. Bəhram Məmmədbəyovun da ayağı xəstəydi. Böyük oğulları Firudbəy 18 yaşında cəbhəyə yollandı. Kiçik oğulları Xanlar isə illər sonra, 45 yaşında Qarabağ müharibəsində vuruşdu.

Leyla Məmmədbəyovanın müharibə dövründə və müharibədən sonrakı illərdə aldığı  mükafatları arasında "Analıq medalı" da var idi. Altı uşaq böyüdüb tərbiyə etdiyinə görə layiq görülmüşdü.


Onun on uşağından dördü kiçik yaşlarında vəfat etmişdi. Altı uşağına - Firudbəy, Rüstəm, Elmira, Zemfira, Vaqif və Xanlara uzun ömür yaşamaq qismət oldu. İndi artıq onlardan ikisi də həyatda yoxdu. Rüstəm 1993-cü ildə, Firudbəy isə 2007-ci ildə vəfat etdi.

...Leyla Məmmədbəyovanın son uçuşu 1949-cu ildə oldu. Təyyarəçi karyerası başa çatdı. Səmadan ayrılmaq çətin idi. Ancaq həkimlər onun səhhəti üçün narahatlıq keçirirdilər. Xanlar Məmmədbəyov deyir: “O vaxt çox xəstələnirdi. Deyirdi, ürəyimdi. Ancaq anamı müayinə edən həkim bildirdi ki, ürəyində problem yoxdur. Müalicə olundu. Sonra yavaş-yavaş sağaldı. DOSAAF-ın Bakı komitəsinin sədr müavini işlədi. 1961-ci ildə təqaüdə çıxdı”. O vaxt ilk qadın təyyarəçimizin qarşısına şərt qoyuldu...

Xanlar Məmmədbəyovun söylədiklərindən: “Atam insult oldu. O, əlli iki yaşında vəfat edəndə övladlarından dördü balacaydı. Sonbeşiyinin, yəni mənim üç yaşım var idi. Atamdan sonra evdə qulluqçumuz da olmadı. Hər işi anam özü görürdü. Övladları da ona kömək edirdilər. Üç uşaq gecə məktəbində oxuyurdu. On altı yaşından gedirdilər işləməyə. Ailə vəziyyətimiz çətin olduğuna görə o biri uşaqlar orta məktəbdə oxumadılar. Tək mən orta məktəbi bitirdim. Anam həm təyyarəçi kimi maaş, həm də çoxuşaqlı ana kimi təqaüd alırdı. Mülkü təqaüdə gedəndə dedilər ki, biri olmalıdır. O vaxt aldığı pul lap azaldı, 60 rubl oldu. Onda mənim on iki yaşım var idi”.

   1989-cu ilin iyulunda vəfat etdi. Sentyabrda 80 yaşı tamam olmalı idi. İkinci Fəxri xiyabanda yer verdilər. Ancaq bütün SSRİ-də məşhur olan, adına şeirlər yazılan, filmlər çəkilən ilk qadın təyyarəçimiz haqqında qəzetlərdə nekroloq belə dərc olunmadı...

 

 

Zöhrə Fərəcova


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər