Modern.az

“Brest qalası”nın rejissoru: “Xoca” filminin təqdimatında olmamışam, çünki…”

“Brest qalası”nın rejissoru: “Xoca” filminin təqdimatında olmamışam, çünki…”

8 Aprel 2013, 12:19

“Düz təqdimat günü mənə telefonla ismarış göndərilmişdi. Mən də nümayişə gedə bilmədim. Buna görə də film barədə heç bir rəyim yoxdur”. Bunu Modern.az-a “Brest qalası” filminin rejissoru Aleksandr Kott Vahid Mustafayevin çəkdiyi “Xoca” filmi barədə danışarkən bildirib.

Xatırladaq ki, martın 30-da Moskvada, “Xudojestvennıy” kinoteatrında Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə “Bakıfilm”in istehsalı olan “Xoca” filminin təqdimatı keçirilib. Nümayişdən əvvəl prodüser Vaqif Əsədullayev “Anspress”ə açıqlama verib. Onun sözlərinə görə, “Xoca”nın təqdimatından qabaq telefonla “Brest qalası” filminin quruluşçu-rejissoru Aleksandr Kotta (“Anspress”in məlumatında bu soyad “Krot” kimi qeyd edilmişdi – red.) zəng edib.
“Mən ona dedim ki, internetdə onun “Xoca” filmini tənqid edən müsahibəsi peyda olunub . O mənə cavabında “mən heç kimə müsahibə verməmişəm” dedi və bildirdi ki, internetdə bununla bağlı yerləşdirilən hər şey yalan və əsassızdır. Bunun üçün düşünürəm ki, o öz əsl fikrini filmə baxandan sonra bildirəcək”.

“Anspressin.com”un bu məlumatı, bir növ Modern.az-da dərc edilmiş “Rusiyalı rejissor “Brest qalası” filmi ilə “Xoca”nın oxşarlığına reaksiya verdi: “Maraqlıdır, amma...” (//modern.az/articles/36404/1/ ) xəbərinə əks-cavab idi. “Maraqlıdır... Lakin mən heç bir tədbirə əl atmayacağam”. Aleksandr Kott “Brest qalası” filminin müəllifi öz kinoəsəri ilə “Xoca” fimi” arasındakı “oxşarlıq” iddialarını yazılı şəkildə şərh edərkən yalnız bu sözləri deməklə kifayətlənmişdi. A. Kott Modern.az-a “Xoca” filminin yaradıcılarına qarşı məhkəmə iddiası ilə çıxış etməyəcəyini açıqlamışdı.

Qeyd edək ki, Aleksandr Kottun “Brest qalası” filmi 2010-cu ildə istehsal olunub. Filmin ssenarisindəki bir sıra epizodlar Vahid Mustafayevin “Xoca” filmində titr bənzərliyinə qədər təkrarlanır. Hətta “Xoca”da müğənni Mina Sovetskayanın oxuduğu mahnı da rusiyalı bard Boris Qrebenşikovun musiqisi ilə eyniyyət dərəcəsindədir. Bunu əsas götürərək kino sahəsi üzrə bir sıra ekspertlər “Xoca” filmini plagiatlıqda ittiham edir.

22 filmin quruluşçu rejissoru və 5 filmin ssenari müəllifi olan A.Kott bir sıra mötəbər festivallarda mükafatlara layiq görülüb. “Brest qalası” isə Federal Təhlükəsizlik Xidmətinin mükafatını qazanıb.

Beləliklə, A. Kottun son cavabı ilə “Xoca” filminin Moskvadakı təqdimatı öncəsi peyda olmuş xəbərlə (//anspress.com/index.php?a=2&lng=az&nid=194801) Modern.az-a qarşı informasiya hücumunun əsasız olduğu bir daha isbatlandı.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı