Modern.az

Ehsan, yoxsa ziyafət?

Ehsan, yoxsa ziyafət?

Mədəniyyət

Bu gün, 13:05

yaxud bu həyatın meyarı qəbirüstü abidələr deyil, ürəklərdə yaşayan xatirələrdir

Yas mərasimlərinin keçirilməsi mətbuatın, televiziya  və radionun həssas mövzularından, ictimaiyyəti dərindən düşündürən, narahat edən problemlərdəndir. Bu məsələ ilə bağlı ortaya çıxan söhbətlər, diskussiyalar sadəcə olaraq bir təmas nöqtəsində birləşir-necə etmək, problemi hansı üsullarla yoluna qoymaq lazımdır ki, bu mərsasimlər islami və mənəvi-etik dəyərlər çərçivəsində keçirilməklə, vəfat etmiş  insanların qohum-əqrabası,  yaxınları üçün əzablı bir prosesə, ağrılı yaşantıya çevrilməsin.

Son günlər paytaxtda və regionlarda keçirilən ehsan məclislərində ara-sıra rast gəlinən zəhərlənmə halları, digər xoşagəlməz əhvalatlar vaxtilə “Azərbaycan” qəzetində dərc etdirdiyim  qeydlərimə yeni rakursda, günün aktuallığı pirizmasından yanaşmaq ehtiyacı yaratdı.

Xeyir işdən, toy-nişandan fərqli olaraq ölüm-itim qəfil gəlir. Bu cür “qapıdöymələrdən” isə heç kim hansısa müddətə sığorta olunmayıb. Qəfil gələn sarsıntılı xəbər əsl zəlzələ sindromu yaradır. Dünyasını dəyişmiş insanın qohum-əqrabası, oğul-uşağı həmin andanca bir çox çətinlikləri eyni vaxtda yoluna qoymaq  zorunda qalır. Molla tapmaq, qəbir qazdırmaq, çadır qurmaq, ərzaq almaq, bu ağır xəbəri yaxın adamlara çatdırmaq və.s və i.a.

Müşahidələr göstərir ki, yas mərasimlərinin keçirilməsi getdikcə sadələşməkdənsə, ölü yiyəsinin sosial vəziyyətinə, müasir dəyərlərə hesablanmaqdansa, kimin varlı, kimin kasıb, kimin ortabab olmasını ortaya qoyur, imkansızın el arasında “nə edim, necə edim” dilemması ilə üzbəüz qalmasına rəvac verən acınacaqlı bir prosesə çevrilir. Vəzifəli, imkanlı insanlar, qohum-əqrəbalılar toylarda, bayramlarda olduğu kimi, yas mərasimlərində də özlərini göstərir, əsl “şah süfrəsi” açdırırlar. Stolun üstünə düzülən təamlar, növbənöv xörəklər, sərinləşdirici içkilər əsil dəbdəbədən xəbər verir. Dəfn mərasiminə gələnlər üçün elə bir məclis (bəlkə ziyafət?) verirlər ki, sonralar dillər əzbəri olur. Amma belələri unudurlar ki, bir stəkan limonlu çay da ehsan hesab olunur və bu cür sadəlik dünyadan köçənin ruhunu şad edir, yas yiyəsinin də yaşayış tərzinə, ovqatına  tam uyğun gəlir.


İndi yas mərasimləri əsasən baha qiymətə kirayəyə götürülmüş  salonda və yaxşıca bəzədilmiş, yayda gələsi qonaqların sayına uyğun tərzdə qurulur.  Təqribi hesablama aparaq. Yüz nəfərlik məclis indi yas yiyəsinə 1500-2500 manata başa gəlir. Menyuda süfrə suyu, çay, limon, konfet, marmelad, xurma, pomidor, xiyar, plov, dovğa və.s nəzərdə tutulur. Təbii ki, bununla iş bitmir. Mərhumun üçü, yeddisi, qırxı və səkkiz-doqquz cümə axşamları məclisləri də verilməlidir. Beləliklə, standarta görə, qırxdan sonrakı hesablamalar 15-20 min manat civarında rəqəmin üzərində dayanacaq. Xatırladıram ki, söhbət 100 qonaqdan gedir. Bu rəqəmin 2-3 dəfə artmaq ehtimalını da nəzərdən qaçırmaq olmaz. Bəzi hallarda dar həyətlərdə mümkün olmadıqda lap magistralda, maşınların sıx hərəkət etdiyi küçələrdə yas çadırlarına da rast gəlmək mümkündür. Qonşu Türkiyədən paytaxtımızda çalışan tanınmış iş adamlarından biri təəssüflə bildirirdi: “Bizim azəri qardaşlarımız toylarda olduğu kimi, hüznlü günlərdə də israfçılıqlarından qalmırlar. Görəsən, limonlu çayla, halva ilə verilən ehsan Allah tərəfindən qəbul olunmurmu? Hansı ki  bircə telefon zəngi, başsağlığı teleqramı da əzizini itirən insanı ovundurmaq, təsəlli vermək üçün məqbuldur və ulu Yaradanın dərgahında keçərlidir?.

Yas çadırlarından danışarkən xeyir-şər evləri ilə bağlı problemi çoxdan həll etmiş Sumqayıt yada düşür. Ötən əsrin 80-ci illərində bu şəhərin bütün məhəllələrində hər cür avadanlıqla, qab-qacaqla təchiz edilmiş xeyir-şər evləri tikilmişdi. Bu obyektlər indi də camaatın karına gəlir, əhalinin problemlərinin həllinə kömək edir. Xeyir-şər evlərinin şəriksiz müəllifləri isə bu gün böyük ehtiramla yad olunur, ruhlarına duallar oxunur.

Yas mərasimləri əslində mərhumun ruhunu şad etmək, haqq dərgahına qovuşan insanın həyatı, bu dünyadakı əməlləri barədə xoş xatirələri dinləmək, yada salmaq üçün yaradılan vaxt imkanı kimi başa düşülməlidir. Lakin son vaxtlarda belə məclislərdə rəhmətə gedən insan az qala yada düşümür. Məclisdəkilər əsasən özlərinin gündəlik qayğıları, işgüzar fəaliyyətləri, perspektivdə görəcəkləri işlər barədə diskussiya açır, uca səslə mübahisəyə girişir, bəzən bərkdən əl telefonu ilə danışırlar. Molla da bir əlində təsbe, birində mobil telefon, vaxt tapan kimi mikrafonla uzun illər əzbərlədiyi hadisələri, heç kimin inanmadığı əhvalatları oturanlara sırımağa çalışır. Bu mollalar hələ də bilmirlər ki, əsa ilə yerə zərbə vurmaqla su fontan vurmaz  və buna heç uşaqlar da inanmır. Bəziləri də özlərini bilikli, dünyagörüşlü göstərmək üçün Nyutondan, Faradeydən, Dostayevskiden və Balzakdan dəm vururlar. Bütün bunların isə nə mərhumun ruhuna, xatirəsinə, nə də ölü sahibinin ovqatına zərrəcə dəxli var. Müasir dövrün adamları, sivilizasiyaların qovuşuğunda yaşayanlar, təbii ki, Allahını, peyğəmbərini tanımamış, bizi yaradanın ucalığına inanmamış deyillər. Amma islami dəyərlərdən tamamilə uzaq, vaxtilə min cür hoqqadan çıxan birisinin məclisin yuxarı başına keçib moizə oxuması, dindən, müqəddəslərin həyatından, xoş amallarından danışması əslində dinimizin qayda-qanunları ilə bir araya sığmır, sırf mövhumatçılıq ab-havası yaradır. Doğrudur, ölkənin məscidlərində, ruhani təşkilatlarında, pir və ocaqlarda savadlı, geniş dünyagörüşlü, islamın qabaqcıl ənənələrinə və dərinliyinə bələd din xadimləri çoxdur. Məhz buna görə görünür, yaxın vaxtlarda yas mərasimlərinin aparılması hüququnu qazanan din xadimlərinin, mollaların testdən keçirilməsi, attestasiya olunması  zəruriyyəti yaranacaq. Bu fikir bəlkə də bəzilərinə təəccüblü görünəcək. Ancaq balalarımızı böyük gələcəyə hazırlayan müəllimlərin, sağlamlığımızın keşiyində dayanan həkimlərin işi müəyyən etiketlər, çərçivələr mühitində formalaşırsa, niyə ruhani dünyamızın bələdçiləri üçün fəaliyyət normaları mövcud olmasın?!

Zənnimcə, Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu  məsələ ilə bağlı ortaq bir qərara gələcəklər.

Hələ sovet dövründə Ümumittifaq ekranında yayılan məşhur bir gürcü  filmini orta və yaşlı nəslin nümayəndələri yəqin ki, yaxşı xatırlayırlar. Varlı-hallı, knyaz nəslindən olan yaşlı gürcü kişisi canının ağrılarından sıyrılıb, özünə diri ikən yas mərasimi keçirir. Qonşularını, qohumlarını, badə dostlarını bir yerə cəmləyən knyaz məclisin lap başında oturur və toplaşanları kövrəldən uzun bir tost söyləyir. Sonra deyir ki, indi növbə sizindir, məni necə tanıyırsınız, qiymətləndirirsiniz, durun bir-bir söyləyin, mən də diri ikən eşidim , sevinim, qürrələnim. Aparıb torpağa tapşırandan sonra dediklərinizin mənə qətiyyən dəxli yoxdur. Qoy sizi dinləyim, o dünyaya rahat köçüm, bilim ki məni də istəyən, xətrimi əziz tutanlar var.

Gürcü filimini niyə xatırladım? Bizim yas mərasimlərində mərhum barədə söylənilən rabitəsiz söhbətlər, sadəcə “nə vaxt xəstələnmişdi” , “neçə yaşı vardı” sualları ilə kifayətlənmək və sonrakı xaotik mənzərə, plov nimçələrinə döyəclənən qaşıqların qarışıq cingiltisi əsrlər boyu yaxın-uzaq ellərdə, bütün Şərqdə özünün adət-ənənələri, bir çox millətlərə görk olası həyat tərzi ilə seçilən azərbaycanlılar və Azərbaycan haqqında formalaşmış qənaətlərə kölgə salmamalıdır. Çox təəssüf ki, hələlik bu barədə ayrı-ayrılıqda özümüzün sağlamlığımızla, normal yaşayışımızla bağlı düşündüyümüz qədər fikirləşmirik. Milləti yaşadan ən mühüm amillərdən birinin isə məhz mənəvi-əxlaqi dəyərlərin qorunub saxlanması olduğunu qətiyyən yaddan çıxarmamalıyıq.

Hələ orta məktəbdə oxuyarkən kənd ağsaqqallarından birinin tez-tez işlətdiyi bir fikiri indi də xatırlayıram: “Allah adamın yerini heç qəbir evində də dar eləməsin”. Son mənzilin vəfat edənin boyuna, çəkisinə görə hazırlandığı absurddur. Nəhəng insan üçün, təbii ki,  uşaq qəbri qazmazlar. Lakin əbədi ünvanların bərqarar olduğu məskəndə-qəbirstanlıqda suni şəkildə yaradılan sıxlıq yerin altında uyuyanların deyil, torpağın üstündə rahat gəzən insaflı və vicdanlı insanların ürəyini sıxmalı, narahat etməlidir. Dünyadan vaxtsız getmiş tələbə dostumuzun cənazəsini paytaxtın Əhmədli  qəbirstanlığında yolun darlığı ucbatından səksən-yüz metr məsafədə birtərəfli, daş hasarın üstü ilə sürüşdürə-sürüşdürə apardığımız dəqiqələri xəcalət hissi ilə xatırlayıram. Nədənsə ömür boyu bir-birimizə problem yaratmağı xoşladığımızdan  bu qisməti ölülərimizə də ötürür, hətta qəbirstanlıqda  da beş-on qarış torpağın qamarlanmasını qənimət bilirik. Yerli icra strukturlarının, bələdiyyələrin, hətta qəbirstanlığın “kurator” mollalarının, yaxud kiminsə “vizası” ilə artıq qiymətə üç-dörd nəsli yola salmağa kifayət edən qəbir yerlərinin alınmasına da rast gəlinir. Xatırlatmaq yerinə düşər ki, mərasim xidmətlərinin preyskurant cədvəlində müəyyənləşdirilən qiymətlərə görə Əhaliyə Vətəndaşlıq Xidməti Trestində ölçüsündən, işlənilən materialın növündən və keyfiyyətindən aslı olaraq, illər əvvəl 30 manatdan tutmuş 123 manat 22 qəpiyə qədər vəsait ödəmək lazım gəlirdi. Bir qəbir yeri alıb yanında beş-on qəbir üçün torpağı hasarlamaq istər dini, istərsə də dünyəvi qanunlara sığan, milli-mənəvi dəyərlərimizə uyğun hərəkət deyil. Müvafiq strukturların başçıları unutmamalıdırlar ki, qəbirstanlıq sadəcə ölülərin dəfn olunduqları ərazi deyil, insanın ötüb-keçənlər, bu gün və gələcək haqqında bircə saatlıq da olsa saf duyğularla yanaşmasına, düşünməsinə  və özü üçün nəticə çıxarmasına şans verən bir müqəddəs ünvan statusundadır. Burada hər şey səliqəli, təmiz, yaraşıqlı olmalı, əbədiyaşarlıq ab-havası yaratmalıdır.

Fəxri xiyabanda uyuyan, xalqımızın, millətimizin başını uca edən, bütün dünyada tanıdan elm, sənət, dövlət xadimlərinin, korifey insanların məzarı üstündə ucalan abidələr həm də  görkəmli memarların, tişə ustalarının gözoxşayan, könül sevindirən şah əsərləridir desək, yanılmarıq. Belə abidələr Azərbaycanın şöhrətini dünya meridianlarında tanıtdıran adamlar haqqında  bu xiyabana yolu düşənlərdə, ölkəmizin qonaqlarında əyani təsəvvür yaradır. Bu insanların daşlaşmış obrazları ürəklərdə əbədi qərar tutur.Lakin ucdantutma, kimin imkanı varsa, öz əzizinin qəbri üstündə heç bir ölçüyə-biçiyə, əndazəyə sığmayan, milli memarlıq elementlərindən uzaq heykəllər, baralyef, qorolyef və büstlər ucaltması dini və mənəvi-etik dəyərlərimizlə qətiyyən uzlaşmır. Bəzən başdaşlarında ölümün səbəblərini əks etdirən avtomobil, təyyarə, tapança və.s şəkillərin, vəfat edən şəxsin işlədiyi quruma işarə əlaməti olaraq uniformaların əksinin həkk olunması anlaşılmır.  Bakıda, Gəncədə, ölkənin digər şəhər və rayonlarında bəzi qəbirstanlıqlar sadəcə olaraq heykəllər, abidələr sərgisinə bənzəyir. İllərlə baş çəkmədiyi, dərd-sərindən xəbər tutmadığı valideyninin  adına  abidə ucaldan imkanlı adamlar yaddan çıxarırlar ki,  əslində Allahın dərgahında günah, kasıb-kusubun yanında hörmətsizlik qazanırlar. Dünyanın ən inkişaf etmiş ölkələrində bu cür mənzərələrin şahidi olmaq mümkün deyil-istər xristian, istərsə də müsəlman dövləti olsun. Sadəcə başdaşı basdırılır, heç sinədaşı da qoymurlar, qəbrin üstünə gül-çiçək əkirlər, vəssalam. Heç kəsin qəbri digərlərinkindən fərqlənmir. Əsl parkı xatırladan qəbirstanlıq həyatın bir atributuna çevrilir, insanın qəlbində xofdan, o dünyanın əzablarından uzaq müsbət bir emosiya yaradır. Sivil dünyaya, Avropaya inteqrasiya edən Azərbaycanda biznes maraqlarından uzaq, lakin olduqca zəruri hesab edilən dünyəvi dəyərlərə də yiyələnməyin vaxtı deyilmi?! Qaldı bəzi fəndgirlərin hərəkətlərinə, onlar bu dünyadan heç nə apara bilməyəcəklərinin fərqində olmalıdırlar, Xatırlatmaq yerinə düşər ki, kimin harada, hansı torpağa, hansı biçimdə qismət olacağını bircə ulu Yaradan bilir.

Çalışdığım Azərbaycan Kinematoqrafçılar İttifaqının əməkdaşı Səidə Əsgərova bu yazını kompüterde yığarkən Xalq şairi Cabir Novruzun dillər əzbəri olan misralarını xatırlatdı və bu mətnə əlavə etməyimi arzuladı.

Sizdən rica eləyirəm milyon kərə,
Şairlərə sağlığında hörmət edin,
Sağlığında heykəl qoyun ölməzlərə…
Gələcəyə çox da ümid bağlamayın,
Sözünüzü sonralara saxlamayın.

Diri üçün iynə boyda hörməti mən
Ölü üçün min heykələ dəyişmərəm…
Düz deməsəm, onda məni bağışlayın,
Üz tutaram uşaqlara,
qocalara, cavanlara,
Sağlığında qiymət verin insanlara,

Dünyanın beş günlük olması, faniliyi barədə illərlə min cür söhbətlər, rəvayətlər eşitmişik. Bütün bunlara rəğmən həyatın çox rəngli, geniş spektrli yaşamaq, yaratmaq imkanı verdiyini  də unutmaq olmaz. Bizə bu dünyada ayrılan qısa zaman kəsiyində elə yaşamalıyıq ki, elə diri ikən ölümdən sonrakı həyatımızı qura bilək. Bu həyatın meyarı, nişanəsi isə qəbirüstü qranit abidələr deyil,  ürəklərdə kök atan, çiçək açan xoş və həmişəyaşar xatirələrdir.

Akif Cabbarlı,
Yazıçı-publisist,
Azərbaycan Kinematoqrafçılar İttifaqının redaktoru
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rusiyanı can damarından VURURLAR - Ukraynadan şok zərbələr