Modern.az

Məqsədim sadəcə xaricdə təhsil almaq deyil... - UNEC məzunu 

Məqsədim sadəcə xaricdə təhsil almaq deyil... - UNEC məzunu 

Təhsil

Bu gün, 18:00

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbinin biznesin idarə edilməsi ixtisası üzrə məzunu Nizami Ömərli “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı”nın qalibi olub. O, tələbəlik illərində “Erasmus” mübadilə proqramı çərçivəsində Portuqaliyanın Avropa Biznes Məktəbində beynəlxalq akademik təcrübə qazanıb. Bu il isə Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanın Qlazqo Universitetində data analitika ixtisası üzrə magistratura təhsili alacaq.

Modern.az xəbər verir ki, Nizami Ömərli AZƏRTAC-a müsahibəsində Dövlət Proqramına qəbul yolu, təhsil planları və gələcək fəaliyyət istiqamətləri barədə danışıb.

–Xaricdə təhsil üzrə Dövlət Proqramına qəbul olunmaq üçün hazırlıq prosesiniz necə keçdi? Müraciət zamanı sizin üçün ən çətin mərhələ hansı oldu?

– Mənim üçün hazırlıq prosesi sadəcə xaricdə təhsil almaq məqsədi daşımırdı. Dövlət Proqramına müraciət etməzdən əvvəl nə istədiyimi, niyə məhz bu istiqaməti seçdiyimi və əldə edəcəyim biliklərin gələcəkdə mənə və ölkəmə necə fayda verəcəyini aydın şəkildə müəyyənləşdirmişdim. Ən vacib məsələ qəbul olmaqdan daha çox, bu təhsilin gələcək planlarımla uyğunluğunu düzgün qiymətləndirmək idi. Düşünürəm ki, məqsədini dəqiq müəyyənləşdirən insan üçün hazırlıq prosesi daha sistemli və motivasiyalı keçir.

– Böyük Britaniyanın Qlazqo Universitetində data analitika ixtisasını seçməyinizin səbəbi nədir?

– UNEC-də biznesin idarə edilməsi ixtisasının biznes analitikası istiqaməti üzrə bakalavr təhsili almışam. Təhsilimin son illərində data analitikaya böyük maraq göstərməyə başladım. Bu sahə üzrə biliklərimi daha da dərinləşdirmək üçün hazırda Azərbaycanda data elmləri sahəsində ölkənin aparıcı təhsil mərkəzlərindən birində təqaüdlü təhsil alıram.

Universitet seçərkən əsas meyarım yalnız beynəlxalq reytinq olmadı. İstəyirdim ki, magistratura proqramı indiyədək qazandığım bilikləri təkrarlamasın, əksinə, onları daha da inkişaf etdirsin. Qlazqo Universitetinin “Data Analytics” proqramının məzmunu, fənləri və praktiki yanaşması məhz bu baxımdan gözləntilərimə tam cavab verdi. Bu proqram mənə həm analitik düşüncəmi dərinləşdirmək, həm də real biznes problemlərinin data əsasında həlli istiqamətində peşəkar bacarıqlarımı inkişaf etdirmək imkanı yaradacaq.

– Xaricdə əldə edəcəyiniz bilik və təcrübəni təhsilinizi başa vurduqdan sonra Azərbaycanda hansı istiqamətlərdə tətbiq etməyi planlaşdırırsınız?

– Mənim üçün bu təhsil şəxsi uğurdan daha çox, gələcəyə qoyulan investisiyadır. Təhsilimi başa vurduqdan sonra Azərbaycana qayıdaraq dataəsaslı qərarvermə, rəqəmsal transformasiya və biznes analitikası sahələrində fəaliyyət göstərmək istəyirəm. İnanıram ki, beynəlxalq təcrübənin ölkəmizdə tətbiqi dövlət və özəl sektorda daha səmərəli idarəetmə mexanizmlərinin formalaşmasına, innovativ həllərin inkişafına və rəqəmsal iqtisadiyyatın güclənməsinə töhfə verə bilər. Mənim də hədəfim bu prosesin bir parçası olmaqdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan SƏRT REAKSİYA: Putindən İlham Əliyevə zəng - NƏ BAŞ VERİR?