Dünya şöhrətli italiyalı aktrisa Ornella Muti və qızı Rusiya vətəndaşlığını almaq qərarına gəliblər.
Modern.az xəbər verir ki, bu barədə 71 yaşlı italiyalı aktrisa Ornella Mutinin qızı, müğənni Nayke Rivelli məlumat yayıb.
O bildirib ki, artıq anası ilə birgə bunun üçün sənədlərini təqdim ediblər və Sankt-Peterburqda ev almağı düşünürlər: "Özümüzü həqiqətən evimizdə hiss etmək üçün Rusiya vətəndaşlığına müraciət edirik. Mənşəyimizdən, ailəmizdən və dostlarımızdan imtina edə bilmərik".
Qeyd edək ki, Ornella Mutinin ana tərəfdən nənə və babası əslən Sankt-Peterburqdan olublar.
Xatırladaq ki, aktrisanın film sahəsində ilk debütü 15 yaşında olub. 1980-ci ildə çəkilən “İnadkarın ram edilməsi” filmi ilə şöhrətini daha da artıran Muti müsahibələrinin birində baş rolda oynadığı həmkarı Adriano Çelentano ilə vaxtilə eşq yaşadığını etiraf edib. Onun çəkildiyi filmlər arasında “Leonor”, “Qız və cənab”, “Yepiskopun otağı”, “Həyat gözəldir”. “Sevgi və pul”, “Yaza qədər gözlə, Bandini”, “Mən və bacım”, “Qaçış”, “Kişilər və qadınlar, həqiqət və yalan”, “Qatil”, “Qan və qızılgül”, “Roma macəraları” və s. yer alır.