Mədəni irs turizminə qlobal maraq sürətlə artır. Səyahətçilər getdikcə daha çox tarix, mədəni irs və yerli dəyərlərlə yaxından tanış olmağa imkan yaradan autentik təcrübələrə üstünlük verirlər. 2025-ci ildə mədəni irs turları bu bazarın 55,6 faizini təşkil edib ki, bu da tarixə söykənən və məzmunlu səyahətlərə marağın əhəmiyyətli dərəcədə artdığını göstərir. Proqnozlara görə, bu tendensiya yaxın illərdə də davam edəcək. Belə ki, sektorun həcminin 2026-cı ildə 647,5 milyard ABŞ dollarından 2033-cü ilədək orta illik 5,4 faiz artaraq 937 milyard ABŞ dollarına çatacağı gözlənilir.
Modern.az-ın məlumatına görə, mədəni irs turizminə marağın artdığı bir vaxtda Türkiyə bəşəriyyətin ortaq tarixini yaşadan aparıcı istiqamətlərdən biri kimi ön plana çıxır. Dünyanın məlum olan ən qədim monumental tikili kompleksi Göbeklitəpədən Qərb sivilizasiyasının ən məşhur əfsanələrindən birinə ilham verən qədim Troya şəhərinədək uzanan zəngin tarixi irs ölkəni fərqləndirən əsas amillərdəndir. Türkiyə bu mövqeyini tarixi abidələrin qorunması və bərpasına yönəlmiş layihələrlə daha da möhkəmləndirir. Son illərdə həyata keçirilən təşəbbüslər sırasında Andriake Arxeoloji Ərazisi və Likiya Sivilizasiyaları Muzeyində aparılan bərpa işləri, eləcə də Syedra Ziyarətçi Mərkəzinin istifadəyə verilməsi xüsusi əhəmiyyət daşıyır.
Genişmiqyaslı bərpa, yenidənqurma və abadlıq işlərindən sonra Antalyanın Demre rayonunda, Türk Rivierasının ürəyində yerləşən Andriake Arxeoloji Ərazisi və Likiya Sivilizasiyaları Muzeyi yenidən ziyarətçilərin üzünə açılıb. Eyni zamanda, Antalyanın məşhur turizm mərkəzlərindən biri olan Alanyadakı qədim Syedra şəhəri də müasir ziyarətçi mərkəzi ilə qonaqlarını qəbul etməyə başlayıb.
Qədim Likiyanın ən mühüm liman şəhərlərindən biri olan Andriake uzun illər Myra şəhərinin əsas limanı kimi fəaliyyət göstərib. Ellinizm, Roma və Şərqi Roma dövrlərində regionun aparıcı ticarət və dənizçilik mərkəzlərindən biri sayılan şəhər bu gün də zəngin tarixi irsi ilə diqqət çəkir. Ziyarətçilər qədim limanın cənub hissəsində böyük ölçüdə qorunub saxlanılmış tarixi tikililəri yaxından görə bilirlər. Vaxtilə şəhəri içməli su ilə təmin edən akveduk, monumental Roma fəvvarəsi – nimfeyon, Liman küçəsi, küçə boyunca qismən qorunub saxlanılmış gəmi sığınacaqları və Plakoma aqorası ərazinin əsas görməli yerləri sırasındadır.
Andriake həm də Türkiyənin ilk uzunməsafəli yürüş marşrutu olan Likiya Yolunun üzərində yerləşir. Dünyanın ən gözəl yürüş marşrutlarından biri kimi Time Out tərəfindən seçilən bu marşrut yaxın vaxtlarda The Telegraph qəzetinin Avropanın ən yaxşı 15 yürüş marşrutu siyahısına da daxil edilib. Marşrut boyunca səyahət edənlər qədim Likiyanın izlərini kəşf etməklə yanaşı, Andriakedə həyata keçirilən son bərpa və abadlıq işləri ilə də tanış ola bilirlər.
Layihə çərçivəsində tarixi abidənin orijinal görünüşü qorunmaqla əraziyə taxta traverslər və parçalanmış qranit daşlardan hazırlanmış ekoloji cəhətdən uyğun piyada yolları salınıb. Bu yeniliklər həm ziyarətçilərin hərəkətini rahatlaşdırır, həm də Likiyanın zəngin dənizçilik irsini daha yaxından tanımaq üçün əlverişli şərait yaradır.
Piyada marşrutunun sonunda ziyarətçiləri arxeoloji ərazidə yerləşən, bərpa olunmuş qədim taxıl anbarında (Granarium) fəaliyyət göstərən Likiya Sivilizasiyaları Muzeyi qarşılayır. Aparılan yenilənmə işlərindən sonra muzey qədim Likiya şəhərlərində aparılmış arxeoloji qazıntılar zamanı aşkarlanmış eksponatların nümayiş olunduğu müasir sərgi zalları ilə fəaliyyətini davam etdirir. Heykəllər, sarkofaqlar, kitabələr, sikkələr və digər qiymətli arxeoloji tapıntılar müasir ekspozisiya məkanlarında təqdim olunaraq ziyarətçilərə Likiyanın tarixi və mədəniyyəti haqqında dolğun təsəvvür yaradır.
Muzeyin ən diqqətçəkən yeni eksponatları sırasında 2024-cü ildə Andriakedə aşkar edilmiş, "min çiçək" (millefiori) texnikası ilə bəzədilmiş şüşə panellər və rozetlər xüsusi yer tutur. Bu nadir tapıntılar qədim Anadolu şüşə sənətkarlığının yüksək inkişaf səviyyəsini və sənətkarlıq ənənələrinin zənginliyini nümayiş etdirir.