Modern.az

Umud Mirzəyev Udmurtiya rəhbərinə BAMF-ın ali mükafatını verib

Umud Mirzəyev Udmurtiya rəhbərinə BAMF-ın ali mükafatını verib

24 Mart 2015, 20:40



Azərbaycandan olan nümayəndə heyəti Rusiya Federasiyasının Udmurtiya Respublikasında səfərdə olub. Novruz bayramı günlərinə təsadüf edən səfər Beynəlxalq Avrasiya Mətbuat Fondu , Udmurtiyadakı “Dostluq” Azərbaycan İctimai Mərkəzi və Udmurtiyanın Milli Siyasət Nazirliyinin təşkilatçılığı ilə reallaşıb.

Nümayəndə heyətinə Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev, Milli Məclisin deputatı Sahib Alıyev, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru Elman Nəsirli, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vaqif Quliyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun direktoru Mürsəl Əliyev, Azərbaycanın tanınmış hüquqşünası, Beynəlxalq Mühəndislər Akademiyasının doktoru Şirxan Adıgözəlov, iş adamı Rafiq Qarayev daxil olub.

Nümayəndə heyəti əvvəlcə Udmurtiya Respublikasının rəhbəri Aleksandr Salavyovla görüşüb. Aleksandr Salavyov bildirib ki, Azərbaycan-Rusiyanın münasibətlərinin bugünkü dinamik inkişafı bütün sahələrdə yaxşı nəticələrin əldə olunmasına şərait yaradır. Əməkdaşlığımız dostluq, mehriban qonşuluq, qarşılıqlı marağa, hörmətə, etimada söykənən, proqnozlaşdırıla bilən və sabit münasibətlərin əsasıdır.

Udmurtiya Respublikasının Rusiya Federasiyasının aparıcı subyektlərindən biri olduğunu xatırladan A.Salavyov məlumat verib ki, hazırda Udmurtiya Rusiyanın neft-qaz çıxarma və müdafiə sənayesi məhsullarının istehsalına görə əsas mərkəzlərindən biri sayılır. Əhalisinin sayı 1,5 milyon olan Udmurtiyada ümumilikdə 130 etnik qrupu təmsil edən müxtəlif millətlərə mənsub vətəndaşlar sülh və sabitlik şəraitində yaşayır. Buradakı Azərbaycan diasporunun ölkənin ictimai həyatında rolunu yüksək qiymətləndirən A.Salavyov diasporun iqtisadi imkanlarının artmasında maraqlı olduğunu bildirib və Azərbaycanın biznes təmsilçilərini də Udmurtiyaya investisiya qoymağa dəvət edib.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev Azərbaycanın Rusiyanın köhnə və etibarlı tərəfdaşı olduğunu söyləyib.
Qeyd edilib ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Rusiyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində rolu böyükdür. Bu baxımdan Rusiyanın münaqişənin həll prosesinə dəstəyi bütünlükdə regionun siyasi, iqtisadi, təhlükəsizlik sahələrində problemlərinin həllinə təkan vermiş olar.

Deputat Sahib Alıyev bildirib ki, hər iki xalq ümumi tarixə malikdir. Bu coğrafiyada uzun illərdir qonşu olan ruslar və azərbaycanlılar həmişə sülh, əməkdaşlıq, əmin-amanlıq şəraitində yaşamağa can atıblar. Ölkələrimiz arasında iqtisadi əlaqələr gündən-günə inkişaf edir, ticarət dövriyyəsi artır. Təkcə Rusiyaya Azərbaycan 1 milyard dollardan artıq investisiya qoyub. Bu isə iki ölkə arasında mövcud etimad və etibarın bariz nümunəsidir.

Elman Nəsirli də diqqəti əsasən iqtisadi əlaqələrin səviyyəsinə yönəldib və Azərbaycanın məhsul ixrac etdiyi ölkələr sırasında Rusiyanın ilk sırada durduğunu vurğulayıb. Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini, ümumi daxili məhsulun son 11 ildə 3-4 dəfə artdığını xatırladan E.Nəsirli qarşılıqlı səfərlərin baş tutması ilə daha çox ortaq məxrəclərin tapılacağına əmin olduğunu bildirib.

Udmurtiyanın onun üçün doğma diyar olduğunu deyən Umud Mirzəyev rəhbərlik etdiyi fondun burada 1993-ci ildə ilk xarici nümayəndəliyinin açıldığını bildirib. BAMF-ın MDB məkanında BMT-nin İqtisadi-Sosial Şurasının (ECOSOC) Əsas Məşvərətçi Statuslu üzvlüyünü qazanan az sayda təşkilatdan biri olduğunu bildirən U.Mirzəyev dünya üzrə bu statusa cəmi 148 təşkilatın yiyələndiyini xatırladıb.

Qeyd edilib ki, bu gün Azərbaycan-Rusiya münasibətləri yüksəliş mərhələsindədir. Rusiya Federasiyasının subyektləri ilə Azərbaycanın regionları arasında əlaqələr də dinamik inkişaf edir. Moskvada və Rusiyanın digər şəhərlərində çoxlu sayda azərbaycanlı yaşayır ki , onların arasında xeyli həkim, alim, pedaqoq və ölkəmizi geniş şəkildə təbliğ edən digər peşə sahibləri var. Rusiyanın Udmurtiya Muxtar Respublikasında fəaliyyət göstərən “Dostluq” Azərbaycan İctimai Mərkəzi də Azərbaycan həqiqətlərinin Rusiya ictimaiyyətinə çatdırılması istiqamətində xüsusi fəaliyyət göstərir. Mərkəzin məqsədi Azərbaycan milli-mədəni dəyərlərinin qorunması, sosial, bədii, mədəni təşəbbüslərin irəli sürülməsi, Rusiya cəmiyyətinin mədəni həyatına Udmurtiyadakı azərbaycanlıların fəal inteqrasiyası, təhsilin inkişaf etdirilməsi, iki ölkənin əlaqələrinin möhkəmlənməsinə töhfə verilməsi, dostluq, etimad və xalqlar arasında anlaşmanın təşviqidir. Təşkilat fəaliyyətini hər iki ölkənin milli maraqları əsasında qurub və hər iki ölkənin prioritet hesab elədiyi istiqamətlər üzrə bundan sonra da davamlı olaraq aktiv işlər görmək niyyətindədir.

Azərbaycanın milli bayramı olan Novruzda dostların və yaxın insanların bir-birilərinin evlərini ziyarət etdiyini xatırladan U.Mirzəyev əminliyi bildirib ki, bayram günlərinə təsadüf edən bu əlamətdar səfər də yadda qalan olacaq və Udmurtiya ilə Azərbaycanın müxtəlif regionları arasında əlaqələrin daha da inkişafında özünəməxsus rol oynayacaq.

Sonda Azərbaycan nümayəndə heyəti tərəfindən Udmurtiya Respublikasının rəhbərinə BAMF-ın ali mükafatı təqdim olunub. A.Salavyova Novruzun atributları olan “Səməni” və şirniyyatlar da təqdim edilib.

Nümayəndə heyəti ilə görüşdən məmnun qaldığını bildirən Udmurtiya Respublikasının rəhbəri tezliklə Azərbaycana səfər etməyi arzuladığını söyləyib. O, vətəndaş cəmiyyəti təmsilçilərinin belə bir səfərin baş tutmasında fəal iştirak etməsinin təqdirəlayiq olduğunu bildirib. A.Salavyov səfərdən sonra birgə əməkdaşlığın sahələrini müəyyənləşdirmək və aktiv şəkildə bu prosesə dəstək olmaq üçün Udmurtiyanın bir sıra rəsmi qurumlarına tapşırıqlar verib. O, eyni zamanda, Azərbaycan nümayəndə heyətini Udmurtiyada anadan olan məşhur rus bəstəkarı Pyotr Çaykovskinin yubileyi ilə bağlı İjevskdə baş tutacaq silsilə tədbirlərdə iştiraka dəvət edib.

Azərbaycan nümayəndə heyətinin növbəti görüşü isə Udmurtiya Respublikasının Milli Siyasət Nazirliyində olub. Nazir Larisa Buranova nümayəndə heyətinə məlumat verib ki, Udmurtiya ərazisində yaşayan digər xalqlar kimi azərbaycanlıların da milli özünəməxsusluğunu, adət-ənənələrini, dilini, dinini, mədəniyyətini qoruyub saxlamaq, hüquq və azadlıqlarını müdafiə etmək, sosial təminatını gücləndirmək nazirliyin başlıca vəzifələrindəndir. O, əminliyini vurğulayıb ki, nazirlik bu səfərdən sonra müvafiq istiqamətdə daha da uğurlu fəaliyyət göstərəcək.

Sonra nümayəndə heyətinin iştirakı ilə birgə əməkdaşlığın inkişaf perspektivləri ilə bağlı müzakirələr aparılıb. Sonda nazir L.Buranova BAMF-ın sədri Umud Mirzəyevə bu xoşməramlı səfərin təşkilindəki roluna görə xüsusi minnətdarlıq diplomu təqdim edib. Eyni zamanda, BAMF-ın adından xanım nazirə və məşhur udmurtiyalı alim Oleq Botkinə fəxri diplomlar təqdim edilib.

Nümayəndə heyəti martın 20-21 baş tutan səfər çərçivəsində Udmurtiyanın Milli muzeyi, Kalaşnikov adına Muzey-sərgi mərkəzi , Müqəddəs Mixaylov kilsəsi və bir sıra başqa tarixi məkanları ilə tanış olublar. Bununla yanaşı, Udmurtiyadakı Azərbaycan diasporunun nümayəndələri ilə görüş keçirilib, birgə reallaşdırılacaq layihələr müzakirə olunub.

Görüşdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev diaspor nümayəndələrini Rusiya vətəndaşı kimi Azərbaycanı layiqli təmsil etməyə, iki ölkənin münasibətlərinin inkişaf etdirilməsində aktiv rol oynamağa çağırıb.

Səfərin sonunda Novruz bayramı münasibətilə Udmurtiyanın mədəniyyət sarayında xanəndə Qoçaq Əsgərovun başçılıq etdiyi musiqi truppasının iştirakı ilə böyük qala konsert keçirilib. Konsertə Udmurtiyanın ictimai xadimləri, hökumət təmsilçiləri ilə yanaşı, Azərbaycanda da kifayət qədər tanınan, Bakıda keçirilən “Eurovision” yarışmasında Rusiyanı təmsil edən “Бура́новские ба́бушки” qrupunun üzvləri də iştirak ediblər.



Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir