Modern.az

Parisdən Azərbaycana qarşı təxribatçı addım

Parisdən Azərbaycana qarşı təxribatçı addım

Aktual

13 Oktyabr 2022, 18:15

Sosial şəbəkələrin erməni seqmentində, "Telegram" kanallarında Fransa Prezidenti Emmanuel Makronun "France 2" kanalının “L’Evenement” proqramına verdiyi müsahibə təqdim olunub. Həmin müsahibədə türkəfob Makron birmənalı olaraq Ermənistanı həmişə müdafiə edəcəyini, guya Ermənistanın regionda tolerantlıq, sülh uğrunda mübarizə apardığını, Qarabağın mübahisəli ərazi olduğunu, habelə “Dağlıq Qarabağ”ın Ermənistanın ürəyi olduğu üçün orada "olduğunu" qeyd edib. Daha sonra Makron bir az da irəli gedərək, Azərbaycanın bu ərazini “dəhşətli müharibə” apararaq “işğal" etdiyini söyləyib. 

 

Həmçinin Azərbaycandan qaz, neft almadığı üçün onu “satın almağın" qeyri-mümkünlüyünü deyərək, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində böyük səylər göstərən şəxslərin - bir çox Avropa ölkələrinin rəhbərlərinin və həmkarlarının, Avropa İttifaqının yüksək məmurları Şarl Mişeli, Avropa Komissiyasının Prezidenti xanım Ursula von der Leyeni və digərlərinin fəaliyətlərini şübhə altına almağa, onların “ələ alınmasına” işarə vurub.

 

Modern.az xəbər verir ki, bununla bağlı danışan "Konstitusiya" Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyevin sözlərinə görə, Makronun əsassız iddialarına rəğmən, Azərbaycan hazırkı mürəkkəb, Ukraynaya qarşı təcavüzkar müharibənin davam etdiyi şəraitdə böyük siyasi, iqtisadi və digər risklərə gedərək, fədakarlıq göstərərək, Avropanın enerji təhlükəsizliyin təmin edilməsində iştirak edir.

 

Hüquqşünas vurğulayıb ki, Makronun müsahibəsində səsləndirdiyi bütün fikirləri və verilişin ruhu tam ölkəmizə qarşı olub: 

 

 

"Biz Azərbaycan cəmiyyəti olaraq Makronun, Fransanın digər dövlət və hökumət, bütövlükdə siyasi istebleşmenti tərəfindən səsləndirilən fikirlərin və fəliyyətlərin tam olaraq Ermənistanın işğalçı, terrorçu fəaliyyətinə ortaq olmağın, on minlərlə insanın qətlinə və Xocalı soyqırımına haqq qazandırmanın, Cənubi Qafqazı yeni müharibəyə sürükləyən, islamafobiya və türkəfobiyanın bir dövlət siyasətinə çevrilməsi nümunəsi kimi qiymətləndirməli, adekvat addımlar atmalıyıq.

 

Erməni işğalını bitmənalı müdafiə edən, Ermənistana maddi, hərbi yardım göstərən və muzdluların göndərilməsində, erməni xüsusi təyinatlılarının, diversantlarının hazırlanmasında və kəşfiyyat məlumatları ilə təchiz edilməsində iştirak edən (ermənilərin son sentyabr təxribatında hərbçilərimizin həlak olmasında birbaşa iştirakı olub) 30 il ərzində həmsədrlərdən biri kimi tam ermənipərəst fəaliyyəti ilə yadda qalan və bütövlükdə son 2 ildə ancaq anti-Azərbaycan siyasəti aparan bir ölkə Ermənistan və Azərbaycan arasında sülhyaratma prosesindən təcili kənarlaşdırılmalıdır.

 

Azərbaycan XİN təcili olaraq Emmanuel Makronun "Franse 2" televiziyasına verdiyi müsahibəsi, habelə Fransa hökumətinin rəsmilərinin açıqlamaları ilə bağlı bəyanat verərək, Fransanın vasitəçiliyindən imtina etməlidir!

 

Əks halda Avtopa İttifaqından Ermənistana gələn missiyanın növbəti anti-Azərbaycan hesabatının şahidi olacağıq ki, bu da sülh müqaviləsinin hazırlanması və imzalanmasına əngəllər yaradacaq. Çünki Ermənistan tərəfi növbəti dəfə vəkili kimi çıxış edən Fransaya arxalanaraq sülh müqaviləsinin imzalanmasını hər vasitə ilə uzatmağa çalışacaq. Bu münaqişənin illərlə davam etməsini arzulayan və özlərinin siyasi, iqtisadi və geopolitik maraqlarının təmin olunmasını istəyən qüvvələrin Cənubi Qafqaz uğrunda mübrizəsinin daha da güclənməsinə yeni imkanlar yaradacaq".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!