Modern.az

Ukrayna iki istiqamətdə düşməni məhv edir - DÖYÜŞDƏ SON VƏZİYYƏT

Ukrayna iki istiqamətdə düşməni məhv edir - DÖYÜŞDƏ SON VƏZİYYƏT

Aktual

21 İyun 2023, 08:55

Rusiya dünən Ukraynanın paytaxtı Kiyevdə, o cümlədən cəbhə xəttindən uzaqda yerləşən qərb bölgələrində hərbi və infrastruktur obyektlərinə zərbələr endirib.

 

Modern.az bu barədə Ukrayna rəsmilərinə istinadən xəbər verir.

 

Ukrayna Prezidenti Volodimir Zelenski hava hücumundan müdafiə qüvvələrinin 30-dan çox pilotsuz uçuş aparatını vurduğunu deyib və qətiyyətlə bildirib ki, Ukrayna ordusu Rusiya qüvvələrini müharibənin iki əsas meydanında, şərq və cənubda məhv edir.

 

Ukrayna quru qoşunlarının komandiri və müdafiə nazirinin müavini hər iki bölgədə əks-hücum əməliyyatı çərçivəsində uğur qazandıqlarını açıqlayıblar. Zelenskinin ofisinin verdiyi məlumata görə, pilotsuz uçuş aparatları dörd saatdan çox müddət ərzində bir neçə dalğa ilə Kiyev bölgəsinə hücum edib.

 

Qeyd olunub ki, pilotsuz uçuş aparatlarının Kiyev ərazisinə hücumu nəticəsində bir neçə ticarət və inzibati bina, eləcə də bəzi fərdi evlər ziyan görüb. Aviazərbələr nəticəsində ölən və yaralananlar barədə məlumat verilməyib.

 

Hərbi Hava Qüvvələri Ukraynanın hava hücumundan müdafiə vasitələrinin, əsasən, İran istehsalı olan iyirmidən çox "Şahed" dronunun məhv edildiyini qeyd edib. Energetika Nazirliyi bildirib ki, vurulan dronların dağıntıları Kiyev vilayətində, habelə cənubdakı Nikolayev vilayətində elektrik xətlərini zədələyib, yüzlərlə sakinin elektrik enerjisi kəsilib. Hərbi Hava Qüvvələri Rusiyanın cənub-şərqindəki Zaporojye şəhərindəki infrastrukturu da "İskəndər" və S-300 raketləri ilə hədəfə aldığını bildirib. 

 

Rusiya Müdafiə Nazirliyi isə qeyd edib ki, rus hərbçilər son 24 saat ərzində Ukrayna ərazisində səkkiz sursat anbarını vuraraq məhv edib və üç bölgədə hücumları dəf edib. Nazirikdən bildiriblər ki, Ukrayna qüvvələri Rusiyanın nəzarətində olan şərqdəki Donetsk şəhəri və cənubundakı Zaporojye bölgəsinə hücum etməyə cəhd edib, lakin hücumun qarşısı alınıb.

 

Xersondakı qanunsuz hakimiyyətin "nümayəndəsi" isə iddia edib ki, Ukrayna qüvvələri Rusiyanın nəzarətində olan Xerson vilayətinin cənubundakı Nova Kaxovka şəhərinə zərbələr endirib.

 

Ümumilikdə müşahidəçilər Ukraynanın əks-hücum əməliyyatının uğurla davam etdiyini bildirir. Bundan əvvəl Kiyev 113 kvadrat kilometr ərazini və səkkiz yaşayış məntəqəsini Rusiya qüvvələrindən geri aldığını açıqlayıb. Amma son zərbələr göstərir ki, Rusiya cəbhə xəttindən kənarda da müharibə aparır.

 

Zelenski gecə videomüraciətində vurğulayıb ki, Ukrayna qüvvələri “cənubda və şərqdə düşməni fəal şəkildə məhv edir, Ukraynanı fiziki cəhətdən təmizləyir: "Terrora qarşı müdafiə terrorçuları məhv etmək deməkdir. Və bu, şər dövlətin heç vaxt Ukraynaya pislik gətirmək imkanına malik olmayacağına zəmanətdir".

 

Ukraynanın quru qoşunlarının komandanı general Aleksandr Sırski "Telegram"da yazıb ki, şərqdəki Baxmut şəhərinin cinahlarında irəliləyiş əldə edirlər. Onun sözlərinə görə, Ukrayna qoşunları şimal-şərqdə Kupyansk yaxınlığında Rusiyanın getdikcə intensivləşən hücumlarını dəf edir. Müdafiə nazirinin müavini Anna Malyar isə deyib ki, Ukraynanın cənubdakı qüvvələri tədricən, kiçik addımlarla, lakin çox inamla irəliləyir: "Biz hətta düşməndən hər metr torpağı qoparırıq".

 

Malyar bildirib ki, Rusiya qüvvələri geniş əraziləri minalayıb. Ukraynanın hərbi kəşfiyyatının rəisi Kiril Budanov isə Rusiyanı Zaporojye atom elektrik stansiyasının (AES) reaktorlarını soyutmaq üçün istifadə edilən gölməçəni minalamaqda ittiham edib.

 

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynanın Krımı daha uzun mənzilli ABŞ və Britaniya raketləri ilə vurmağı planlaşdırdığına dair məlumatlara malik olduğunu bildirib və Rusiyanın cavab addımı atacağı barədə xəbərdarlıq edib.

 

"Bu raketlərin bizim xüsusi hərbi əməliyyat zonasından (Rusiya müharibəni belə adlandırır - red.) kənarda istifadəsi ABŞ və Böyük Britaniyanın tam şəkildə münaqişəyə cəlb olunması və Ukraynadakı qərar qəbuletmə mərkəzlərinə dərhal zərbələrin endirilməsi deməkdir", - Şoyqu deyib.

 

Müdafiə nazirinin sözlərinə görə, Ukrayna silahlı qüvvələri iyunun 4-dən bu yana Rusiya qüvvələrinin mövqelərinə 263 hücum həyata keçirib və bunu Ukraynanın əks-hücumunun başlanğıcı hesab edir. Lakin o, hücumların "məqsədinə çatmadığını" düşünür.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir