Modern.az

"Yeni ikimərtəbəli qatarlar alıb gələn il istifadəyə verməyi planlaşdırırıq"

"Yeni ikimərtəbəli qatarlar alıb gələn il istifadəyə verməyi planlaşdırırıq"

Aktual

12 Avqust 2016, 21:05

“Azərbaycanda sürətli qatarlarının olması üçün yeni yolların tikilməsinə ehtiyac var. Bəzi ölkələrdə sürətli qatarların texnologiyası fərqlidir. Onlar hava yastıqlarının üzərində hərəkət edir. Hazırda Azərbayandakı yollarda belə qatarların istifadəsi mümkün deyil. Onun üçün gərək bu yolların yanından yeni dəmir yolu xətti çəkilsin. Amma indiki yolları təmir etməklə sürəti bir qədər artırmaq mümkündür”. Modern.az saytı xəbər verir ki, bunu “ASAN radio”nun “QəbuldASAN” verilişində qonaq olan “Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib.

“Cənab prezident tərəfindən Gəncə üçün tapşırıq almışıq və çalışacağıq ki, 2017-ci ilin ortalarına və yaxud axırına yaxın bu yola ən azı 100 km/saat sürətlə hərəkət edən qatar buraxaq. Bununla da Gəncəyə 3-3,5 saata çatmaq məsələsini həll edəcəyik”-, deyə C.Qurbanov vurğulayıb.

QSC sədrinin sözlərinə görə, növbəti il üçün qatarların orta sürətinin daha da artırılması planlaşdırılır: “Gələn ilin ortalarında həmin istiqamətdə dəmiryolu qatarlarının orta sürəti 100-140 km/saat arasında tənzimləyəcəyik. Amma Qars dağlıq olduğu üçün orada orta sürət 60-80 km/saat arasında olacaq. Bunun üçün yeni qatarların alınması planlaşdırılır. Biz düşünürük ki, bu məqsədlə "Stadler Rail Group" şirkətindən yeni ikimərtəbəli qatarlar alaq və gələn il istifadəyə verək”.

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilişi ilə bağlı məsələyə toxunan C.Qurbanov bildirib ki, Gürcüstan ərazisindəki 183 km-lik hissə bu ilin sonuna qədər ilkin istismara veriləcək: “Türkiyə ərazisində isə Gürcüstan sərhədindən Qarsa qədər 80 km-ə hissədə torpaq işlərinin 90%-i yekunlaşıb. Digər işlər sürətləndirilib və söz verilib ki, ilin sonunadək qurtarılacaq".

QSC sədrinin sözlərinə görə, hazırda dəmir yolunda əsas işlərdə 22 min, əlavə işlərdə isə 4 minə yaxın insan çalışır: “Bu günə qədər müxtəlif yerli və xarici universitetləri bitirmiş 200-ə yaxın gənci xüsusi test imtahanları vasitəsi ilə yoxlandıqdan sonra işə qəbul etmişik. Dəmir yolunda orta aylıq əmək haqqı 30%-ə qədər artırılıb. Əvvəl orta aylıq əmək haqqı 263 manat idi, amma indi onu biz 342 manata qədər qaldırmışıq. Ötən illərdə daşınmalardan gələn vəsaitlə yeni texnologiyalar tətbiq edilməyib. Bu gün dəmir yolunda çalışan işçilərin sayı təqribən yarıbayarı çoxdur. Onların hamısını ixtisara salmaq iqtisadi baxımdan düzgün deyil. Amma zaman-zaman yeni texnologiyaların gətirilməsi imkan yaradacaq ki, biz ixtisaslı kadrlarla daha çox işləyək. Dəmir yolunda gördüyümüz ilk işlərdən biri də qurumun binasının təmiri ilə bağlıdır. 1956-cı ildə təhvil verilmiş binanın demək olar, yenindən qurulmasına nail olmuşuq. Bu gün dəmir yolunun binası respublikamızda ən gözəl binalardan biridir. Həmçinin hazırda dəmir yolunun mərkəzi vağzalının təmiri ilə məşğuluq. Allah qoysa, bu ilin sonunadək təmir işlərini başa çatdıracağıq. O cümlədən, həm Biləcəri, həm Sumqayit, həm də keçmiş “Əzizbəyov” indiki “Koroğlu” stansiyalarından keçməklə Bakı sərnişin stansiyasına gəlmək üçün olan dairəvi yolun bərpasını təmin edəcəyik. Bundan əlavə, dəmir yolunun Bakıdan-Gürcüstan sərhədinə qədər olan hissəsinin həm kontakt şəbəkəsinin, həm rabitə və işarəetmə sisteminin, həm də yolun yenidən təmir edilməsi ilə məşğuluq. Bu gün 700 km-ə yaxın yol təmir edilib. Əgər əvvəl həmin yolda sürət 33 km/saat idisə, indi bu 55 km/saata çatdırılıb. Dəmir yolu üçün 3100 yeni vaqon alınıb və bütün lokomotiv parkı 30%-ə qədər yenilənib”.

Cavid Qurbanov  bildirib ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizində də işlərin əksər hissəsi yekunlaşıb: “İndi orda 8,3 km-lik torpaq yatağı qurtarıb. Təqribən 530 min kubmetr torpağın 450 min kubmetri daşınıb. Yol yatağının salınması da bitmək üzrədir. Körpünün 4 dayağı tam hazırdır. İnşallah ilin sonuna kimi bu yolun İrana keçən hissəsini təhvil verəcəyik. Hər hansı fors-major hadisə baş verməzsə, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşması istiqamətində işlər ilkin mərhələdə ilin sonuna kimi yekunlaşacaq".

C.Qurbanov Heydər Əliyev Beynəlxalq Hava Limanına yeni dəmiryolu xəttinin çəkilməsinin planlaşdırıldığını da açıqlayıb: “Bakı kəndlərinə sürət qatarlarının işləməsi ilə bağlı məsələlər diqqətdədir. Bununla bağlı məsələlər araşdırılır. İstəyirik ki, aeroporta da qatarlar işləsin. İndi bu yolun layihəsi ilə məşğuluq".

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı