Fevralın 3-də Bakı Konqres Mərkəzində Gənclər günü münasibətilə Prezident yanında Gənclər Fondunun hesabat konfransı keçirilir.
Modern.azxəbər verir ki, tədbirdə Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Gənclər Fondunun Müşahidə Şurasının üzvləri, Milli Məclisin deputatları, gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.
Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev konfransda bu gün Azərbaycanda gənclər siyasəti Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirir. Bunun nəticəsində gənclərimiz ölkə həyatının bütün sahələrində yüksək fəallıq nümayiş etdirirlər.
F.Hacıyev bildirib ki, fəaliyyətə başladığı dövrdən etibarən Fondun bu günə qədər elan etdiyi on qrant müsabiqəsi çərçivəsində fərdi gənclər və gənclər təşkilatları tərəfindən təqdim olunan layihələrin 3909-u maliyyələşdirilib və uğurlu nəticələr əldə edilib.
Tədbirdə ötən il Fondun maliyyə dəstəyi ilə Bakıda 394, Gəncədə 36, Sumqayıtda 25, digər şəhər və rayonlarda isə ümumilikdə 787 tədbirin keçirildiyi vurğulanıb. Bildirilib ki, bu tədbirlər on minlərlə gənci əhatə edib. Bununla yanaşı, Fond 62 gəncin beynəlxalq tədbirlərdə iştirakla bağlı müraciətlərini müsbət cavablandırıb və bunun üçün şərait yaradıb.
Konfransda Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyevin, gənclər və idman nazirinin müavini İntiqam Babayevin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayevin və gənclər təşkilatlarının rəhbərlərinin çıxışları nəzərdə tutulub.
Açılış çıxışlarından sonra konfrans işini panel iclasları ilə davam etdirəcək.