Braziliya millisinin sabiq hücumçusu Ronaldinyo peşəkar karyerasını başa vurduqdan illər sonra yenidən futbol meydanına qayıtmaq qərarının səbəbini açıqlayıb.
Modern.az xəbər verir ki, 46 yaşlı futbolçu İtaliyanın “Ravenna” klubunun prezidenti İqnazio Çipriani ilə dostluğunun və gələcək planlarının bu qərarda mühüm rol oynadığını deyib:
“Bu, dostluğumuz və gələcəklə bağlı planlarımızla əlaqədardır. Həyatımda xüsusi və təkrarsız bir an yaşamaq istəyirəm. Karyeramı başa vurduqdan sonra geriyə baxıb arzuladığım hər şeyə nail olduğumu anladım. İndi yenidən futbol oynamaq imkanım var və bundan zövq alıram. Həm də azarkeşlərə gözəl gün yaşatmaq istəyirəm”.
Məlumata görə, İtaliya C Seriyasında “Forli”yə qarşı oyunda braziliyalı ulduzun “Ravenna”nın heyətində debütü gözlənilir.