Hesabat ilində qlobal iqtisadi mühit neftin dünya bazarlarında qiymətinin əvvəlki dövrlə müqayisədə artması, inkişaf etmiş ölkələrdə inflyasiyanın yüksəlməsi, dünya üzrə iqtisadi artımın gözləniləndən bir qədər çox olması, dünya üzrə məcmu borcun tarixdə ən yüksək həddə çatması və s. meyllərlə xarakterizə olunub.
Modern.az-ın məlumatına görə, 2017-ci ilin ÜDM göstəricisində artım müşahidə edilib, qeyri-neft sektoru üzrə real artım tempi 2,7% təşkil edib, qeyri-neft sektorunun ÜDM-də payı 62,8%-ə çatıb.
Hesabat ilinin dövlət büdcəsi həm dünya, həm də respublika üzrə müşahidə edilən bu meyllər, həmçinin dövlət vəsaitlərinin nəticəli istifadəsi, hesabatlılığın və maliyyə nəzarətinin gücləndirilməsi, vəsaitlərdən istifadə üzrə məsuliyyətin artırılması istiqamətində dövlət başçısının təşəbbüsü ilə qanunvericilik aktlarına edilmiş bir sıra vacib əlavə və dəyişikliklər fonunda icra edilib, bu amillər icra prosesinə təsirsiz ötüşməyib.
2017-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsi və hesabat “Büdcə sistemi haqqında” Qanunun müəyyən etdiyi vaxtda Hesablama Palatasına təqdim edilib. Qanunla təsbit edilmiş tələblərə riayət olunmaqla hazırlanıb, qanunvericiliklə həmin sənədlərdə göstərilməsinin tələb olunduğu sahələr və istiqamətlər üzrə məlumatlar əks olunub.