1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günüdür. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirib ki, Azərbaycanda sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar, valideyn himayəsindən məhrum olmuş uşaqlar, müharibə əlillərinin, I və II qrup Çernobıl AES əlillərinin və şəhid ailələrinin uşaqları, müddətli hərbi xidmət qulluqçularının uşaqları aylıq sosial müavinətlə təmin edilirlər.
Modern.az xəbər verir ki, nazirliyin məlumatına görə, ailə başçısını itirmiş ailələrə də aylıq sosial müavinət və ya əmək pensiyası ödənilir və həmin ailələrdəki ailə üzvlərinin böyük əksəriyyəti uşaqlardır. Ünvanlı dövlət sosial yardımı alan aztəminatlı ailələrdəki 1 yaşınadək uşaqlar, beşdən çox uşağı olan qadınların uşaqları aylıq sosial müavinətlə təmin edilir, yeni doğulan uşaqlara görə isə birdəfəlik müavinət ödənilir.
Prezident İlham Əliyevin cari ildə də imzaladığı müvafiq sərəncamlarla qeyd olunan ödənişlərin növbəti dəfə artırılması təmin edilib.
Sağlamlıq imkanları məhdud uşaqların səmərəli tibbi-sosial reabilitasiyasının təmin edilməsi də diqqətdə saxlanılır. Dövlət başçısının tapşırığı əsasında son illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Uşaq Bərpa Mərkəzi, burada ən yüksək standartlara uyğun səviyyədə yaradılan reabilitasiya şəraiti qeyd olunan uşaqların sağlamlıqlarının bərpasına xüsusi qayğının nümunəsidir. Cari ilin yanvar-may aylarında Mərkəzdə 1300-dən çox uşaq stasionar və ambulator qaydada reabilitasiya xidmətləri ilə təmin olunub.
Eyni zamanda, Heydər Əliyev Fondunun dəstəyi ilə son illərdə Bakının Yeni Günəşli qəsəbəsində Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi istifadəyə verilib. Müəssisədə il ərzində 350-dək uşağa səmərəli reabilitasiya üsulları ilə bərpa xidmətləri göstərilir. Sosial xidmət sisteminin əhatə etdiyi insanların da bir hissəsini uşaqlar təşkil edir.
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı və 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində 330 uşaq tam dövlət təminatında yaşayır. Son illərdə Heydər Əliyev Fondunun dəstəyi ilə həmin müəssisələrdə uşaqların hərtərəfli qayğı ilə əhatə olunması, tibbi və reabilitasiya xidmətləri ilə təminatı üçün nümunəvi yaşayış şəraiti yaradılıb.
Çətin həyat şəraitində və risk qrupuna daxil olan uşaqların sosial reabilitasiya xidmətləri ilə təminatı işləri də güclənir.
Bu istiqamətdə mühüm addım kimi, dövlət başçısının, birinci xanım Mehriban Əliyevanın və ailə üzvlərinin iştirakı ilə 2016-cı ilin dekabr ayında Bakının Zabrat qəsəbəsində baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsi istifadəyə verilib. Müəssisədə müvafiq təbəqədən olan uşaqların dövlətin qayğısı ilə əhatə olunması, onların digər həmyaşıdları kimi normal həyata qovuşmaları üçün məqsədyönlü tədbirlər görülür. Hazırda müəssisədə 17 uşaq dövlət himayəsində yaşayır.
Qeyd olunanlarla yanaşı, nazirliyin sosial sifarişləri əsasında Bakıda və respublikanın müxtəlif bölgələrində sağlamlıq imkanları məhdud, çətin həyat şəraitində və risk qrupuna daxil olan uşaqların ehtiyaclarına uyğun reabilitasiya xidmətləri ilə təminatı da həyata keçirilir.