Modern.az

Rusiyadakı nüfuzlu Azərbaycan diaspor təşkilatının fəaliyyəti kimlərə sərf etmir...

Rusiyadakı nüfuzlu Azərbaycan diaspor təşkilatının fəaliyyəti kimlərə sərf etmir...

Aktual

27 İyun 2018, 09:51

Rusiya Federasiyasında həmvətənlərimizin ən böyük diaspor təşkilatı olan Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) dövlət qeydiyyatının formal texniki səbəblər bəhanəsi ilə ləğv edilməsi, əlbəttə, ədalətsiz və inciklik doğuran qərar idi.

        
Lakin Rusiya azərbaycanlıları birliyinin görkəmli nümayəndələri vəziyyəti obyektiv və ölçülüb-biçilmiş şəkildə qiymətləndirərək RF qanunvericiliyinin tələblərinə uyğun yeni diaspor təşkilatı yaradılması işinə başlayıblar. Bu, diasporun təşkilatlanması prosesini yenidən başlamağa, kadr dəyişiklikləri aparmağa, Rusiyada yaşayan məşhur azərbaycanlılar sırasından yeni şəxsləri, ziyalıların nümayəndələrini bu təşkilata rəhbərliyə dəvət etməyə, Rusiya Federasiyasında azərbaycanlıların yeni, bu ölkədə doğulmuş nəslinin böyüməsi nəzərə alınmaqla gənclərlə işi gücləndirməyə imkan verəcək.

        
Təbii ki, yeni təşkilat boş yerdən deyil, ÜAK-ın təcrübəsi, onun əlaqələri nəzərə alınmaqla yaradılır. Təsadüfi deyil ki, azərbaycanlıların 70-ə yaxın regional təşkilatı keçmiş ÜAK-ın prezidenti, akademik Fazil Qurbanovdan  diaspor təşkilatının dirçəldilməsi missiyasını öz üzərinə götürməsini xahiş edib. Yeri gəlmişkən, ÜAK tərəfindən Rusiya qanunvericiliyinin tələblərinə riayət edilməsində səhvlərə F.Qurbanovun ÜAK rəhbərliyinə gəlməsinə qədər yol verilib.

        
Təsadüfi deyil ki, Azərbaycan icmaları diaspor təşkilatının fəaliyyətində varisliyin qorunub saxlanmasını istəyirlər. Bu təşkilat üçün ilkin ad da seçilib – “Rusiya Azərbaycanlıları Konqresi”. Çünki ÜAK digər diaspor təşkilatlarından yaxşı mənada təkcə Rusiya daxilində Azərbaycan diasporunun sıx birləşməsi ilə deyil, həm də Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında münasibətlərin inkişafına kömək göstərməsi ilə fərqlənirdi.

        
ÜAK 2001-ci ildə Azərbaycan və Rusiya liderləri Heydər Əliyevin və Vladimir Putinin təşəbbüsü ilə yaradılıb. Təəssüf ki, RF-də müəyyən qüvvələrin qərəzli münasibəti üzündən, habelə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin Rusiya hökumətindən olan tərəfdaşlarla vaxtında səmərəli dialoq qurmağı bacarmamış sabiq rəhbərliyinin səhvləri nəticəsində ÜAK-ı əvvəlki şəkildə saxlamaq mümkün olmadı. Bununla belə, Azərbaycan diasporunun xadimləri ruhdan düşmədilər və həmvətənlərin mənafelərinin qorunması üzrə işi davam etdirirlər.

        
Lakin deyəsən bu, Rusiyada güclü Azərbaycan diasporunun fəaliyyətini arzu etməyən müəyyən qüvvələrin ürəyincə deyil. İndi həm Rusiya azərbaycanlıları arasında, həm də Azərbaycanda nüfuz və etimad qazanmış yeni diaspor təşkilatının təsis edilməsi prosesini pozmaq üçün səy göstərilir. Bu məqsədlə Azər-Ros Federal Milli Mədəni Muxtariyyətdən (FMMM) fəal istifadə edilir. Bu qurum ÜAK-ın qeydiyyatının ləğv olunmasından istifadə edərək “azərbaycanlıların yeganə ümumrusiya təşkilatına” çevrilmək iddiasındadır. 

        
Bu günlərdə “Rusiya Federasiyası azərbaycanlılarının regional və yerli ictimai təşkilatlarının rəhbərləri” adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət hazırlanıb.

        
Surəti redaksiyanın sərəncamına gəlib çıxmış bu məktubun mahiyyəti ondan ibarətdir ki, Rusiya azərbaycanlılarının yeni diaspor təşkilatının yaradılmasına ehtiyac yoxdur və bütün həmvətənlər Azər-Ros FMMM-ya qoşulmalıdırlar.

        
Sual olunur: Azər-Ros FMMM ÜAK-dan əvvəl yaradılıb və əgər o, səmərəli diaspor təşkilatı formalaşdırmağı bacarsaydı, ÜAK-ın təsis edilməsinə ehtiyac qalmazdı. Digər tərəfdən, diaspor təşkilatları siyasətin fövqündə dayanmalı və yalnız mədəni-humanitar və təhsil məsələləri ilə məşğul olmalıdırlar. Azər-Ros FMMM isə RF-də müxtəlif xalqlar üçün sanki bir-birinin təkrarı kimi yaradılmış çoxsaylı oxşar milli strukturlardan biridir.

        
Diaspor təşkilatları yaşadıqları ölkənin hüquq məkanı çərçivəsində fəaliyyət göstərməyə borclu olsalar da, praktiki fəaliyyətində müstəqil və siyasi cəhətdən qərəzsiz qalmalıdırlar. Yəni, diaspor həmvətənlərin məsələləri ilə məşğul olmalı, onların mənafelərini obyektiv əks etdirməli, özünü məmurlar tərəfindən müəyyən edilən çərçivələrə salmamalıdır.

        
Digər tərəfdən, əgər diaspor təşkilatı tarixi Vətənində etimad qazanmazsa, o, uğurlu ola bilməz. Azər-Rosa isə Azərbaycanda həmişə suallar olub. Bu təşkilat heç vaxt həmvətənlərinin hüquqlarının müdafiəsində fəallıq göstərməyib, Azərbaycan tarixi üçün əlamətdar günlərdə, o cümlədən Xocalı soyqırımının və ya Yanvar faciəsinin ildönümü günlərində aksiyalar keçirməyib.

        
Azərbaycanda ən çox anlaşılmazlıq doğuran isə bu olub ki, Azər-Rosun keçmiş prezidenti, indi bu qurumun məxfi rəhbəri, qalmaqalları ilə ad çıxarmış Söyün Sadıqov 2013-cü ildə Qarabağ münaqişəsinin müzakirə edilməsi üçün Rusiya Erməniləri İttifaqının rəhbərliyi ilə görüş keçirib.

Bu, əvvələn, ona görə hiddət doğururdu ki, Azərbaycandan heç kəs Sadıqovu bunun üçün müvəkkil etməmişdi. Digər tərəfdən, Azərbaycan sakinləri və bizim RF-dəki diasporun nümayəndələri ona görə qəzəbləndilər ki, Sadıqov Azərbaycan torpaqlarında təcavüzkar erməni separatizmini siyasi, mənəvi və maddi baxımdan həmişə dəstəkləyən şəxslərlə danışıqlara getmişdi.

Azərbaycanda Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinin yeniləndiyi, gənc olmasına baxmayaraq parlament və ictimai fəaliyyətdə sanballı təcrübəyə malik olan Fuad Muradov bu komitəyə başçılıq etdiyi vaxtda Azər-Rosu dəstəkləmə “təşəbbüsü” yersiz və hətta provokasiya xarakterli oldu. 

        
Dövlət Komitəsi öz işini ciddi şəkildə yenidən qurur, Azərbaycanın iri diasporlarının olduğu yerlərdə onlar üçün əlverişli şərait yaratmaq məqsədilə tərəfdaşlarla münasibətlərin formatını dəyişir.

        
Buna görə də Azər-Rosun diaspor üçün edə biləcəyi ən yaxşı iş bu olar ki, öz nüfuzu, təcrübəsi, bilikləri, məşhurluğu sayəsində Rusiyadakı həmvətənlərimizin mənafelərinin qorunması işini daha yaxşı tənzimləməyə və bu işə başçılıq etməyə, Bakı ilə Moskva arasında strateji tərəfdaşlıq münasibətlərinin dərinləşməsinə töhfə verməyə qabil olanlara əngəl törətməsin.

 

Aydın Əzimov,
22 iyun, zerkalo.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! İrana DƏHŞƏTLİ HÜCUM hazırlığı başladı - ABŞ desant göndərdi