Fövqəladə Hallar Nazirliyi Mingəçevirdəki istilik elektrik Stansiyasında bu gün baş vermiş yanğınla əlaqədar məlumat yayıb.
Modern.az xəbər verir ki, nazirliyin məlumatında deyilir:
"05.07.2018-ci il tarixdə saat 08:25-də Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhərində “Azərbaycan İES” MMC-nin ərazisində yanğın olması barədə məlumat daxil olub.
Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri saat 08:28-də hadisə yerinə çatıb.
Yanğın zamanı cərəyan transformatorlarından birinin açarı, sarğıları və ətrafa dağılmış 400 m² sahədə transformator yağı yanıb. Digər transformatorlar yanğından mühafizə olunub.
Yanğın saat 08:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb".
***
Mingəçevirdə yerləşən "Azərbaycan İES”də bu gün yenidən yanğın olub.
Modern.az xəbər verir ki, yanğın yerinə cəlb edilən Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri alovun qarşısını alıblar.
Ancaq məsələ ilə bağlı “Azərenerji” ASC-nin mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı Modern.az-a deyib ki, bəzi saytlarda yayılan foto və video əvvəlki yanğınlarla bağlıdır:
“Mən Mingəçevir İES-lə əlaqə saxladım. Belə bir fakt yoxdur. Yeni yanğın qeydə alınmayıb”.
Mingəçevir İcra Hakimiyyətinin başçısının birinci müavini İlham İsmayılov isə Modern.az-a açıqlamasında faktı təsdiqləyib:
“Bəli, yarım saat əvvəl yanğın olub və söndürülüb. Paylayıcı sahəsində cərəyan tüstülənməsi olub və yarım saat ərzində söndürülüb. Sansiyada əvvəlki rejimdə tam fəaliyyət göstərir. Narahatlığa səbəb yoxdur”.