Ermənistanın İnsan Hüquqları Müdafiəçisi (Ombudsman) Anait Manasyan milli və ya etnik mənsubiyyətə görə ayrı-seçkilik xarakterli ifadələrin işlədilməsinin, nifrətin qızışdırılmasının, insanlara damğa vurulmasının və onlara qarşı hücumların yolverilməz olduğunu bəyan edib.
Modern.az xəbər verir ki, Ombudsmanın aparatından yerli mətbuata bildirilib ki, bu cür halların Ermənistan Respublikasının ictimai diskursunda hələ də müşahidə olunması nəzərə alınaraq, İnsan Hüquqları Müdafiəçisi mövqeyini bir daha açıqlayıb.
Anait Manasyan “türk”, “rus”, “kürd”, “yezidi”, “köçəri” və bu kimi digər ifadələrin insanı və ya bir qrup şəxsi təhqir etmək, alçaltmaq, onlara qarşı hücum vasitəsi kimi istifadə edilməsinin yolverilməz olduğunu vurğulayıb.
Eyni zamanda, hər hansı milli və ya etnik qrupa mənsub şəxsləri birbaşa və ya dolayı yolla hədəf alan, onlara qarşı ayrı-seçkilik münasibətinin, dözümsüzlüyün və nifrətin yayılmasına şərait yaradan ifadələrin işlədilməsi də qəbuledilməz hesab olunur.
Ombudsmanın mövqeyinə görə, insanın milli və ya etnik mənsubiyyəti mənfi xüsusiyyət kimi təqdim edilə və kimisə gözdən salmaq üçün istifadə oluna bilməz. Bu cür bəyanatlar təkcə konkret şəxslərə deyil, bütövlükdə müvafiq milli və ya etnik qrupa qarşı yönəlir, həmin qrupun nümayəndələri ilə bağlı mənfi stereotipləri və qərəzli münasibəti daha da gücləndirir.
İnsan Hüquqları Müdafiəçisi bir daha bəyan edib ki, siyasi müzakirələr, fikir ayrılıqları və ya hər hansı şəxsin davranışının tənqidi milli və ya etnik mənsubiyyətə görə insanlara damğa vuran, ayrı-seçkilik yaradan və nifrəti qızışdıran ifadələrdən istifadəni əsaslandıra bilməz.
Ombudsman ictimai çıxışlarda ayrı-seçkilik xarakterli ifadələrə, nifrətin qızışdırılmasına, insanlara milli və ya etnik mənsubiyyətinə görə damğa vurulmasına və onlara qarşı hücumlara son qoyulmasını tələb edib.
Bildirilib ki, dövlət rəsmiləri, siyasi və ictimai xadimlər, kütləvi informasiya vasitələri və ictimai müzakirələrin digər iştirakçıları bu cür ifadələrin qarşısının alınmasında, eləcə də onlara qarşı mübarizədə fəal rol oynamalıdırlar. Onlar müxtəlifliyə hörmət, bərabərlik və ictimai həmrəylik prinsiplərini rəhbər tutmalıdırlar.