“Ermənistan tərəfi yenə də cəfəngiyyat və qarayaxma ilə məşğuldur. Belə ki, 20-27 sentyabr 2018-ci il tartixində cüdo üzrə 32-ci Dünya Çempionatının Azərbaycanda keçirilməsinə hələ xeyli vaxt qalsa da, Ermənistan indidən Azərbaycanın təhlükəsizlik məsələlərinə zəmanət vermədiyi və bununla əlaqədar olaraq idmançıların ölkəmizə gəlməyəcəyi ilə bağlı yalan fikirlər səsləndirir”.
Bu barədə Modern.az-a Gənclər və İdman Nazirliyinin mətbuat katibi Samayə Məmmədova Ermənistan idmançılarının Azərbaycana gəlməkdən çəkinməsi fikirlərinə münasibət bildirərkən deyib.
Nazirliyin sözçüsü bildirib ki, illər öncə Azərbaycan və Ermənistanda keçirilən yarışlar zamanı idmançıların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə iki ölkə arasında xüsusi format mövcud olub:
“Bu formata əsasən, Beynəlxalq Olimpiya Komitəsi və Avropa Olimpiya Komitəsinin rəsmilərinin iştirakı ilə hər iki ölkə nümayəndəsi qarşılıqlı səfərlər çərçivəsində təhlüksizliyin təmin edilməsinə dair sənədə imza atırdılar. Son illər ərzində isə rəsmilərin gediş-gəlişinin azaldılması məqsədi ilə idmançıların təhlükəsizliyinin təminatı üçün hər iki ölkə tərəfindən biri-birinə dövlət səviyyəsində zəmanət məktubları təqdim edilir. Bu dəfə də Azərbaycan Hökuməti qaydalara əməl edərək, Bakıda keçiriləcək Cüdo üzrə Dünya Çempionatında idmançıların təhlükəsizliyi ilə bağlı zəmanət məktubunu vaxtında Ermənistana təqdim edib. Ermənistan idmançılarının Azərbaycana gəlməkdən çəkinmə səbəblərini özlərindən daha dəqiq soruşmaq lazımdır”.