Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili hazırda Hollandiyada məskunlaşıb.
Lakin onun Gürcüstana qayıtması məsələsi zaman-zaman gündəmə gəlir. Qeyd edək ki, oktyabrın 28-də Gürcüstanda prezident seçkiləri keçiriləcək. İddialara görə Saakaşvili seçkilərə qatılacaq.
Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputat Azər Süleymanov Modern.az-a açıqlamasında deyib ki, Saakaşvili Ukraynada vəzifə tutmaq iddiasında deyil.
“Mixail Saakaşvili həm Ukraynaya, həm də Gürcüstana getməyə can atır. Hər iki dövlət onun üçün çox vacibdir. Saakaşvili sonuncu dəfə Ukrayna vətəndaşı oldu və vətəndaşlığı güclə əlindən aldılar. 2019-cu ildə Ukraynada prezident seçkiləri keçiriləcək. Saakaşvilinin orada iştirak etmək fikri yoxdur .Dəfələrlə açıqlama verib ki, onun Ukraynada vəzifəyə gəlmək iddiası yoxdur. O çalışır ki, Ukrayna düzgün yola düşsün. Xalqı böhrandan çıxarmaq istəyir. Onun başqa niyyəti olmayıb. Saakaşvilniin bütün niyyəti Gürcüstanla bağlıdır”.
Deputat bildirib ki, Saakaşvili bu halda Gürcüstana gələ bilər.
“Gürcüstana gəlincə, Saakaşviliyə hazırkı prezident vətəndaşlıq vermir. Saakaşvili də deyir ki, əgər mənə vətəndaşlıq verilsə həbs olunmağa da hazıram.
Vətəndaşlığı olmadığı üçün heç bir formada Gürcüstana gələ bilmir. Saakaşvilinin komandası olaraq ümidsiz deyilik. Oktyabrın 28-də Gürcüstanda prezident seçkiləri keçiriləcək. “Gürcü Arzusu” Partiyası isə özlərinə namizəd belə seçə bilmədilər. Əgər bizim komandanın namizədi qalib gəlib prezident olarsa, Saakaşviliyə vətəndaşlıq verəcək və o Gürcüstana gələcək. Bu gün Saakaşviliyə Gürcüstanın daha çox ehtiyacı var”