Bu gün Türkiyə Mərkəzi Bankı uçot dərəcəsinin 24 faizədək yüksəldilməsi ilə bağlı qərar qəbul edib.
Bununla bağlı Modern.az-a danışan iqtisadçı Vüqar Bayramov bildirib ki, bu son 15 ildə ən yüksək uçot dərəcəsidir:
“Türkiyədə uçot dərəcəsi 2009-2017-ci illər arasında hətta bir rəqəmli səviyyədə qorunub saxlanılıb. Mərkəzi Bankın qərarından sonra lirə az da olsa dəyər qazana bilib. Belə ki, dünən 1 dollar almaq üçün 6.4 lirə ödəmək lazım idisə hazırda bu göstərici 6.1-dək enib. Amma uçot dərəcəsinin kəskin atımı lirəni qısa müddətli dövrdə qoruya bilər”.
Ekspert hesab edir ki, orta və uzun müddətli dövrdə Türkiyə pulunu xilas etmək üçün həm iqtisadi, həm xarici siyasətdə dəyişikliklərin edilməsi vacibdir:
“Türkiyə ötən ili 67.7 milyard dollarlıq xarici ticarət defisiti ilə başa vurub. Aydındır ki, “İphone” telefonlarından imtina etməklə bu defisiti qapamaq mümkün deyil. Bunun üçün idxaldan asılılığın aradan qaldırılması istiqamətində islahatların genişləndirilməsi ilə yanaşı, həmçinin Qərb və xüsusən də ABŞ-la münasibətlərin normallaşdırılması çox vacibdir. Əks halda uçot dərəcəsinin artırılması Türkiyənin valyuta bazarında sadəcə nisbi sakitlik yaradacaq”.