Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin Məişət zorakılığına məruz qalan uşaqlar üçün yardım Mərkəzi tərəfindən bu il 113 nəfərə müxtəlif növ yardım göstərilib.
Nazirlikdən Modern.az-a verilən məlumata görə, yardım göstərilən 22 nəfər uşağın fiziki, 5 nəfərin cinsi, 30 nəfərin psixoloji, 9 nəfərin isə iqtisadi zorakılığa məruz qaldığı müəyyən edilib. Bundan başqa, uşaqları zorakılığa məruz qalmış 4 valideynə müvafiq rayonun İcra Hakimiyyəti tərəfindən qısamüddətli mühafizə orderinin alınması təmin edilib. Boşanma ərəfəsində olan 6 ailənin üzvünə göstərilmiş hüquqi yardım və davamlı psixoloji seanslar nəticəsində onların barışığına nail olunub.
Məlumat üçün bildirək ki, Mərkəzin fəaliyyət dairəsi Sumqayıt, Quba, Qusar, Şabran, Xaçmaz və digər ətraf şəhər və rayonları əhatə edir. Mərkəzdə sosial işçi, hüquqşünas, psixoloq, pedaqoq, tibb bacısı və defektoloq fəaliyyət göstərir.