Bakının Binə qəsəbəsindəki dəhşətli qəzada yaralananların sayı 35 nəfərə çatıb.
Bu barədə Modern.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.
S.Əhmədova qeyd edib ki, yaralılardan 2 nəfəri Travmatologiya İnstitutuna, 3 nəfəri Klinik Tibbi Mərkəzə, qalanları Sabunçu xəstəxanasına yerləşdirilib.
Nazirlik rəsmisi xəsarət alanların sayının artma səbəbinin vətəndaşların öz avtomobillərilə xəstəxanalara müraciət etməsilə əlaqələndirib.
Xatırladaq ki, bu gün saat 14:35 radələrində Bakının Binə qəsəbəsi ərazisində 160 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobusu ilə qatar toqquşub. Hadisə nəticəsində 1 azyaşlı oğlan dünyasını dəyişib.
***
Səhiyyə Nazirliyinin mətbuat xidməti Bakının Xəzər rayonu Binə qəsəbəsində baş vermiş qəza nəticəsinə yaralananlarla bağlı yeni statistika açıqlayıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Modern.az-a deyib ki, 160 saylı avtobusun qatarla toqquşması nəticəsində xəsarət alanların sayı 27 nəfərə çatıb. Onların arasında beş azyaşlı uşaq da var.
Hadisə nətiəcəsində 1 nəfər 13 yaşlı məktəbli oğlan dünyasını dəyişib.
***
Bakı Nəqliyyat Agentliyi də sərnişin avtobusunun qatarla toqquşması ilə bağlı məlumat yayıb.
Qurumdan Modern.az-a bildirilib ki, bu gün 160 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10-TG-106 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu Xəzər rayonu, Binə qəsəbəsində hərəkətdə olan qatarla toqquşub. Bakı Nəqliyyat Agentliyinin məsul şəxsləri hazırda hadisə yerindədir. Hadisə ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, hadisə nəticəsində 7 qadın, 10 kişi, 3 uşaq yaralanıb. 1 nəfər ölüb. Həlaş olan şəxs 13 yaşlı məktəblidir.
Hadisə yerinə 10 təcili yardım briqadası cəlb olunub. Yaralılar Sabunçu Xəstəxanasına və Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
***
Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti Bakıda sərnişin avtobusunun qatarla toqquşması ilə bağlı məlumat yayıb.
Qurumdan Modern.az-a verilən məlumata görə, bu gün saat 14.35 radələrində Binə qəsəbəsi ərazisində ağır qəza hadisəsi baş verib. 160 saylı marşrut avtobusu həmin ərazidəki qorunan dəmiryolu keçidində yük qatarı ilə toqquşub. İlkin məlumata görə, xəsarət alanlar var. Hadisə ilə bağlı araşdırma aparılır.
***
Xəbər verdiyimiz kimi, Bakıda sərnişin avtobusu qatarla toqquşub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, hadisə yerinə 10 təcili tibbi yardım briqadası cəlb edilib.
Qəza nəticəsində 9 yaralı Sabunçuda yerləşən 3 saylı şəhər xəstəxanasına aparılıb. Onlardan 1-i xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
***
Bakıda sərnişin avtobusu qatarla toqquşub.
Modern.az unikal.org-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu Binə qəsəbəsində baş verib.
Ölən və yaralananlar var.