“Turan” İnformasiya Agentliyinin redaktoru Şahin Hacıyev reportajlar və müsahibələr hazırlamaq üçün 1-5 fevral tarixləri arasında Ermənistanda ezamiyyətdə olub. Ş.Hacıyev düşmən ölkədən təəssüratlarını qısa şəkildə sosial şəbəkələrdə paylaşıb.
Azərbaycanlı jurnalistin Ermənistana səfəri sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bəziləri onu İrəvandakı “erməni soyqırımı qurbanları”nın abidəsini ziyarət etməkdə qınayıb. Şahin Hacıyev isə bunu ziyarət adlandıranlarla razılaşmayaraq, qondarma erməni soyqırımı muzeyinə baş çəkməyini oradan reportaj hazırlamaq istəyilə əsaslandırıb.
Xocalıdan olan deputat, Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin üzvü Elman Məmmədov jurnalistin bu səfəri haqqında Modern.az-a danışıb:
“Jurnalistlər dünyanın müxtəlif hissələrinə yollanır, reportajlar hazırlayır, hadisələrin gedişatı ilə yerində maraqlanırlar. Bu, jurnalistikanın xüsusiyyətlərindən biridir.
Ermənistana səfər edən Şahin Hacıyevi tanımıram. Onun düşmən ölkəyə səfəri sırf jurnalistlik fəaliyyəti ilə, media ilə əlaqədardırsa, problem yoxdur. Hər halda jurnalisti maliyyələşdirən, bu məsələdə dəstək olan mənbələr, təkliflərini irəli sürən, tapşırıqlar verən rəhbərliyi var. Səfərin mahiyyəti ilə bağlı bir söz deyə bilmərəm. Amma əgər mediada yayılan məlumatlarda qeyd olunduğu kimi həmin jurnalist qondarma erməni soyqırımı abidəsini, onun muzeyini ziyarət edibsə, düzgün addım deyil.
Hər birimiz ilk növbədə Azərbaycan vətəndaşıyıq. Bu mövqeyimiz, vətəndaşlıq, milli kimliyimiz başda gəlməlidir. Peşəmizdən, məşğuliyyətimizdən də öndə olmalıdır. Düşünməliyik ki, qondarma erməni soyqırımı bütün türk dünyasına qarşı ortaya atılmış kampaniyadır. Azərbaycan dövləti bu kampaniyanı tanımadığına görə, qondarma adlandırır. Bunu nəzərə alaraq, hansı peşənin sahibi olmasından asılı olmayaraq, hər hansı Azərbvaycan vətəndaşının adı çəkilən abidəni ziyarət etməsi, muzeyə getməsi yolverilməzdir. Hər bir Azərbaycan vətəndaşı belə məsələlərdə diqqətli olmalıdır”.
Azərbaycanın fərqli vəzifələrdə çalışan vətəndaşlarının bəzi beynəlxalq tədbirlərə qatılmaq niyyətilə zaman-zaman Ermənistana getməli olduğunu xatırladan E. Məmmədov özü belə səfərlərə heç vaxt qatılmaq istəmir:
“Hətta Milli Məclisin deputatlarından, Qarabağın Azərbaycanlı İcmasının üzvlərindən də Ermənistanda tədbirlərə qatılanlar olub. Fərqli formatlara qarşı hələlik nə isə demək olmur. Amma mənim şəxsi fikrim odur ki, əgər Ermənistan ərazilərimizi işğal edibsə, bizə qarşı düşmənçilik mövqeyindədirsə, vətəndaşlarımızın ora getməyi düzgün deyil. Bu mənim fikrimdir. Mən özüm Ermənistana getmərəm. Bu dövlətə gedəndə, baxırsan ki, vətəndaşlarımızı tək-tək yaxud kollektiv şəkildə qondarma erməni soyqırımı abidəsinə aparırlar, şəkillərini çəkirlər və s. Bütün bunlar qəbul olunmazdır”.