Hər il olduğu kimi, bu il də Xocalı soyqırımının növbəti ildönümü ilə əlaqədar dünyanın bir sıra ölkələrində soyqırımı qurbanlarının xatirəsi anılır, qətliamın dünya ictimaiyyətinə tanıdılması istiqamətində müxtəlif tədbirlər keçirilir.
Artıq bəzi ölkələrdə Azərbaycan diasporunun təşkilatçılığı ilə Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş tədbirlərə start verilib.
Bu il Amerika Birləşmiş Ştatları, Kanada, Avropa ölkələri, Latın Amerikası ölkələri və Avstraliya da daxil olmaqla dünyanın 50-dən çox ölkəsində Xocalı soyqırımının qurbanları yad edilir.
Modern.az saytı bir neçə diaspor təşkilatlarının Koordinasiya şuralarının əlaqələndiriciləri ilə əlaqə saxlayaraq Xocalı ilə bağlı hansı tədbirlərin keçiriləcəyi barədə məlumat almağa çalışıb.
Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi Ülviyyə Cabbarova Xocalı ilə bağlı keçirəcəyi tədbirdə əcnəbilərin iştirak edəcəyini söyləyib.
“Fevralın 23-də Xocalı ilə bağlı tədbir keçirdəcəyəm. Təəssüf ki, Brüsselə gedə bilməyəcəyəm. Ancaq Finlandiyada Xocalı tədbirində iştirak edəcəyəm. Tədbirdə 100 yaxın insanın iştirakı gözlənilir. Əsasən finlandiyalılar bizə qoşulacaq”
İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi, "Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi”nin rəhbəri Qasım Nəsirov artıq Xocalı ilə bağlı tədbir keçirtdiklərini bildirib.
“Fevralın 7-də Sürixdə 36 gimnaziya tələbəsi Xocalı kresti nümayiş etdirdi. Onu da deyim ki, tələbələrin hamısı sürixli idi. Həmçinin Xocalı krestinin müəllifiyəm. Dünyada ilk dəfə Sürixdə oynanıldı. Fevralın 16-da isə Bern şəhər mərkəzində, parlament binasının qarşısında mitinq keçirtdik. Ondan sonra parlament işçiləri üçün toplantı yerini kirayələyib Xocalı ilə bağlı film seyr etdik. Təxminən 70 nəfərə yaxın adam toplaşmışdı. İnsanlarımız əlində üçrəngli bayrağımız Xocalı deyib səsini dünyaya eşitdirməyə çalışırdı”
Fransanın Nant şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Assosiasiyasının (ACAF) sədri, Fransa Azərbaycanlıları Koordinasiya Şurasının (FAKŞ) əlaqələndiricisi Toğrul Zeynalov da fevralın 23-nə hazırlaşdıqlarını deyib.
“Brüsseldə 23 fevral tarixində tədbir keçirəcəyik. Avropanın hər tərəfində yaşayan azərbaycanlılar tədbirə qatılacaq. Əlaqələndiricisi olduğum Koordinasiya Şurası və öz adımdan çıxış edəcəyəm. Xocalı faciəsi bizim qan yaddaşımızdır. Ona görə də Xocalı uğrunda birləşəcəyik”
“Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri, Niderland azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Maisə Ağamirzəyeva da fevralın 23-nə təyin olunan mitinqdən danışıb.
“Niderland və Belçikada yaşayan azərbaycanlıların Koordinasiya Şurası olaraq onu deyə bilərəm ki, fevralın 23-də çox böyük mitinqə hazırlaşırıq. Haqq səsimizi daha geniş formada çatdırmağa çalışacağıq. Fevralın 26-sı üçün parlamentdən görüş istəmişik. Hələ ki, cavab gözləyirik. Bu ilki tədbirə azərbaycanlılarla yanaşı, xaricilər də dəvət olunub. Ümid edirik ki, Xocalı ilə bağlı keçirəcəyimiz mitinqdə dünyaya səs sala biləcəyik. Bu faciə xalqımızın qan yaddaşıdır”