Martın 26-da “Diqlas” Ticarət Mərkəzində baş vermiş yanğında zərəçəkən vətəndaşlara dəstək göstərilməsi üçün Prezidentin Ehtiyat Fondundan vəsait ayrılıb.
Modern.az-ın məlumatına görə, bunu iqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə açıqlamasında bildirib.
Ş.Mustafayev bildirib ki, işçi qrupu 3 gün ərzində fasiləsiz çalışaraq, ilkin rəyi hazır edəcək:
“Növbəti həftədən ilkin ödənişləri etməyə başlayacağıq. Bu, ölkə başçısının humanistliyindən irəli gələn bir addımdır”.
Ş.Mustafyev qeyd edib ki, ticarət mərkəzinin yenidən tikilməsi məsələsi sahibkarların ixtiyarında olan məsələdir:
“Çünki, ticarət mərkəzi özəldir. Onun sökülüb yenidən tikilməsi sahibkarların qərarı olacaq. Bu məsələdə dövlət yalnız öz dəstəyini verə bilər.
O sahibkarlar ki, dəymiş zərərlərlə bağlı sənədlərini təqdim edəcəklər. Gömrük, vergi və s. orqanlarına əsaslanaraq, dəyən ziyanı müəyyənləşdirəcəyik. Həmçinin, hansı sahibkarlar kreditlər alınması üçün müraciət edəcəksə, onlara uzunmüddətli kreditlər verəcəyik”.
Nazirin sözlərinə görə, yanğın nəticəsində 171 mağazaya zərər dəyib.