Ərşad Əzimzadə
(gəncanalarvə dayələr üçünbələdçi)
Dünyada elə bir ata, elə bir ana tapmazsan ki, övladlarını xoşbəxt böyütmək istəməsin. Hamı çalışır ki, balasının talehi üzünə gülsün, övladı səadətə qovuşsun, şad-xürrəm, firavan yaşasın.
Əfsuslar olsun ki, öz şirin arzusuna çatan ailələr az olur. Əksər ailələr böyük əndişə burulğanında çabalayır. Tez qovuşub, tez ayrılan gənc ailələrin, övladı xəstə və ya şikəst doğulan, döşündə süd olmayan anaların, öz naqis hərəkəti ilə ata-anasının gününü göy əskiyə bükən uşaqların sayı ilbəil artır. Görülən tədbirlərə rəğmən, bütün dünyada cinayətkarlıq kosmik sürətlə artır, separatizm, terror, münaqişələr, qanlı müharibələr səngimək bilmir. İqtisadi və siyasi sarsıntılar ən güclü dövlətləri belə zaman-zaman silkələyir, iqlim şəraiti ildən ilə pisləşir, təbii fəlakətlər daha qəddar xarakter alır.
Bütün bunlar qeyri-sağlam həyat tərzinin labüd və qaçılmaz nəticəsidir. Bu gün beşikdə düzgün tərbiyə almayan uşaq - sabahın potensial oğrusu, dələduzu, rüşvətxoru, qəddar hərbçisi, qaniçən tiranıdır. Heç bir ana, heç bir ata istəməz ki, övladı cinayətkar və qəddar olsun, kimisə qətlə yetirsin, həyatını qaranlıq zindanda keçirsin. İstəmirlər. Amma valideynlərin böyük əksəriyəti məhz naqis və bədbəxt övladlar böyüdürlər. Çünkü onların özlərini də eyni qəlibdə, eyni trafaret üzrə formalaşdırıblar. Demək olar ki, bütün valideynlər çalışıb ki, övladı yaxşı yesin, yaxşı geyinsin, puldan korluq çəkməsin, əlində bahalı “mobili”, altında xarici maşını olsun. Bir çoxları “uşağa” pul gücünə diplom və vəzifə də alır. Elə gənclər ailə - “kiçik dövlət” quranda da qiblə maddi dəyərlər götürülür.
Beləliklə də, övladlarını səadətə qovuşdurmağa çalışan valideynlər, bunu istəmədən, onları bədbəxtlik burulqanına atırlar. Sonra da bütün günahları “böyüklərin sözünə qulaq asmayan uşaqların” boynuna qoyurlar. Heç kəsin ağlına gəlmir ki, seçdiyi yol nadanlıq və cəhalət yoludur. Bu yolu dəyişməyincə - bütün insanlar Cəhənnəmin qır qazanında qaynayacaq.
Amma Cəhənnəmdən Cənnətə cəmisi bir addım məsafə var. Əlinizdəki bu kitab, əziz oxucum, cəhalət və bədbəxtlik yolundan çıxıb, kamillik və xoşbəxtlik yoluna keçməyin düsturunu sənə təqdim edir. Yolunu dəyişmək istəsən, o, sənə yaxşı bələdçi olacaq. Aqillər buyurub ki, bələdcisi kamil olan adam - yol azmır.