Modern.az

Mən öləndə, ağlama... - Bir tamaşadan QEYDLƏR

Mən öləndə, ağlama... - Bir tamaşadan QEYDLƏR

Aktual

2 Aprel 2019, 13:20

Gənc tamaşaçılar teatrının kiçik səhnəsi... Səhnədə monoloq söyləyən gənc qız... Ağ çarpayı... Şuberin musiqisi...


Məni tamaşaya baxmağa gətirən ilk səbəb tamaşanın adının xeyli maraq doğurması idi. Tamaşanın əsas obrazının adının mənim öz adımdan olmasını təsadüf kimi qəbul etsəm də, sonradan bunun təsadüf olmadığını anladım. Tamaşada ürəyimi sızıldadan, üzümü güldürən məqamlar çox idi. İzləyicilər arasında mənimlə eyni situasiyaları bölüşən insanlar da az deyildi. Düşünürəm ki, tamaşanın bu qədər ecazkar olmasının əsas səbəbi, yaradıcı heyətin məhz qadınlar olmağından irəli gəlirdi. Üç gənc xanımın işbirliyi əsasında qurulan tamaşanın dramaturqu Pərvin, rejissoru Ayla Osmanova, aktyor işinin ifaçısı isə Səbinə Məmmədova idi.
Tamaşanın əsas və yeganə qəhrəmanı Leylanın ardıcıl olaraq səsləndirdiyi fikirlərdən sonra, mən Leylanın beyni dumanlanmağa başlamışdı ki, müəllif Pərvinin əsərdə otaya qoyduğu sadə və mükəmməl danışıq dili cəlbedici idi. Kifayət qədər avantürist olan bu əsərdə postmodernizm cizgiləri xeyli çoxdur. Leylanın darıxdırıcı həyatı fonunda səsləndirilən fikirlər qaldırılan problemlər təkcə Leylanın deyil, bütöv bir cəmiyyətin problemləridir. Bəlkə də Leylanı dəli edən gərginlik  və əsəb deyil, cəmiyyətdə qarşılaşdığı haqsızlıqlar idi. Leyla obrazının daxili gücü, çılğınlığı, fəryadı, ağrı- acısı gənc aktrisa Səbinənin estetikası ilə elə bir vəhdət yaratmışdı ki, tamaşaya baxan izləyicilər sanki Leylanın bütün yaşantılarını onunla birlikdə yaşayırdılar. Gənc Leylanın daxilində ortaya qoyulan ədalət axtarışı, nə məhkəmə salonu, nə tibb ocağı, nə ana və atanın əməllərindəydi, bunlar məhz insanların öz qəlblərində və həyata baxış tərzlərindədir. Tamaşada Şuberin musiqisi fonunda ortaya qoyulan ritm, aktyor plastikası, gənc rejissor- Ayla Osmanovanın Pərvinin yaradıcılığına mükəmməl dərəcədə yiyələnməsindən irəli gəlirdi:


“Neyləyim? Bəyəm Qarabağ müharibəsini də mən eləmişəm?
Anamın qardaşı Qarabağda öləndə başına hava gəldi.
Elə mənim kimi...”


Pyesin müəllifi Pərvinin əsas obraz - Leylanın dilindən dediyi bu sözlər onun yaradıcılığında vətənə məhəbbəti göstərən ən mühüm səbəblərdən biridir. Tamaşanın qəhrəmanı olan Leylanın tamaşaçılara istinadən etdiyi jestlər, sükuta qərq olmuş zala yeni bir dinamika qatırdı.

“Boyuvu yerə soxum.Boyuvu ya boynuvu? Əşşi nə fərqi var ki?”.

Tamaşanı mənə sevdirən əsas məqamlardan biri də məhz bu cür replikalarla zəngin olması idi.

             
“Leyla gecə deməkdir.
Məcnun Leylaya aşiq olur.
Mən sənə aşiq olan kimi..”


Tamaşanın  qəhrəmanı Leylaya  bir həkimin ünvanlandırdığı bu sözlər, bəlkə də indiki dövrdə Məcnun yoxdur deyənlərə gənc müəllifdən bir mesaj idi. Bəlkə də Pərvin bu misraları pyesə daxil etməklə unudulmuş Leylilərə təsəlli vermək istəyirdi?

 
Tamaşanı izləyənlər arasında bir nəfər mənim diqqətimi xüsusilə cəlb etmişdi. Çox diqqətlə tamaşada baş verənləri izləyir, ən xırda bir detalı belə gözdən qaçırmırdı. O insanı hər kəs beşmərtəbəli evin altıncı mərtəbəsinin yaradıcısı kimi tanıyır.

Sonda yaradıcı heyəti təbrik edən Xalq yazıçısı - Anar, onların hər birinə öz tapşırıq və tövsiyələrini verdi. Düşünürəm ki, xeyir-duasını Azərbaycan ədəbiyyatının canlı əfsanəsindən alan bu tamaşa, hələ uzun müddət Gənc Tamaşaçılar Teatrının repertuarında nümayiş olunacaq.


Leyla Əsədullayeva

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı