Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova Füzuli rayonunun Əhmədbəyli, Mahmudlu və Yağlıvənd kəndində rayon rəhbərliyinin və aidiyyatı orqanların rəhbərlərinin iştirakı ilə seçicilərlə görüş keçirib.
Modern.az xəbər verir ki, görüş aprel zəfərini xalqımıza bəxş edən qəhrəman şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Çıxış edən Bahar Muradova bütün xalqımızı və Füzuli sakinlərini şanlı zəfər tariximizin 3-cü il dönümü münasibəti ilə təbrik edib. Dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə güclənən ordumuzun bu gün işğalda olan bütün torpaqlarımızı ən qısa müddətdə düşmən tapdağından azad etməyə qadir olduğunu bildirib. Aprel zəfərinin bunun bir daha bizə əyani sübutu olduğunu deyən Bahar Muradova qeyd edib ki, Azərbaycan ordusu dünyanın ən güclü və ən yaxşı silahlarla təchiz olunan ordusu sıralarındadır.
Daha sonra çıxış edən rayon sakinləri, bu qələbəni onlara yaşadan ölkə başçısına təşəkkürlərini bildiriblər. Qeyd ediblər ki, bu gün onların hər biri cəbhənin təmas xəttində Ali Baş Komandanın döyüş əmrinə hər an hazırdılar. Son zamanlarda imzalanan fərman və sərəncamların əhəmiyyətindən danışan rayon sakinləri, ölkə başçısının diqqət və qayğısını hər zaman hiss etdiklərini bildiriblər. Məcburi köçkünlər üçün nəzərdə tutulan aylıq müavinatın artırılması isə onların yaşayış şəraitinin daha da yaxşılaşmasına böyük dəstək olduğunu qeyd ediblər.
Millət vəkili seçicilərin sosial, məşğulluq, əmək, mənzil, əmlak və digər məsələlərlə bağlı müraciət və şikayətlərini dinləyib. Müraciət edən vətəndaşların üzləşdiyi problemlərin və qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunub.