Müğənni Rüfət Axundov “Space” telekanalında efirə yaraşmayan ifadələr işlətdiyinə görə aparıcı və səs rejissoru vəzifəsindən azad edilib.
Bunu Modern.az-a Milli Teleradio və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Asəf Hacıyev bildirib.
A.Hacıyev qeyd edib ki, həmin görüntülər efirə getdikdən dərhal sonra “Space” telekanalının rəhbərliyinin iştirakı ilə protokol tərtib olunub və Yasamal rayon Məhkəməsinə göndərilib. Biz eyni zamanda, aparıcı və efir rejissorunun işdən uzaqlaşdırılmasını tələb etdik. Telekanal tərəfindən bizə verilən məlumata görə, aparıcı Anar Vaqifoğlu və efir rejissoru Etibar Mustafayev artıq işdən azad olunub. Bu gün verilişin aparıcılığı Çingiz Əmədova həvalə edilib”.
MRTŞ rəsmisinin sözlərinə görə, bütün televiziya və radiolara Rüfət Axundova efir qadağasının tətbiq edilməsi təklifi irəli sürülüb:
“Biz görüntüləri dəqiqliklə araşdırdıq. Rəşad İlyasovun heç bir qəbahəti yoxdur. Mahnını Rüfət Axundov oxuyur və həmin ifadəni də özü işlədir. Mətbuat yazır ki, Rəşad İlyasova da efir qadağası qoyulub, bu doğru deyil. Qurunun oduna yaş niyə yanmalıdır? Dünən Rəşad İlyasov İctimai Televizyanın konsertinə buraxılmayıb. Halbuki, bizim onunla bağlı qadağamız yoxdur”.
Aparat rəhbəri qeyd edib ki, Rüfət Axundov üçün efir qadağası 3 ayadək davam edə bilər:
“Biz telekanallara rəsmi yox, şifahi müraciət etmişik. Qalanı onların öz vicdanlarına qalan məsələdir”.
A.Hacıyev Rüfət Axundovun “İnstagram” hesabında “mənim heç bir qəbahətim yoxdur, həmin görüntülər montajdır” açıqlamasına cavab olaraq, “Rüfət Axundovun özünün yaydığı görüntülər montajdır” deyib:
“Bizim onunla nə qərəzimiz var ki? Montaj onun yaydığı videodur. Adi tamaşaçı da Rüfət Axundovun paylaşdığı videonun montaj olduğunu anlayar. Canlı efirdə kim onun işətdiyi ifadəni montaj edə bilər ki? Axı həmin veriliş canlı yayımlanıb. Sadəcə aparıcı və efir rejissoru dərhal reaksiya verməyiblər. Rüfət Axundovla bizim nə problemimiz var? O özü özünə problem yaradıb. Gərək insanın səviyyəsi, mədəniyyəti olsun. Lap deyək ki, mikrofon bağlanıb, bəs sənin səviyyən hanı?”