Lerikdə Azərbaycanın 10 milyonuncu sakininin anadan olması münasibətilə silsilə tədbirlər keçirilib.
Modern.az xəbər verir ki, bu münasibətlə Lənkəran-Lerik avtomobil yolunun 54-cü kilometrliyində ağacəkmə aksiyası təşkil olunub.
Lerik Rayon İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən aksiya zamanı 600 ədəd sərv, küknar və ərik ağacı əkilib.
Sonra Lerik Rayon İcra Hakimiyyətinin, Rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Meydanında konsert təşkil olunub.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov rayon sakinlərini əlamətdar hadisə münasibətilə təbrik edib. “Azərbaycan Prezidentinin həyata keçirdiyi islahatların nəticəsidir ki, ölkə iqtisadiyyatı, qeyri-neft sektoru inkişaf edir, xalqımızın həyat şəraiti ildən-ilə yaxşılaşır”, - deyən R.Bağırov əhalinin sayının ilbəil artmasını sosial rifahın yüksəlməsi kimi qiymətləndirib.
Sonra Rayon Mədəniyyət Mərkəzinin kollektivinin hazırladığı konsert proqramı nümayiş etdirilib, atəşfəşanlıq olub.