Modern.az

Azərbaycanlı səfirin əsəri Bişkekdə tamaşaya qoyuldu

Azərbaycanlı səfirin əsəri Bişkekdə tamaşaya qoyuldu

Aktual

9 Aprel 2019, 13:50

Qırğızstanın paytaxtı Bişkekdəki Çingiz Aytmatov adına Rus Akademik Milli Dram Teatrı Azərbaycanın bu ölkədəki səfiri, yazıçı Hidayət Orucovun “Bu dünyanın adamları” əsərini tamaşaya qoyub.

Modern.az-ın məlumatına görə, tamaşanın premyerasından öncə çıxış edən teatrın bədii rəhbəri Akimbek Tekeşov bildirib ki, 1982-ci ildə Hidayət Orucovun yazdığı bu qəmli komediya o vaxtlar televiziya tamaşası ilə təqdim edilib, lakin sovet rejimi tamaşanı dərhal bağlayaraq, təkrar göstərilməsinə icazə verməyib.

“Əsərin ən böyük uğurları Azərbaycan müstəqilliyini bərpa etdikdən sonrakı dövrünə təsadüf edib. Gələn il 150 illiyi yubileyini qeyd edən, Müsəlman Şərqinin ilk peşəkar teatrı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində məşhur aktyorların ifasında əsər 116 dəfə oynanılıb. Qafqazda ilk rus teatrı olan Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Akademik Dram Teatrında uzun illər tamaşası “Mənzil” adı ilə göstərilib. Həmçinin əsər Türkiyənin məşhur Ankara Bələdiyyə teatrında səhnələşdirilib”.


Tamaşanın quruluşçu rejissoru Valeriy Kraynov, quruluşçu rəssamı Jumabek Bazarbayev, bəstəkar Azərbaycanın xalq artisti Eldar Mansurovdur.


İkihissəli səhnə əsərində Qırğızstanın Xalq artistləri Anatoliy Adali, Larisa  Lyubomudrova, Əməkdar artist Bolot Tentimışov, teatrın gənc istedadlı, aparıcı aktyorları Vladimir Kislyak, Stanislav Kasyanov, Aleksandr Lebedev, Vyaçeslav Sova, Olqa Osokina, Mark Qlikman, Viktoriya Şarqunova, Boqdan Stepanyuk, Anastasiya Malkova, Aleksandra Masyaqina və Nikita Salimbayev rol alıb.


Qırğız Respublikasında akkreditə olunmuş diplomatik nümayəndəliklərin başçıları, Qırğızstanın tanınmış ictimai və mədəniyyət xadimləri, görkəmli ziyalıları, diaspor üzvləri, kütləvi informasiya vasitələrinin nümayəndələri tamaşaçılar arasında olublar.


İzlədikləri səhnə əsərindən çox böyük zövq aldıqlarını söyləyən qonaqlar, hadisələr bir-birini əvəz etdikcə tamaşaçıda da həyəcanın artdığını, iki hissəli tragikomediya janrında qoyulmuş əsərin çox yüksək dərəcədə hazırlandığını və aktyorların tamaşanı böyük ustalıqla oynadığını vurğulayıblar.


Müəllif Hidayət Orucov ilk tamaşadan sonra ərsəyə gətirilən tamaşa üçün peşəkar yaradıcı kollektivə təşəkkürlərini bildirib, onlarla xatirə şəkili çəkdirib.


Qırğızıstanın İctimai Teleradioyayım Korporasiyasının “Ala-Too 24” proqramında, həmçinin “NTS”, “ELTR” televiziya kanallarında tamaşadan süjetlər nümayiş etdirilib. Ölkənin ən populyar qəzeti olan “Veçerniy Bişkek”də görkəmli jurnalist Nina Nikipirovanın “Maskalar yırtıldı” adlı samballı məqaləsi çap olunub. Bundan başqa, Qırğızıstanın "Kabar", ”For.kg”, “Knews.kg”, “24.kg” və digər KİV-ləri bu premyeranı ölkənin mədəni həyatında əlamətdar hadisə kimi təqdim ediblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı